Bu ilin birinci rübündə Azərbaycanın dövlət borcu 24,5 milyard manat olub. Maliyyə Nazirliyi qeyd edib ki, borc Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizinə bərabərdir.
Bu borcun yalnız 32,6 faizi, 8 milyard manatı (4,5 milyard dollar) xarici borcdur. Yəni dövlət bu pulu xarici maliyyə qurumlarından və ya investorlardan alıb. Qalan hissə – 16,5 milyard manat isə daxili borcdur. Bu, əsasən dövlətin ölkə daxilində – banklardan və investorlardan istiqraz (borc kağızı) sataraq aldığı vəsaitdir. Son illərdə borcun əsas hissəsi məhz bu daxili borclar hesabına artıb.
Xarici borcun içində 3,3 milyard dollar kreditlərdən, təxminən 1,4 milyard dollar isə dövlətin xaricdə satdığı istiqrazlardan (avrobondlardan) ibarətdir.
Daxili borca baxanda isə ilin əvvəli ilə müqayisədə 1,3 milyard manat azalma var. Bu azalma dövriyyədə olan dövlət qiymətli kağızlarının azalması ilə bağlıdır. Amma hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payında dəyişiklik olmayıb və 8,8 milyard manat olaraq qalır.
Təkcə ilin ilk üç ayında dövlət büdcəsindən borcların qaytarılması üçün 1,3 milyard manat əsas məbləğ, əlavə olaraq isə 132,5 milyon manat faiz ödənilib.
Diqqət çəkən məqam odur ki, dövlətin qiymətli kağızlar üzrə ödənişləri kredit ödənişlərindən daha çoxdur. Bu isə sual yaradır: ölkədə birja bazarının inkişaf etmədiyi bir maliyyə mühitində, iqtisadi inkişafın zəiflədiyi dönəmdə belə borclanmalar hansı riskləri yarada bilər?
İqtisadçı Toğrul Vəliyev deyir ki, dövlət borcunu qiymətləndirərkən təkcə onun ÜDM-ə nisbətinə baxmaq kifayət deyil:
“Yəni ölkə iqtisadiyyatından, onun strukturundan və bu borcun hansı məqsədlə cəlb edilməsindən asılıdır”.
Onun sözlərinə görə, əgər borc iqtisadiyyatı inkişaf etdirmək üçün istifadə olunursa, bu normaldır:
“Amma hazırkı vəziyyətdə ölkə iqtisadiyyatı ciddi problemlərlə üzləşib. Son illərin nəticələrinə baxdıqda iqtisadi artımın çox zəif olduğunu görürük. Xüsusilə, bu il üçün, ən azı ilk dörd ayın nəticələrinə görə iqtisadi artımın, demək olar ki, olmadığını müşahidə edirik. Neft hasilatı aşağı düşür, eyni zamanda dövlət investisiyalarının həcmi də azalır”.
Ekspert deyir ki, borcun təhlükəli olub-olmadığını daha çox dövlətin gəlirləri müəyyən edir. Hazırda neft qiymətlərinin yüksək olması vəziyyəti qismən sabit saxlayır.
Toğrul Vəliyev həm də bildirir ki, dövlət borcu haqqında tam və açıq məlumat yoxdur. Xüsusilə dövlət şirkətlərinin borcları ilə bağlı şəffaflıq aşağıdır:
“Şəffaflığın olmaması nəticəsində ‘bütün dövlət qurumlarının borcu məhz budur’ demək düzgün olmazdı”.
Onun fikrincə, son illərdə hökumət xarici borcu azaltmağa, əvəzində daxili borcu artırmağa çalışır. Yəni xaricdən alınmış borcların bir hissəsi daxildə – istiqraz buraxmaqla ödənilir.
Bu isə yeni bir vəziyyət yaradır: dövlət artıq xarici qurumlara yox, daha çox yerli banklara borclu olur:
“Prinsip etibarilə bu iki borc forması arasında ciddi fərq olmaya bilər, çünki şərtlər aşağı-yuxarı eynidir. Banklar vəsaitlərini harasa yatırmaq istəyirlərsə, bunu dövlət istiqrazlarına yönəldirlər. Nəticədə dövlət daxili bank sektoru qarşısında öhdəlik daşıyır. Bunun yaxşı və ya pis olduğunu demək çətindir. Sadəcə, bu o deməkdir ki, bank sektoru müəyyən qrupların əlində toplanıbsa, onların dövlət büdcəsinə təsir etmək rıçaqları yaranır”.
İqtisadçı hesab edir ki, daha sağlam sistem üçün ölkədə inkişaf etmiş maliyyə və istiqraz bazarı olmalıdır. Belə bazarda həm vətəndaşlar, həm də şirkətlər rahat şəkildə investisiya edə bilməlidir.
O, həmçinin şəffaflığın az olmasını əsas problemlərdən biri kimi qeyd edir və xəbərdarlıq edir ki, gələcəkdə risklər arta bilər:
“Məsələn, 5 il sonra ödənişlərin həcmi 3-4 dəfə arta bilərsə, bu artıq dövlət büdcəsi üçün ciddi problem yarada bilər. Çünki dövlət büdcəsinin həcmi də ciddi şəkildə dəyişməyəcək, artım imkanları məhduddur. Digər tərəfdən, dövlət şirkətlərinin də öz borcları mövcuddur. Bu şirkətlərdə hər hansı maliyyə problemi yaranarsa, dövlət onları yenidən xilas etməyə çalışacaq. Eyni zamanda bu qurumların dövlət büdcəsi qarşısında da ayrıca borcları var. Ümumilikdə sistem tam şəffaf olmadığı üçün dəqiq qiymətləndirmə aparmaq çətindir”.