Daşkəsən sakini: “Sinəmdən elə vurublar, elə bil düşmən balasıyam…”

Foto: Meydan TV

Ruzi Bağırov: “Mən müharibə veteranıyam, medallarım da var, dövlətin, millətin mənafeyini qoruyanlara qarşı münasibət budur?”

Daşkəsən rayonunun Xoşbulaq kənd sakinləri deyir ki, kənddəki örüş yerləri tamam başqa rayon və şəhərlərdən olan sürü sahiblərinə satılıb. Onların sözlərinə görə, rayon rəhbərliyi buna etiraz edənləri isə polislərin vasitəsiylə cəzalandırır. Xoşbulaq sakinləri bildirir ki, sonuncu dəfə belə hal mayın 19-da yaşanıb və nəticədə bir neçə nəfər polis zorakılığına məruz qalıb.

“Məni döyə-döyə maşına basıb apardılar polis şöbəsinə…”

Bu barədə Meydan TV-yə danışan kənd sakinlərindən Ruzi Bağırov deyir ki, zorakılığa məruz qalanlardan biri də özü olub. Qarabağ müharibəsi veteranı olduğunu vurğulayan Bağırovun sözlərinə görə, Xoşbulaq sakinləri dolanışığını təsərrüfatla, heyvandarlıqla təmin etməyə çalışır. Buna da imkan vermirlər.

O, mayın 19-da yaşananları isə belə xatırlayır:

“Səhər saat 10-11 radələrində örüş sahəsinə çatanda gördük ki, kənar bir adam üçün orada çadır tikirlər. Halbuki, ora kənd sakinlərinin, o cümlədən kəndimizdən olan şəhid ailələrinin örüş sahələridir. Biz kənd camaatı olaraq, buna etiraz elədik ki, bura bizim ot tədarük elədiyimiz yerdir. Bu zaman polis maşınlarıyla polislər gəldi. 5 nəfər kənd sakinini, o cümlədən məni döyə-döyə maşına basıb apardılar polis şöbəsinə”.

33 yaşlı Ruzi Bağırov deyir ki, həm yolda aparılanda, həm də sonradan polis şöbəsində polislər tərəfindən döyülüb. Onun sözlərinə görə, bir gün polis şöbəsində saxlandıqdan sonra mayın 20-də buraxılıb. Üzərindəki xəsarət izlərinin qeydə alınmasından ötrü ekspertizadan keçmək istəyib, prokurorluğa da müraciət edib ki, ona göndəriş verilsin:

“Mənimlə birlikdə olan daha bir nəfərlə prokurorluğa getdik. Orada dedilər ki, göndərişi polisdən alın. Biz polisin hərəkətindən şikayətçiyiksə, gedək polisə deyək ki, bizə sizin hərəkətlərinizə görə ekspertizadan keçmək üçün sənəd verin? Məntiq yoxdur axı. Qabırğamın üstündə, döş qəfəsimdə xəsarət izləri, ağrılar hələ də qalır. Sinəmdən zərbəni elə vurublar, indi də çətinliklə nəfəs alıram. Elə bil düşmən balasıyam…”.

Ruzi Bağırov əlavə edib ki, bütün bu baş verənlər kənd sakinlərinin gözü qarşısında olub, xeyli şahidlər, üstəlik videogörüntü var.

Foto: Ruzi Bağırovun arxivindən

“Örüş yerləri başqalarına satılmasa, belə problemlər yaşanmaz”

Ruzi Bağırov polis zorakılığından şikayətçi olsa da, problemin kökündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin dayandığını düşünür. Onun fikrincə, Xoşbulaq sakinlərinin örüş yerləri başqalarına satılmasa, belə problemlər də yaşanmaz:
“İş yox, güc yox, bəs bu kəndli necə dolansın? Mən İkinci Qarabağ Müharibəsinin iştirakçısı olmuşam, medallarım var. Dövlətin, millətin mənafeyini qoruyan insanlara qarşı münasibət budur?”.

Xoşbulağın başqa bir sakini Sahib Məmmədzadə də həmkəndlisinin danışdıqlarının şahidi olduğunu təsdiqləyir. Deyir ki, Ruzi Bağırov və daha 4 nəfəri döyə-döyə apardılar:

“Səbəb də budur ki, adamlar torpaq alverinə etiraz edirdilər. Kənd ətrafı ərazidə eyni yerlər bir neçə nəfərə satılıb. Eyni əraziyə 3-4 nəfərin əlində sərəncam var. Birinə verilib, sonra onun sərəncamı ləğv olunub, başqasına satılıb. Nəticədə nə qədər adam üz-üzə qalıb. Dəfələrlə müraciət eləmişik, tədbir görülməyib. Sözünü deyən insanlara qarşı zorakılıq çıxış yolu deyil. Şəhid Eşqin Bağırovun anası Nazilə Bağırovanın üstünə maşın sürmək nə hərəkət idi?”.

Qarabağ döyüşlərində həlak olmuş Eşqin Bağırov Ruzi Bağırovun əmisi oğludur.

DİN: “Polislər tərəfindən döyüldüyünü bildirib, fakt təsdiqini tapmayıb”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Ruzi Bağırovun Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi haqda dediklərini təkzib edib. O, Meydan TV-yə açıqlamasında bildirib ki, Ruzi Bağırovun bu haqda dedikləri həqiqətəuyğun deyil:

“İlk növbədə qeyd edim ki, vətəndaşın Xoşbulaq kəndinə aid örüş yeri olaraq bildirdiyi torpaq sahəsi həm həmin kəndə aid deyil, həm də qanunsuz zəbt edilməyib. Sözügedən torpaq sahəsi ilə bağlı aidiyyəti qurumlarla Laçın rayon sakini İntiqam Tanrıverdiyev arasında hüquqi müqavilə bağlanılıb və onun icarəsindədir. Buna baxmayaraq, Ruzi Bağırov artıq bir neçə ildir ki, qanunsuz hərəkətlər edərək İntiqam Tanrıverdiyevə maneə yaratmağa çalışıb, buna görə inzibati məsuliyyətə də cəlb olunub. Sonuncu dəfə də həmin məsələ ilə bağlı tərəflər arasında münaqişə yaranıb. İcarədarın rəsmi müraciəti əsasında Ruzi Bağırov və 4 nəfər şəxs Daşkəsən Rayon Polis Şöbəsinə gətirilib, barələrində inzibati protokol tərtib olunub. Ruzi Bağırov 4 gün sonra döyülməsi ilə bağlı müraciət edib. İlkin ifadəsində tanımadığı şəxslər, sonrakı ifadəsində isə tanımadığı polislər tərəfindən döyüldüyünü bildirib. Araşdırmalar zamanı bu fakt da öz təsdiqini tapmayıb”.

Ana səhifəBölgəDaşkəsən sakini: “Sinəmdən elə vurublar, elə bil düşmən balasıyam…”