Daha üç siyasi məhbus karsa salınıb

İllüstrasiya ChatGPT ilə hazırlanıb

Umbakı Penitensiar Kompleksində saxlanılan Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Toplum TV-nin jurnalisti Fərid İsmayılov və DTİ əməkdaşı Ramil Babayev avqustun 21-də cərimə kamerasına (kars) salınıblar.

Məlumata görə, onların karsa salınmasına səbəb avqustun 19-da III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və DTİ əməkdaşı Əli Zeynalın karsa salınmasına etiraz etmələri olub.

III Respublika Platformasının qurucu heyət üzvü Araz Əliyev Meydan TV-yə bildirib ki, avqustun 21-i Fərid İsmayılov və Ramil Babayevin ailələri ilə telefonla danışıq günü olub.

“Onlar karsa salındıqları üçün digər məhbuslar vasitəsilə ailələrinə bu barədə məlumat verilməsini istəyiblər”, – Araz Əliyev bildirib.

Onun sözlərinə görə, hər üç şəxsə 5 günlük kars cəzası verilib. Müddətin belə müəyyənləşdirilməsinin səbəbi onların Ruslan İzzətli və Əli Zeynalla eyni gündə karsdan çıxmasının nəzərdə tutulmasıdır.

Ruslan İzzətli 7 gün, Əli Zeynal 6 gün, Akif Qurbanov, Ramil Babayev və Fərid İsmayılov isə 5 gün karsda saxlanılacaq.

Avqustun 19-da Ruslan İzzətli və Əli Zeynal Umbakı Penitensiar Kompleksində içməli su probleminə etiraz etdikləri üçün karsa salınmışdılar. Onlara müvafiq olaraq 7 və 6 günlük kars cəzası verildiyi bildirilmişdi.

Penitensiar Xidmət məsələyə münasibət bildirməyib.

“Toplum TV işi” üzrə həbslər 2024-cü ilin martında başlayıb. 2026-cı il iyulun 27-də iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli 15 il, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və DTİ əməkdaşı Əli Zeynal 14 il, DTİ əməkdaşları Ramil Babayev və İlkin Əmrahov, həmçinin Toplum TV-nin videoredaktoru Müşfiq Cabbar 13 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Sonradan onlara qarşı irəli sürülən ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Məhkəmə prosesində üzərinə həbs qoyulmuş avtomobil və evlərin müsadirə olunmasına da qərar verilib.

Son illər Azərbaycanda oxşar ittihamlarla 30-a yaxın jurnalist və ictimai fəal həbs edilib. Onlar ittihamları siyasi motivli hesab edirlər. Rəsmilər isə ölkədə siyasi həbslərin olduğunu təkzib edirlər.

Ana səhifəXəbərlərDaha üç siyasi məhbus karsa salınıb