Durbin Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını istəyir
Daha bir amerikalı senator – Dick Durbin (Dik Durbin) Qubad İbadoğlu və Bəxtiyar Hacıyevlə bağlı çağırış edib.
Bu barədə senator “X” (keçmiş tvitter) səhifəsində məlumat paylaşıb.
“Prezident Əliyev hökuməti tərəfindən haqsız yerə həbs edilən siyasi məhbuslar Qubad İbadoğlu və Bəxtiyar Hacıyevi də unutmaq olmaz. Onlar dərhal azad edilməlidir“, – deyə senator qeyd edib.
Dick Durbin sayca 4-cü ABŞ senatorudur ki, Qubad İbadoğlunun həbsinə etiraz edir.
Bundan əvvəl isə amerikalı senatorlar – Bob Menendez, Ben Karden və Marco Rubio hakimiyyəti həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxmağa çağırmışdı.
“Mən Qubad İbadoğlunun Rutgersdəki həmkarlarının, eləcə də ailəsinin yanındayam və Dövlət Departamentini Azərbaycan hökuməti ilə bütün təmaslarda onun azadlığa buraxılmasını prioritet tutmağa çağırıram”, – deyə Menendez bildirmişdi.
Amerikalı senator Ben Karden isə Azərbaycandakı həbsləri və Qubad İbadoğluna təzyiqləri belə qiymətləndirmişdi:
“Azərbaycan hökumətinin azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğlunun siyasi motivli həbsi ölkədə müstəqil səsləri dəhşətli şəkildə boğması diqqəti daha da artırır“.
“O, təkcə saxta cinayətlərdə ittiham olunmayıb, onun həm də özü və həyat yoldaşının həbsi zamanı şiddətli döyüldüyü və həbsdə olarkən ona tibbi yardım göstərilmədiyi barədə xəbərlər eşidirik. Mən onu dərhal azad etməyə çağırıram”, – deyə Karden vurğulamışdı.
“Cənab İbadoğlunun yeganə günahı həqiqəti söyləmək olub. O, dərhal azad edilməlidir“, – bunu isə senator Marco Rubio demişdi.
ABŞ Konqresinin Qlobal İnsan Hüquqları Alt Komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit də İlham Əliyevi Qubad İbadoğlunu azad etməyə çağırmışdı.
“Əgər o, haqsız yerə həbsxanada olarkən vəfat edərsə və ya sağlamlığına daimi ziyan dəyərsə, bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”, – deyə Kristofer Smit bildirmişdi.
Avqustun 12-də isə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Washington Post” qəzetində Qubad İbadoğlunun həbsini pisləyən məqalə yazıb.
O, ABŞ-a azərbaycanlı məmurlara sanksiya qoymağa çağırış edib.
Qubad İbadoğlunun həbsi
Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.
Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.
FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.
Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.
Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.
Bir neçə gün öncə isə Qubad İbadoğluna yeni ittiham irəli sürülüb.
O həm də Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə (dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) ittiham edilib.
Qubad İbadoğlu isə biu ittihamı absurd sayıb.