Dəmir qəfəsdən yazılan məktub: Həqiqəti deməyin bədəli

Şəmşad Ağa

Şəmşad Ağa. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağa Bakı İstintaq Təcridxanasından oğluna məktub yazıb:

Salam, oğlum! Bu məktubu sənə hər tərəfi tikanlı məftillərlə və dəmir barmaqlıqlarla əhatə olunmuş bir məkandan yazıram. Ölkəmizdə hansı siyasi sistemin və kimlərin idarəçiliyinin olduğunun fərqində idim. Ölkədə hər günü son gün kimi yaşayan adamların hər an repressiya və həbsə məruz qalması adi hala çevrilib…

Biz zalımın zülmünə məruz qalanların səsi olduğumuz üçün buradayıq və bu tale, bu qədər öz seçimimizdir. Şəxsən mən bu seçimimdən peşman deyiləm, amma ölkəmizdə baş verənlərə görə təəssüflənirəm. Hazırda ölkəmizin elə bir dövründə yaşayırıq ki, hər bir vətəndaşın – fərqi yoxdur “siyasətə qarışır, ya qarışmır” – həyatı risk və təhlükə altındadır.

Hər bir atanın evdən bir tikə çörək dalınca çıxıb qayıtmamaq, narkotik, silah və müxtəlif metodlarla şərlənib uzun müddət övladlarından ayrı düşmək ehtimalı, qorxusu var. Burada qarşılaşdığımız yüzlərlə günahsız məhbus həmin şərlənmiş atalardır. Onların heç biri “siyasətə”, ölkədə baş verənlərə qarışmayıb, bu qədər ədalətsizliklərə susan, yalnız axşam qayıtmaq ümidi ilə səhər evdən çıxıb cüzi qazancla günəmuzd işləyən fəhlələr, taksi sürücüləri, Qarabağ qaziləri və müxtəlif təbəqələrdən olan adamlardır.

Yaşadıqları acılardan hiss olunur ki, ölkədəki istibdadın qamçısı onların kürəklərində dərin və iri çapıqlar buraxıb. Onlar hər gün mavi ekranlarda səsləndirilən “siyasi sabitlik və asayiş” şüarları altında əzilən, əzilərək qürurları tapdanan atalardır. Bu adamların hər birinin hekayəsini dinləyəndə Tolstoyun məşhur bir xatirəsi gözlərimin önündə canlanır: “Anamız həmişə bizə deyirdi ki, atanız evə gələndə onun üzünə gülümsəyin, çünki çöldə həyat vahiməlidir və ataları əldən salır”. Bəli, bütün bunlar hər gün ölkəmizdə yaşanır və bunlar yaşanmasın deyə biz həqiqətləri demək, yazmaq məcburiyyətindəyik.

Həqiqətləri dilə gətirdiyimiz üçün də zalımın zülmünə məruz qalmışıq. Özümüzdən əvvəlki nəsillərin səhvlərinin qurbanı olduğumuz üçün bizdən sonrakı nəsillərin də bizim səhvlərimizin qurbanı olmasını istəmirik. Bugünkü – avtoritarizmin ən sərt və zalım idarəçiliyi dövründə – çabalarımız da ona görədir ki, sizlər daha azad, firavan və ləyaqətli bir cəmiyyətə, məmləkətdə yaşayasınız.

Bu üzdən şairi məddah, yazıçısı yaltaq, ziyalısı qorxaq, sənətkarı dilənçi, vətəndaşı müti, məmuru oğru, məhkəməsi ədalətsiz, müəllimi saxtakar, həkimi qəssab, jurnalisti yalancı, siyasətçisi ziyankar olan bir məmləkətdə insanlığın göz görə-görə məhv edildiyinə susa bilmədik, çünki bu gün baş verənlərə görə gələcək nəsillər bizi də sorğulayacaqlar. Unutma ki, bu gün bizi dəmir qəfəsə məhkum edənlər, Cavidləri, Müşfiqləri, bu vətənin gələcəyi üçün canından və qanından keçən cümhuriyyətçiləri Sibirə sürgün edənlərin, güllələyənlərin varisləridir. Bəlkə də indi bu yazdıqlarımın o qədər də fərqinə varmayacaqsan, amma əminəm ki, vaxt gələcək bu gerçəklikləri anlayıb mənə haqq verəcəksən.

Sənə tarixdən daha bir faktı xatırladım: Həsən bəy Zərdabi vəfat edəndə dəfnində böyük izdiham yaşanıb. O izdihamın qarşısında Əhməd bəy Ağaoğlunun məşhur çıxışındakı xitabı belə idi: “Ey müqəddəs ruh, indi ki gedirsən o dünyaya, gedib yapışarsan babalarımızın yaxasından ki, a kişilər, bu necə Vətəndir bizə qoyub getmisiniz…” Bax biz yaxamızı gələcək nəsillərin əlinə verməmək üçün buradayıq, çünki gələcək nəsillərin intiqamı ağır olur. Allah bu yolda bizi müvəffəq, sizi məsud etsin!

Əziz Məhəmməd, möhkəm ol, həmişə irəli bax, dərslərinə ciddi yanaş və məni uğurlarınla sevindir. Selcana yazdığım kimi sənə də məşhur ispan məsəlinə xatırlatmağa gərək var: Gördün ki, arxanca gələn yoxdur, ruhdan düşmə, yolunu tək get. O yol səni mütləq ünvanına aparacaq.

Səni sevirəm, oğlum!

Ana səhifəHəbsxanadan məktublarDəmir qəfəsdən yazılan məktub: Həqiqəti deməyin bədəli