Corc Kluni Fondu rusiyalı hərbçilərin törətdikləri cinayətlə bağlı Almaniya prokurorluğuna ərizə verib

Corc və Amal Kluni. Foto: Fred Duval/shutterstock

“Onları Türkiyəyə dincəlməyə gələn kimi həbs edəcəklər”

“Novaya qazeta.eu”nun materialı

Amerikalı aktyor və rejissor Corc Kluni və arvadı vəkil Amal Kluninin hüquq-müdafiə fondu (Clooney Foundation for Justice) bu təşkilatda fəaliyyət göstərən hüquqşünasların Almaniya prokurorluğuna üç ərizə verməsi barədə xəbər dərc edib. Bu ərizələr rusiyalı hərbçilərin Ukraynada törətdikləri hərbi cinayətlərlə bağlıdır. Hüquq müdafiəçiləri bu hərbçilərin həbs olunması üçün orderin verilməsinə çalışır və onların günahkar olması ilə bağlı əllərində tutarlı dəlillərin olduğunu söyləyirlər. Söhbət Ukrayna ərazisində seçici olmayan raket zərbələrində, işgəncələrdə, edamlarda və zorlama hadisələrində əli olduğu ehtimal edilən iyirmiyədək orta və yüksək rütbəli komandirdən gedir.        

“Ədalət naminə” Hüquq-müdafiə Fondu

“Ədalət naminə” Hüquq-müdafiə Fondu (CFJ) Hollivud aktyoru Corc Kluni və arvadı Amal Kluni tərəfindən yaradılıb. Fondun məqsədi bütün dünyada insan haqlarının kütləvi şəkildə pozulması hallarının dəlillərini yığmaq və cinayətkarları məsuliyyətə cəlb etməkdir. Kluninin fondu cinayət qurbanlarına hüquqi dəstək təklif edir. Təşkilat dünyanın 40 ölkəsində, o cümlədən Ukraynada fəaliyyət göstərir. Fond əməkdaşları Anna Neystatın rəhbərliyi altında bu ölkədə başlayan müharibənin ilk günlərindən “The Docket” (“Dosye”) proqramı çərçivəsində hərbi cinayətləri araşdırır və sənədləşdirir. 

Fond AFR prokurorluğuna cinayətkarlarla bağlı təfərrüatlı dosye təqdim edib. Bu materiallar həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğuna verilib. CFJ-nin dərc etdiyi press-relizə görə, təşkilat ya özləri, ya da qohumları rusiyalı hərbçiləri tərəfindən zərər çəkən 16 adamın maraqlarını təmsil edir. Üstəlik hüquq müdafiəçiləri qurbanların təhlükəsizliyini təmin etmək məqsədilə istintaqda adı keçən zərərçəkənlərin adlarını və konkret coğrafi lokasiyalarını gizli saxlayırlar. 

“Əgər Almaniya hakimiyyəti konkret günahkarlara qarşı təqdim edilmiş dəlilləri inandırıcı sayarsa, onlar cinayət istintaqına başlaya və şübhəli bilinən şəxslərin həbs olunması üçün order verə bilərlər. Bu isə şübhəliləri həbs etməyə, ektradisiya etməyə və cinayət məsuliyyətinə cəlb etməyə imkan verər”, – press-relizdə yazılıb. 

Hüquq müdafiəçiləri əmindirlər ki, Almaniya prokurorluğu bu işlərin istintaqını sona çatdıra bilər, belə ki, Almaniyada “absolyut universal yurisdiksiya” işləyir”.

Cinayət istintaqı Almaniya hüdudunda törədilmiş beynəlxalq cinayətlərə münasibətdə açıla bilər. Üstəlik Almaniya beynəlxalq cinayət istintaqında zəngin təcrübəyə malik Avropa ölkələrindən biridir. Burada, məsələn, İŞİD və Suriya hakimiyyətinin törətdiyi cinayətlər üzrə istintaq gedib.  

Almaniya prokurorluğuna və BCM-nə müraciət Kluni fondunun Ukraynada apardığı böyük işin yekunu olub. Bu iş zamanı üç nümunə araşdırılıb ki, hər birinin də öz qurbanları və şübhəliləri var. Misalların təfərrüatı və hüquq müdafiəçilərinin onların üzərində necə işləməsi barədə “Novaya qazeta”ya “The Docket” fondu proqramının rəhbəri Anna Neystaq danışıb:  

“The Docket” fondu proqramının rəhbəri Anna Neystaq

“Birinci halda söhbət təyyarə gəmilərinin məhv edilməsi üçün nəzərdə tutulmuş X-22 raketlərinin  qeyri-seçici şəkildə tətbiqindən gedir. Onların son dərəcə dağıdıcı xüsusiyyəti var. Bizdə olan məlumata görə, Odessa vilayətindəki qəsəbəyə zərbə endirərkən məhz bu raketlərdən istifadə ediblər. Nəticədə 22 adam həyatını itirib, 40 nəfərsə yaralanıb. Odessa vilayətindəki atəşə tutma hadisəsində biz 11 zərərçəkənin maraqlarını təmsil edirik. Zərərçəkənlərdən iki oğlan sağ qalsa da, valideynlərini itirib, onları qohum qadın təmsil edir. Yerdə qalanlarsa həlak olanların qohumlarıdır. Zərbə istirahət bazasına və yaşayış evinə dəyib, hər ikisində mülki vətəndaşlar olub. Orada heç bir hərbi obyekt olmayıb. Bizə ərizə verənlərdən biri ağır yaralanıb, lakin sağ qalıb. Onun gözləri önündə 12 yaşlı oğlu və arvadı ölüb. Digər qadının həmin evdə yaşayan yaşlı valideynləri həlak olub.       

İkinci hadisədə söhbət Xarkov vilayətində dörd kişinin qətlə yetirilməsindən gedir. Hüquq müdafiəçiləri onların işgəncəyə məruz qaldıqlarını, sonra edam olunduqlarını ehtimal edirlər.”

“Adamların dördü də ənsəsindən güllələnib. Bu iş üzrə müraciət edənlər qətlə yetirilən üç qurbanın qohumu olub, hüquq müdafiəçiləri dördüncü adamın ailəsini tapmağa müvəffəq olmayıb”, – Anna deyir.   

CFJ-nin araşdırdığı üçünçü hadisə müharibənin lap əvvəlində baş verib, həmin vaxt Rusiya ordusu Kiyev vilayətinin bir hissəsini işğal edib. Hüquq müdafiəçilərinin məlumatına görə, Kiyev vilayətinin rayonlarından birində, Ukrayna paytaxtından şimal-şərqdə Rusiya qoşunları kəndin yaxınlığında nizamsız atəş açaraq, dinc sakinləri qətlə yetirib və ağır yaralayıb. Bununla yanaşı, işğalın ilk bir neçə həftəsində insanlar qətlə yetirilib, zorakılığa məruz qalıb və oğurlanıb.       

Yerli administrasiyanın məlumatına görə, həmin vaxt 177-dən çox dinc sakin qətlə yetirilib, 266 ev tamamilə dağıdılıb (o cümlədən 70 bina qəsdən yandırılıb), 17 məktəb və uşaq bağçası da daxil olmaqla, 2400 mülki obyekt zərər görüb və qismən dağıdılıb.  

Hüquq müdafiəçiləri ən azı 28 mülki vətəndaşın edamını, beş zorlama hadisəsini, o cümlədən səkkiz nəfərə münasibətdə qəddar davranış və işgəncə qeydə alıb.

Cəmi üç epizodda 21 şübhəlinin adı çəkilir: onlardan üçü Odessadakı atəşə tutmaya görə məsuliyyət daşıyır, beşi Kiyev vilayətindəki qətllərdən şübhəli bilinir və on üç nəfərin adı Xarkov vilayətindəki dinc sakinlərin edamı ilə əlaqəlidir. Və bunlar təkcə şəxsiyyətləri müəyyən edilmiş kəslərdir. Bir sıra hallarda araşdırmaçı jurnalistlər cinayət törədilməsində şübhəli bilinən rusiyalı hərbçilərlə əlaqə saxlamağa müvəffəq olublar. Lakin CFJ hüquq müdafiəçiləri onlar həbs olunanadək adlarının məxfi saxlanılmasını qərara alıblar. Ehtimal ki, belə olan təqdirdə cinayətkarları yaxalamaq şansı daha yüksəkdir.

Anna Neystat bunun necə baş verəcəyini izah edir:

“Şübhəlilər bu barədə heç nə bilməməlidirlər. Onların həbsinə möhürlü orderlər veriləcək. Məsələn, şübhəliləri Türkiyəyə dincəlməyə gələrkən həbs edəcəklər. Bunun üçün İnterpol və Avropol sistemi mövcuddur. Əgər AFR bizim dəlillərlə razılaşarsa və bu şəxslərin həbsinə order verərsə, bu qərar İnterpol sistemi vasitəsilə avtomatik olaraq, Aİ-yə və Türkiyə, Ərəb Əmirlikləri də daxil olmaqla, digər ölkələrə yayılır. Bu şəkildə ekstradisiyaya müvəffəq olmaq mümkündür”.      

Ana səhifəDünyaCorc Kluni Fondu rusiyalı hərbçilərin törətdikləri cinayətlə bağlı Almaniya prokurorluğuna ərizə verib