Çernobil fəlakətinin ildönümü: təcrid zonasına yaxın həyat

Zelenaya Polyana kəndindən reportaj

Source:

Zelenaya polyana, Polesye rayonu, Kiyev bölgəsi
Zelenaya polyana, Polesye rayonu, Kiyev bölgəsi


Zelenaya Polyana kəndindən reportaj

Donbass hərbi əməliyyatlar zonasından olmuş 1.4 milyon qaçqın Ukraynada qeydiyyatdan keçib. Bu insanlar yeni bir həyat başlamaq cəhdi ilə ölkənin müxtəlif bölgələrinə köçüb. Bəziləri demək olar ki, Çernobıl təcrid zonasında yaşamağa getdilər – rəsmi olaraq radioaktiv təhlükəli hesab olunmayan, ancaq giriş qadağası olan ərazi ilə qonşuluq edən yerlərə.

“Qromadskoye” Kiyev bölgəsində belə bir kənddən gələn bir qaçqın ailəsinin hekayəsini danışır.

Kiyev bölgəsinin Zelenaya Polyana kəndindən Çernobıl təcrid zonasının başlanğıc nöqtəsi olan Polesskoyeyə olan məsafə 9 kilometrdir. Bölgənin özündəki kəndlərlə müqayisədə, Zelenaya Polyana qeyri-adi baxımlı görünür, baxmayaraq ki, burada çox sayda tərk edilmiş evlər var. Qalanlarda isə insan əli dəydiyi görünür. Sütunlarda leyləklərin yuvası, kiçik yaşıl çəmənlikdə bir at otlayır, kiminsə qazları yol boyunca gəzir. Sonra – meşə, daha sonra isə – təcrid zonası var.

İndi burada 300 yaxın insan yaşayır. Bir çoxu qəzadan sonra çıxıb gedib, qalanları isə daha sonra. Kənddə iş yoxdur, ancaq yerli meşə təsərrüfatı var, orada da uzağı iyirmi nəfər işləyir. İnsanlar Kiyevə gedir, ona qədər isə 150 kilometr yol var. Buna görə də sonda birdəfəlik çıxıb gedirlər. Artıq kəndin girişində kiminsə burada qalmamağa üstünlük verdiyinə əmin olursan – elə ilk evin üzərində “satılır” yazısı görünür.

“Elələri var ki, özləri gedib, evləri qalıb, – Zelenaya Polyana kənd sovetinin sədri Yekaterina Vitkovskaya belə danışır. Xüsusi ləhcəsi var – surjik və sait hərflərin yumşaq səslənişi. Polesyedə çoxu belə danışır: “Onlar satmaq istəyirlər, ancaq indi alıcı yoxdur”.

Gedən insanların bəziləri qaçqınlar üçün internetdə reklam qoyurlar – boş evlər var, kim istəyirsə, gəlsin. Cəmi beş ailə gəlib. İndi sadəcə ikisi qalıb. Yekaterina Vitkovskaya danışır ki, bəziləri Kiyevə gedib, digərləri Donbassa qayıdıb:

“İş yoxdu, ancaq həyət-bacada çalışırlar. Onunla da yaşamaq olmur. Pul lazımdır. Görünür, elə ona görə də gedirlər”.

Zelenaya Polyana kənd sovetinin sədri Yekaterina Vitkovskaya, Polesye rayonu, Kiyev bölgəsi
Zelenaya Polyana kənd sovetinin sədri Yekaterina Vitkovskaya, Polesye rayonu, Kiyev bölgəsi

Vergi idarəsini axtarırdım – ora isə kərpic yığınıdır

Lera altı aydır Zelenaya Polyanada yaşayır. O, buraya Donetsk bölgəsinin Snejnoe şəhərindən gəlib. İndi ora separatçıların nəzarəti altındadır, 2014-2015-ci illərdə isə davamlı atışmalar var idi. Heç indi də səngiməyib. Lera uzun müddət tərəddüd edib – getsin, ya getməsin. Üç uşağı var – böyüyü Sergeyin 10, ortancıl Olenin 7, ən balacanın, Sonyanın isə 2 yaşı var. Elə məhz Sonyanın anadan olması Snejnayadan ayrılmaq üçün son arqument olub.

Demarkasiya xətti ilə gediş-gəliş başlanıb – Sonyanın Ukrayna idarəçiliyi altındakı torpaqlarda qala bilməsi üçün sənədlərini qaydaya salmalı idi. Getmək fikri çoxdandır ki, yetişmişdi və sonunda Lera qəti qərar qəbul edib. Çox çətin olduğunu etiraf edir, – xüsusilə yaxınları getməyi rədd edib.

“Uşaq doğuldu, sənəd düzəltmək lazım idi, – Lera yadına salır. – Yadımdadır, hardasa vergi idarəsi var idi. Gəzirəm, axtarıram – heç yerdə yoxdur. Yoldan keçənlərdən soruşuram, deyirlər ki, odur vergi idarəsi, bax. Baxıram ki, kərpic yığınıdır, başqa heç nə. Yenə də gecələr partlayışlar olur. Nə isə, bir anda ağır atışma başlandı. Başa düşdüm ki, getmək lazımdır. Belə şəraitdə uşaqları orada qoymaq çox təhlükəli olardı”.

Lera danışdığı müddətdə balaca Sonya ora-bura qaçır, maraqla ətrafda baş verənlərə izləyir. Bərkdən qışqırır: “Dayı, xala, məstan!” və səbrlə ona tab gətirən qonşunun pişiyini bərk-bərk qucaqlayır. Böyük uşaqlar isə qonşu kənddəki məktəbdədir. Səhər saatlarında avtobusla gedib, gündüz qayıdırlar – Lera isə o vaxtda ev işlərini görür. Düzdür, o, böyük deyil – ev və balaca həyəti. Və ortancıl qızın budaqlardan və kəndirdən düzəltdiyi balaca ev.

Zelenaya Polyana sakini Lera və qızı Sonya – Donetsk bölgəsi Snejnayadan köçənlər, Polesye rayonu, Kiyev bölgəsi
Zelenaya Polyana sakini Lera və qızı Sonya – Donetsk bölgəsi Snejnayadan köçənlər, Polesye rayonu, Kiyev bölgəsi

Lera bu evə demək olar ki, təsadüfən gəlib – tanışları öyrənib ki, o, Snejnayadan köçür, ona burada, Zelenaya Polyanada yaşamağı təklif ediblər. Ona qədər də bu evdə Luqanskdan olan ailə yaşayıb, ancaq onlar burada səliqə-səhman yarada bilməyiblər və geri, “Luqansk Xalq Respublikası”na qayıdıblar.

Snejnayadan Lera əliboş gəlib – qorxub ki, demarkasiya xəttində problemlər olar. Ancaq nəzarət nöqtəsində əsgərlər dəstək olmağa çalışıblar:

“Görürlər uşaq var. Deyir, balaca, sənlə deyiləm? Sonya. Zarafatlaşdılar, hətta qalan insanlar belə dəstək oldular. Baxırsan ki, əlisilahlı insanlardır. Ancaq belə də olur”.

Demək olar hamı Snejnayada qalıb – valideynlər də, dostlar da, xüsusi mənzil də. Bəzi əşyaları qohumlar sonradan göndəriblər, ailə rahatlaşıb. Baymayaraq ki, Lera özü buradadır. İlk əri ilə çoxdan boşanıb, ikinci isə Sonyanı gözləyəndə çıxıb gedib. Öz şəxsi dramı haqqında Lera sakitcə və səsində narazılığı olmadan danışır – bəlkə hər şey artıq unutulub, bəlkə də vaxtı deyil. Lakin, ümumiyyətlə, Lera güclü şəxsiyyət təəssüratı buraxır. Başqa ehtimaldır ki, evdən uzaqlaşmağa cəsarət etməzdi: burada çox çətinliklər var.

“Ən elementar, – sənəd (köçkün üçün) düzəltmək, məsələn, – Lera danışır. – Rayon mərkəzinə getmək lazımdır, oraya gedən avtobus isə ancaq səhər saat 7-də və 11-də olur. Əgər 7-də getsən – uşaqlar özləri məktəbə gedəcəklər, 11-də getsən – uşaqları özləri məktəbdən qayıdacaqlar. Beləliklə də, hələ ki, biz sənədsizik”.

Kənddə yaşayış

Zelenaya Polyana təcrid bölgəsinə girməyib və digər qonşu kəndlərdəki kimi insanlar qəzadan sonra dərhal köçürülməyib. Ancaq yerlilər əmindir – radioaktiv bulud buraya da düşüb.

Evlərdən birində 80 yaşlı bir nənə bizi qarşılayır. Sadəcə Qalya olaraq təqdim edir özünü və o dəqiqə qonaqları nahara dəvət edir. O, bütün həyatını Zelenaya Polyanada yaşayıb və qəza gününü çox yaxşı xatırlayır.

—Kəndimiz köçürülmədi, lakin Çernobıldan o gün Martınoviçlə avtobuslar nəql edildi (təcrid zonasında, Zelenaya Polyananın 9 kilometrliyində kənd), — Qalya yadına salır, — apardılar və evlərdə məskunlaşdırdılar. Mənim evimdə 8 nəfər var idi. Nə deyəcəkdik ki? Əlbəttə, gəlin, içəri keçin, yaşayın, bəs necə!

—Beləliklə, burada radiasiya olmadı?

— Necə yəni olmadı? — Qalya, kiçik bir uşağa elementar bir şey izah edən insanlar kimi gülür. — Məsələn, kartof qapqara olmuşdu. Hamı deyir ki, şaxta vurmuşdu, bulud düşmüşdü axı. Göbələklər də, meyvələr də. Harda düşmüşdü – radiasiya çox olmuşdu.

Yerli sakin Qalina,  Zelenaya polyana, Polesye rayonu, Kiyev bölgəsi
Yerli sakin Qalina, Zelenaya polyana, Polesye rayonu, Kiyev bölgəsi

Kənd sovetinin sədri Yekaterina Vitkovskaya da deyir ki, radiasiya Zelenaya Polyanadan yan keçməyib:

“Bizdə dördüncü kateqoriyadır. Hesab edirlər ki, təmizdir. Hətta 3 kilometr uzaqlıqdakı kənddə üçüncü kateqoriyadır (üçüncü kateqoriya təcrid zonasının 30 kilometrliyinə girən yaşayış məntəqələridir – red.) Yaxınlıqda da hər yerdə üçüncü kateqoriyadır. Biz isə ortadayıq, baxmayaraq ki, Martınoviçə (təcrid zonasında yerləşən kənd) yaxınıq – bizə dördüncü kateqoriya veriblər, – deyə Yekaterina indicə ocağı qarışdırmaq üçün istifadə etdiyi dırmığa söykənərək deyir – Yəqin öz sayğaclarıyla ölçüblər, görüblər ki, hər şey qaydasındadır. Tanrıya şükür”.

Təcrid zonasının özündə köçkünlər yoxdur,- Vitkovskaya danışır – yalnız özbaşına yerləşənlər, onlar da, hardasa 80 nəfərdir. Oradan insanlar müntəzəm olaraq süd, çörək üçün gəlirlər və əgər zonada Donbassdan kimsə olsaydı, çoxdan bunun barəsində danışardılar. Əsasən köçkünlər belə, zonadan çox da uzaq olmayan kəndlərə gəlirlər – burada çoxlu boş ev var, ev sahiblərinin icazəsi olmadan da yerləşmək olar. Kirayə, təbii olaraq ödəmirlər, ancaq işlətdikləri işıq, qaz və suyun pulunu ödəyirlər. Çoxu üçün, bu, xilas olur. Baxmayaraq ki, Qalya əmindir, Zelenaya Polyanaya ona görə gəlirlər ki, buranın gözəl təbiəti var.

“Əlbəttə, təbiət, bəs necə! – Qalya qəti olaraq elan edir. — Burada gölməçə də var, qu quşu da var, balıq da. Göbələk, giləmeyvə. Ancaq təbiət üçün hamı gəlir!”

Yerli sakin Qalina,  Zelenaya polyana, Polesye rayonu, Kiyev bölgəsi
Yerli sakin Qalina, Zelenaya polyana, Polesye rayonu, Kiyev bölgəsi

Xeyirxah, çalışqan insanlar gəliblər

Lera deyir ki, qışda kommunal xidmətlər üçün təxminən 500 griven ($20) ödəyib. O, hələ işləmir – gözləyir, görsün nə vaxt Sonyanı uşaq bağçasına verə bilir. Burada, Zelenaya Polyanada isə yerlilər dərhal kömək etməyə başlayıblar:

“Dünyada hələ də yaxşı insanlar var, – o, deyir. – Hər növbəti problemdə səmimi və yardımsevər insanlar çıxır. Biz yenicə gəlmişdik ki, o dəqiqə – biri kartof, biri xiyar, pomidor, göbələk gətirdi. Üzümlə gəlib biri: “Mən sizin qonşunuzam, gəlin tanış olaq”. Uşaqlara qəlyanaltılar gətiriblər”.

“Çoxu eləcə gəlmişdi, paltarları, heç nələri yox idi, – Yekaterina Vitkovskaya anlayışla başını yelləyərək deyir. – İnsanlarımız yığışdı, kim nə bacardı verdi. Nə etmək olar”.

“Köçkünlərin yerlilərlə konfliktləri oldumu” sualına Vitkovskaya da, Qalya da, Lera da təəccüblə baxırlar – nə konflikt?

“İnsan xeyirxahdırsa – o, xeyirxahdır və harda da olsa, o, xeyirxah olacaq – Qalya deyir. – Bura isə xeyirxah, çalışqan insanlar gəliblər”.

“Burada hər şey yaxşıdır, – Lera da əminliklə söyləyir. – Siz “separatçısız, moskalsınız” (etnostereotip – tərc.) deyilən insanlar da olub. Ancaq məndə elə bir şey olmayıb. Yəqin ona görə ki, mən qərara gəlmişəm ki, heç kimə heç nə təsdiq etməyim”.

Müharibə haqqında da kimdənsə eşidib xəbər tutmayıblar. Dörd il içərisində buradan döyüş bölgəsində 6 nəfər səfərbər olunub – bu isə kiçik Zelenaya Polyana üçün olduqca çoxdur. Qarşılaşdığımız ilk kişi Donbassda vuruşduğunu dedi. Adı Nikolaydır, müharibədə onunla birlikdə kürəkəni də olub. Hər ikisi 2015-ci ildə səfərbər olunub.

Zelenaya polyana, Polesye rayonu, Kiyev bölgəsi
Zelenaya polyana, Polesye rayonu, Kiyev bölgəsi

“Biz də Donbassda olmuşuq. İstirahət etmişik, – velosipedə söykənən Nikolay zarafatlaşır. – Nə var e bizə, qocalara. Bizə asandır, gənclərə isə çətin idi – içirdilər, çəkirdilər. Kürəkənimə zəng edirəm – necəsən, nə var, nə yox? Hər şey qaydasındadır deyir, ata. Bu da, yeri gəlmişkən, Debaltsevo idi, bircə yolla çıxmaq olur ora”.

Nikolay deyir, köçkünlərlər heç kim konfliktə girməyə hazırlaşmır. Onların dərdi kənddə çoxu üçün doğma oldu.

Zelenay Polyanada həyat sakit və öz axarıyla davam edir. Bəzən kəsilmiş ağaclarla keçən yük maşınları, nadir olaraq da avtomobil görmək olur. “Selpo” (yerli mağaza) kəndin mərkəzində saat 16:00-a qədər işləməlidir, ancaq saat 2-dən bağlayırlar, onsuz da müştəri yoxdur. Bayırdakı sakitliyi ancaq küçə itləri pozur. Yad insan görən kimi hürməyə başlayırlar.

Lera deyir ki, bura onun xoşuna gəlir – həqiqətən gözəl təbiəti, yaxşı insanları var. Hərçənd başa düşür – başqasının evində, üstəlik işsiz çox tab gətirə bilməz. ancaq inanır ki, bütün çətinlikləri aşmaq olar – xüsusən, hamı birlikdədirsə.

“Deməzdim ki, bu, mənim üçün hansısa bir fəlakətdir. Dözməyə çalışıram, çətindir, əlbəttə. Ancaq nə etmək olar?! Birtəhər dözəcəyik, hə, Sonya?”.

“Bəli!”, – balaca Sonya sevinclə qışqırır.

Ana səhifəReportajÇernobil fəlakətinin ildönümü: təcrid zonasına yaxın həyat