İran-Azərbaycan sərhədi

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: İran-Azərbaycan sərhədi

Cəbrayılda tikilən körpü Azərbaycana xeyir verəcək, ya Ermənistana?

Məqalə yeniləndi:  9 May 2020

Ekspertlər nazir müavininin fikirlərini bölüşmür

İran İslam Respublikasının işğal olunmuş Cəbrayıl rayonu ərazisində inşa etdiyi körpülər bir neçə gündür müzakirə mövzusuna çevrilib. Azərbaycanın Xarici işlər nazirinin müavini Xələf Xələfov yerli mediaya müsahibəsində tikintinin müvafiq saziş əsasında inşa olunduğunu bildirib.

Nazir müavini deyib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanıb:

“Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.

Nazir müavini mediada məsələyə tənqidi yanaşılmasına bu cür reaksiya verib:

Xələf Xələfov

Xələf Xələfov

Mənbə: Meydan TV

“Mətbuatda yer alan körpülərin tikilməsinə Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. İran İslam Respublikasının Səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən Sazişdə öz əksini tapıb. Bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.

Deputata Fazil Mustafa nazir müavinin açıqlamasını bölüşmür.

O, bu barədə Meydan TV-yə deyib ki, körpülərin tikintisinin Azərbaycana heç bir faydası yoxdur:

“Bu körpü Biləsuvarda, yaxud Astarada və Culfada tikilmir ki, Azərbaycana xeyri olsun. İranın həmin körpünü tikməsi birbaşa separatçılara dəstək verməkdir. Heç bir prinsipə sığmır ki, Azərbaycanın başı üzərindən belə bir addım atılsın. Xələf Xələfov deyir ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir. Bu, necə xidmət edə bilər ki, oradan müxtəlif vasitələrlə yüklər daşınır? Bunun izahı verilməlidir. Ona görə də Xələf Xələfovun açıqlaması əsaslı deyil. Ümumiyyətlə, Azərbaycanın razılığı olmadan işğal edilən ərazilərdə hətta su elektrik stansiyasının inşası da doğru deyil. Sərhəd Azərbaycana məxsusdur, işğal olunan ərazilərdə belə addımın atılması milli maraqlara ziddir”.

Fazil Mustafa

Fazil Mustafa

Mənbə: Foto: Meydan TV

Deputat bildirib ki, İran İslam Respublikası bu məsələdə izahı mümkün olmayan addım atıb:

“Əslində, Azərbaycan Xarici İşlər Nazirliyi nota ilə reaksiya verməliydi. Çünki baş verənlər Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn siyasətdir. Biz bütün qonşularla normal münasibətlərin saxlanılmasını və hər hansı şəkildə bir-birimizə zərər vuran addımların atılmamasını istəyirik. Amma Xudəfərin körpüsü üzərindən separatçı və terrorçu ermənilərə yardım edilməsi terrorizmin dəstəklənməsi, ərazi bütövlüyünün pozulmasıdır. Bu baxımdan Azərbaycanın mövqeyi sərt olmalıdır”.

Təhükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl nazir müavini Xələf Xələfovun “İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir” cümləsinə diqqət yetirməyi vacib sayıb:

“Əksinə, həmin körpülər Azərbaycanın ərazilərini işğal edən Ermənistana xidmət edir. Əlbəttə, İran İslam Respublikasına da xidmət edir, yəni Azərbaycandan başqa hamıya. Heç cür inkar edə bilməzlər ki, tikintisinə icazə verdikləri körpülərdən separatçılar qazanc götürməyəcək. Fakt budur ki, indiki halda hökumət rəsmilərinin icazəsi ilə başlayan körpü tikintisi Azərbaycanın maraqlarına ziddir. Məsələ ondadır ki, həmin yolda gömrük postu da tikilib. Rəsmi Bakı ona da icazə verib? İndi həmin gömrük postundan Azərbaycanın ərazilərini işğalda saxlayan erməni separatçılarına xeyir gedir, yoxsa bizə? Bizi maraqlandıran su anbarlarının nəyə xidmət etməsi deyil, çünki İran ərazisindən heç nə su altında qalmayıb. Əksinə, işğal altındakı Cəbrayıl rayonunun üç kəndi qəbiristanlığına qədər artıq yoxdur. Buna kim cavab verəcək?”.

İlham İsmayıl

İlham İsmayıl

Mənbə: Meydan TV

İlham İsmayıl xatırladıb ki, bu məsələ 1988-ci ildə gündəmə gəlib, sadəcə, Xudafərin körpüsü su altında qalacağına görə etirazlar olub və layihə dayandırılıb:

“1998-ci ildə İran İslam Respublikasının rəsmi şəxsləri Bakıya gəldilər, Prezident Heydər Əliyev onlar qəbul etdi. O zaman mərhum Heydər Əliyev çox sərt reaksiya verdi və görüşü yarımçıq tərk etdi. Çox düzgün etiraz idi, nəticədə rəsmi Tehran layihəni dayandırdı. Amma Əhmədi Necati hakimiyyətə gələndən sonra, - o çox həyasız adam olduğundan- tikintiyə başladılar. Həmin vaxt münasibətlərdə soyuqluq olduğundan Bakı etiraz edə bilmədi. Amma bir müddət sonra Azərbaycanda İrana qarşı təbliğat güclü getdiyindən, tikinti yenə dayandı. İndi məlum olur ki, 2016-cı ildə Davos görüşündən bir həftə sonra nazir Şahin Mustafayev fevralın 23-də sənədi imzalayıb. Güman ki, Davosda prezidentlər görüşüb razılığa gəmişdilər. Şahin Mustafayev isə İran-Azərbaycan birgə komissiyasının sədri kimi sənədi imzalayıb. Biabırçılıq ondadır ki, Azərbaycan Milli Məclisi də sənədi ratifikasiya edib. Həmin dövrün deputatlarından soruşmaq lazımdır ki, işğalçılara dəstək olacaq körpünün tikintisinə niyə razılıq vermisiniz? Nazir Xələf Xələfov deyir ki, İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, məsələ ondadır ki, körpü işğal olunmuş ərazidə, nəzarətsiz bölgədə inşa olunursa, bu, ziyanımızadır axı. Zamanında ümummili lider kimi qəbul etdiyiniz Heydər Əliyev bundan imtina edib sərt reaksiya veribsə, siz niyə dərs götürməyib razılıq vermisiniz? Bir daha deyirəm, bu sazişi imzalamağın başqa adı və bəraəti yoxdur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zs2c7k

Ən çox baxılan