Cavabsız suallar

“Crocus City Hall”. Foto: Reuters

Zərdüşt Əlizadə

Rusiyada baş verən terror aktı ilə bağlı düşüncələr

Martın əvvəlində ABŞ-ın Rusiyadakı səfirliyi bu ölkənin ərazisində olan vətəndaşlarına xəbərdarlıq etdi: yaxın vaxtlarda Rusiyada terror hadisəsi gözlənilir, çox güman ki, terror əməliyyatı insanların sıx yığışdıqları yerdə, konsert və ya idman yarışları keçirilən məkanlarda olacaq. Eyni vaxtda amerikan səfirliyi bu məlumatı KİV-ə ötürdü, ABŞ-ın kəşfiyyat qurumları bu məlumatı RF-nin müvafiq qurumlarına çatdırdı.

Şəbədə prezident seçkisindən sonra martın 19-da Putin yığdı naib-nökərini və televiziya ilə yayımlanan çıxışında xalqa dedi ki, Qərb bizi  bu təxribatçı məlumatla şantaj edir.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bu məqamda bizə nə qalır? Ədəb qaydalarına riayət edərək demək: bərəkallah fərasətinə!
Fəqət insaf xatirinə etiraf edək ki, istənilən terrorda təxribat ünsürü daima birinci yerdədir.
Martın 22-də “Crocus City Hall” sarayında 144 insanın öldürüldüyü və 551 insanın yaralandığı terror hadisəsi baş verdi.

Bir gün sonra Putin dedi ki, hadisənin ucu gedir Ukraynaya.

Yenə ədəb qaydalarına riayət edərək deyək “maşallah dərrakənə!”
Beş-on bədbəxt taciki və bir qırğızı həbs ediblər. İstintaq gedir deyə səsimi çıxarmıram və qəti rəy bildirmirəm. Fəqət düşüncələrimi möhtərəm oxucu ilə bölüşmək istəyirəm.

Yüz dəfə yazmışam və yenə yazıb deyirəm ki, sizin həqir bəndəniz köhnə kişilərdəndir, Stalini mavzoleydə görüb, Xruşşovun və Brejnevin televiziya çıxışlarını dinləyib, Hüsni Mübarəki tərcümə edib, İsrail bombardmanlarından salamat çıxıb, rəiyyətin üst və astar sifətini öz dərisində dərk edib, çox sınaqdan keçib və gəlib çatıb indi Allahın dərgahının astanasına. Odur ki, məni nağıllarla aldatmaq müşkül işdir.

Terroru eşidib görən kimi birinci yadıma düşdü faşist Almaniyasında reyxstaqın yandırılması və məsuliyyətin kommunistlərin üzərinə atılması. Həmin anda da düşündüm ki, müasir zəmanədə Georgi Dimitrov miqyaslı və cəsarətli insan yoxdur və iş hətta məhkəməyə çatsa belə, təxribatı açıb ifşa edəcək adam tapılmayacaq. Miskin, kəmsavad, rus dilini pis bilən tacik miqrantların nəhəng təxribat oyununu ifşa edə biləcəyinə ümid sıfra bərabərdir. Deməli, bu oyunu qurmuş məchul qüvvənin nəqşəsi, iş qara parçada ağ saplarla tikilsə belə, yüz faiz müvəffəqiyyət qazanacaq.

İkinci yadıma Kirovun qətli və ondan sonra Stalinin bu qətli bəhanə edərək başladığı genişmiqyaslı terror əməliyyatı düşdü. Lakin yenə düşündüm ki, Putin elə indinin özündə Stalinin qadağalarını kölgədə qoymuş qanunlar çıxarıb və onun dəxi bundan artığına ehtiyacı yoxdur, rus xalqının başına istədiyi oyunu aça bilər, müti rus məhkəməsi və Dövlət Duması onun istənilən zülmünə qanun libası geyindirməyə hazırdır.

Mənim üçün gün kimi aydındır ki, dünyadakı bütün terror təşkilatlarının beşiyinin başında imperialist dövlətlərin kəşfiyyat qurumları durur, xaricdən güclü yardım olmasa, heç bir radikal üsyançı terror təşkilatı qura bilməz. Lakin mən əminəm ki, Ukraynada belə çoxmərhələli mürəkkəb əməliyyatı qurub onu həyata keçirə biləcək heç bir qurum və dahi kəşfiyyatçı yoxdur.

Üçüncü xatirimə gəldi 1999-cu ildə Putinin prezidentliyə ilk namizədliyi zamanı Rusiyanın bir neçə şəhərində xalqı qorxutmaq məqsədilə FSB-nin törətdiyi yaşayış binalarının partladılması əməliyyatı, hansını ki, Ryazanda bir binanın zirzəmisində tapılmış bir kisə “şəkər tozu” ifşa etdi. Lakin, o biri tərəfdən, Putin artıq 25 ildir hakimiyyətdədir, yeni terror əməliyyatına ehtiyac yoxdur.

Dördüncü yadıma düşdü 2001-ci ilin sentyabr ayının 11-də Nyu-Yorkda cüt ticarət qülləsinə hücum və ABŞ-ın bundan istifadə edərək bütün dünya dövlətlərini (tək Şimali Koreya istisna olmaqla) farağat vəziyyətində düzməsi, terrorla mübarizə bəhanəsilə bu əməliyyatla heç bir əlaqəsi olmayan Əfqanıstana və İraqa soxulması və bu iki müsəlman dövlətini işğal etməsi.

Lakin yenə bu əməliyyatdan kimin hansı siyasi fayda götürəcəyi mənim üçün aydın olmadığı üçün hansısa səbəb-nəticə əlaqəsi tapammadım.

Bu terror əməliyyatını rəsmi dairələr DƏİŞ-in ayağına yazırlar. Mənim üçün gün kimi aydındır ki, dünyadakı bütün terror təşkilatlarının beşiyinin başında imperialist dövlətlərin kəşfiyyat qurumları durur, xaricdən güclü yardım olmasa, heç bir radikal üsyançı terror təşkilatı qura bilməz. DƏİŞ, əlbəttə ki, mərdüməzar təşkilatdır, lakin xarici ağaların buyruğu olmasa, Rusiya kimi dövlətə qarşı belə qanlı əməliyyata cəsarəti çatmaz. Deməli, yenə xarici ağa və göstərişi axtarmaq lazımdır.

Qaldı Putinin və onun qul-beçəsinin bu terror hadisəsində Ukrayna izini axtarması məsələsinə, burada sual yaranır: Rusiya özü Ukraynaya qarşı terror səciyyəli genişmiqyaslı müharibəyə başlayıbsa, dinc əhalini vəhşicəsinə bombalayıb öldürürsə, nəyin əsasında Ukraynadan özünü comərd aparmasını gözləməlidir? Necə deyərlər, “nə tökərsən aşına, o çıxar qaşığına”.

Lakin mən əminəm ki, Ukraynada belə çoxmərhələli mürəkkəb əməliyyatı qurub onu həyata keçirə biləcək heç bir qurum və dahi kəşfiyyatçı yoxdur.

Saxlanılan miskin taciklər isə sadəcə qurbanlardır. Onları dünyada heç kim müdafiə etməyəcək. Boyunlarına nə də şələsələr, etiraf etməlidirlər, yoxsa qulaqlarını kəsərlər.

O biri tərəfdən, ömürlük rus məhbəsinə düşmüş insanların qulaq nəylərinə lazımdır?

Ana səhifəMənim FikrimcəCavabsız suallar