”Casus şəbəkəsi atəşkəsdən sonra fəaliyyətə başlayıb”


“Müxtəlif şayiələrin yayılmasının qarşısını rəsmi informasiyalar ala bilər”


Mayın 3-də Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb. Bəyanatda Cinayət Məcəlləsinin 274-cü maddəsilə 40-dan çox hərbi və mülki şəxsə cinayət işi açıldığı bildirilib. Sənəddə qeyd olunur ki, həmin şəxslər müxtəlif vaxtlarda maddi maraqlar naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfə ötürüblər.


Meydan TV bununla bağlı yaranan sualları təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla ünvanlayıb.


– İlham bəy, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə bəyanatından 3 həftəyə yaxın vaxt keçir. Bu müddətdə əlavə məlumatların yayılmaması şayiələrə rəvac verir. Bundan əlavə, Tərtərdə, Bərdədə və Ordubadda hərbçilərin dəfn olunması haqda məlumatlar yayıldı. Siz informasiya qıtlığının yaratdığı vəziyyəti necə qiymətləndirirsiniz?

– Məlum bəyanatdan sonra ən azı xəbər intensivliyi olmalıydı. Biz istintaqın getdiyini, istintaq sirlərinin və dövləti cinayətlə bağlı məsələlər olduğunu bilirik və ehtiyatlı olmaq təbiidir. Ancaq cəmiyyətdə şayiələrin yayılması və təlaşın yaranmaması üçün həmin 4 dövlət orqanı mətbuat xidməti səviyyəsində məlumatlandırılacaq informasiyalar yayılmalıydı. Mən hər gün informasiyanın verilməsindən danışmıram, ancaq 3 may bəyanatından sonra bir açıqlama da yayılmalı və müəyyən şayiələrə toxunulmalıydı. Bu, olmayanda da cəmiyyətdə şayiə və təlaş yayılır. Mən niyə təlaş sözünü vurğulayıram, məsələ ondadır ki, Azərbaycanın böyük bir hissəsi sərhəd bölgəsindən keçir. İstər Dağlıq Qarabağ, istərsə də Qazax və Naxçıvan sərhəd bölgəsində qarşımızda düşmən var. Bu ərazilərdə yaşayan vətəndaşlarımız şayiələrin nəticəsində təlaşa düşürlər. Yəni inamsızlığı da aradan qaldırmaq üçün informasiyaya ehtiyac vardı. Yayılan söhbətlər bəlkə də şayiə deyil, bu mənada həmin 4 qurum bu məsələlərin nə dərəcədə doğru olduğu haqda əlavə informasiya əsasında münasibət bildirməliydi.


– Siz bir həftə əvvəl Tərtər rayonundan qayıtmısınız, bu barədə yazmısınız da. Daha əlavə nə deyə bilərsiniz ki, ictimaiyyətdəki narahatlıq bir qədər götürülsün? O cümlədən, vəziyyət o dərəcədəmi gərgindir?

– Silah nöqteyi-nəzərdən əvvəlki gərginlikdən elə bir fərqi yoxdur, düzdür, əhali öyrəşib. Ancaq əvvəlki kimi reaksiya olmasa da, mayın 3-dən sonrakı reaksiya həssaslığıyla seçilir. Çünki hadisələr daha çox Tərtər cəhbə xəttində baş verib, Dağlıq Qarabağda yeganə rayondur ki, heç bir ərazisi işğal olunmayıb və Qarabağın bir sıra kəndlərinə də nəzarət edirik. Bütün bunlara baxmayaraq baş verənlər məyusedicidir, ancaq şayiələr olduğundan əhalidə təlaş gördüm. Hətta gərginlik də var.

Gərginlik ondadır ki, əhali danışır, deyəsən, bir-iki erməni biz tərəfdə qalıb. Hətta belə fikirlər dolaşır, nə dərəcədə doğrudur, deyə bilmərəm. İnsanlar narahatdır ki, yazın günüdür, həyətdə işlədiyimiz zaman birdən erməni çıxdı. Yəni ən xırda bir detal da narahatlıq yaradır. Ən çox gərginlik isə insanların mənəvi cəhətdən sarsıntı keçirməsidir. Tərtər, doğrudan da, qəhrəman rayondur, qəhrəman əhalidir, amma mülki və hərbi şəxslərin içərisində belə insanların olması çox pis təsir edib. Hətta rayonda deyirlər ki, Amerikaya da, Rusiyaya da işləmək olar, amma qarşı-qarşıya dayandığımız erməniy ilə əlaqəyə girib onlara işləməyin şokunu yaşayırlar.


– Mən konkret faktlara keçəcəm, Tərtər rayonundan Mehman Hüseynovu Cəmilli kəndində dəfn etməyə qoymayıblar, onu Ağkənddə basdırıblar. Sonuncu haqda icra nümayəndəsi Manaf Məmmədov “modern.az”-a danışıb. Rayonda olarkən bu barədə eşitdinizmi?

– Rayonda bu məsələ bir nömrəli mövzudur. Təkcə Ağkəndlə bağlı deyil, başqaları da var. Bir daha deyirəm, müxtəlif şayiələrin yayılmasının qarşısını rəsmi informasiyalar ala bilər.


– Məhkəmələrin hökmü olmadan insanların öldürülməsini necə qiymətləndirirsiniz?

– Yüz xəyanət olsun, məhkəmənin qərarı olmadan insanları öldürmək olmaz. Heç kim kimi linç edə bilməz. Münasibət aydın məsələdir. Bəlkə də kənddəki münasibət normaldır, o mənadakı xalqın mənəvi etirazıdır. Amma insanın döyülərək öldürülməsi, nə dərəcədə doğrudur, bilmirəm, amma fakt budur ki, adamları gətirib dəfn ediblər. Və dəfn prosesi də normal qaydalarda olmayıb. Tələsik çuxur qazıblar, heç müsəlman qaydasında da olmayıb. İndi bu məsələlərin böyüməsi suallar doğurur. Guya başqa rayonlarda da belə olub.


– Bəli, Ordubad rayonunun Darkənd kəndində leytnant Təmkin Nizami oğlunun cənazəsini gətirib dəfn ediblər, bu barədə yerli icra nümayəndəsi də danışıb…

– Mən İstanbuldakı yanvar terrorunu yada salmaq istəyirəm, 39 nəfəri güllələdi, ancaq qatili tutub mühakimə etdilər. Yaxud Norveçdə Breyvik 79 nəfəri güllələdi, ancaq öldürmədilər, mühakimə olundu və cəza aldı. Ona görə də əlavə şayiələr yayılır. Bəs əlavə şayiələr nədir? Məsələn, deyirlər ki, bu, bəlkə kimisə, yuxarıdan hansısa zabiti ələ verməliymiş, ona görə öldürüblər. Ona görə rəsmi məlumatlar yayılmalıdır ki, ya özünə qəsd edib, yaxud ürəyi dayanıb, hər halda rəsmi münasibət olmalıdır. İnsanlar nəyə daha çox güvənir? Orduya. Silahlı qüvvələrdə güvənsizlik olanda, insanlar istər paytaxtda, istərsə də rayonda rahat olmayacaqlar.


– İlham bəy, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bugünlərdə bildirdi ki, xəyanətin kökü 1988-1990-cı illərə gedir. Mən sizə “Yeni Müsavat” qəzetinin 25 may tarixli sayında “Tərtərdəki casus şəbəkəsi Səfər Əbiyevin dövründə yaranıb-şok faktlar” başlıqlı məqaləsini təqdim edirəm. Qəzet 2008-ci ildə Tərtər rayonunun Qapanlı kəndindəki N saylı hərbi hissəsinin postuna hücum olduğunu və 1 il sonra cinayət işi açıldığını, ancaq 2010-cu ilin 6 yanvarında cinayət işinə xitam veriuldiyini qeyd edir. Bir məqamı deyim, məqalədə vurğulanır ki, posta basqın edənlərdən birini əsgər tanıyıb və onu öldürüblər, çavuşu isə yaralayıblar. Cənab Mədət Quliyevin dedikləri ilə qəzetin yazdıqları arasındakı ziddiyyəti necə izah edərdiz?

– Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin açıqlaması bəzi məqamlarda kontekstdən çıxarılıb. O, hadisələrin 1988-ci ildə başladığını, xəyanətin isə bir az uzaq keçmişdən olduğunu qeyd edib.


– Ancaq Azərbaycanda ordu 1991-ci ildə yaranıb…

– Bəli. 1988-ci ildə xəyanət yox, hadisələr başladı. Tutulanların yaşıyla hesablasaq, o zaman həmin adamların 8-9 yaşı olub. Xəyanətə gəldikdə, bu proseslər yaxın 10 ilin olaylarıdır, ondan da o tərəfə keçə bilər, amma bizə məlum olmayanlar da var. İndki prosesdə məlum olanlar isə heç vaxt 1988-90-cı illərin əvvəllərinə gedib çıxa bilməz. Casus şəbəkəsi fəaliyyətə 1994-cü ilin atəşkəsindən sonra başlayıb, çünki 1992-ci ildə Ağdərə alındı, Kəlbəcər yolu açıldı, az qala Xankəndinin üstünə çıxmışdıq, ona görə casus şəbəkəsi o zaman mümkün deyildi. İnsanlar cəlbetmə, “verbovka”nın çox asan bir şey olduğunu düşünürlər, xeyr, elə deyil. Bu, zaman tələb edən məsələdir, bir insanın ələ alınması, münasibətlərin qurulması aylarla vaxt aparır. Misal gətirdiyiniz qəzetdə göstərilən tarix daha uyğundur. Hesab edirəm ki, Müdafiə Nazirliyi, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi yenidən çox ciddi işlər görməlidirlər. Dövlət Təhlükəsizlik Xidmətinin də bu prosesdə əsas rolu Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin üzərinə düşür. Bu idarənin əsas vəzifəsi məhz orduda neqativ hallardan tutmuş düşmənin kəşfiyyat tədbirlərinin qarşısını almağa yönəlməlidir. Burda Müdafiə Nazirliyi və Hərbi Prokurorluqla bərabər iş qurulmalıdır.


– Diqqətinizi məsələnin siyasi tərəfinə çəkmək istərdim. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bir gün əvvəl bildirib ki, hakimiyyət ordudakı son həbslərlə Rusiyaya ehtiyatlı şəkildə də olsa cavab verdi. Siz necə düşünürsünüz bu haqda?

– Bu işdə Rusiyanın Ermənistanda olan hansısa mütəxəssisinin rolu ol bilər. Bütövlükdə cəbhə xəttində kiminsə ələ alınıb ondan istifadə edərək xırda diversiya, təxribat yaratması Kreml üçün önəmli deyil. Rusiyanın Azərbaycana təzyiq və təsir imkanları o qədər genişdir ki, cəbhə bölgəsi üçün uzunmüddətli plan hazırlamağa ehtiyacları yoxdur. Rusiyanın təxribat yaratmaq imkanları çoxdur və belə casus şəbəkəsinə ehtiyacı da yoxdur. Bu, elə ermənilərin işidir. Hakimiyyətin də cavabı ermənilərədir. Rusiyaya cavab o zaman olar ki, Kremlin istəklərinin əksinə olaraq ötən ilin aprelindəki kimi döyüş keçirib rayonları və kəndləri işğaldan azad edəydilər.

Ana səhifəVideo”Casus şəbəkəsi atəşkəsdən sonra fəaliyyətə başlayıb”