“Aqrarkredit” ASC onlara qarşı iddia qaldırıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevlə birlikdə məhkum olunmuş iki dostundan 18 milyon manata yaxın pul tələb olunur.
Bunlar keçmiş deputat, “General Construction” şirkətinin rəhbəri Dünyamin Xəlilov və Bakı Fındıq Emalı Zavodunun rəhbəri olmuş Azad Cavadovdur.
Onların hər ikisi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində yenidən mühakimə olunur.
Sentyabrın 18-də məhkəmədə məlum olub ki, “Aqrarkredit” ASC məhkəmədə onlara qarşı 17 milyon 735 min manatlıq mülki iddia qaldırıb.
Hakim Əli Məmmədov bildirib ki, məhkəməyə belə məzmunda mülki iddia daxil olub.
“Aqrarkredit”in nümayəndəsi məhkəmədə mülki iddianı müdafiə edərək bildirib ki, Beynəlxalq Bankın problemli kreditlərilə bağlı məsələ bu quruma həvalə olunub.
Nümayəndənin sözlərinə görə, Dünyamin Xəlilov və Azad Cavadov bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə dostluq münasibətlərindən istifadə edib, 9 nəfərin adına bankda kreditlər rəsmiləşdirilib.

Nümayəndə iddia edib ki, götürülən pulları onlar özləri mənimsəyiblər. Lakin Dünyamin Xəlilov və Azad Cavadov nümayəndənin səsləndirdiyi ittihamları qəbul etməyib.
Onlar “Aqrarkredit”ə heç bir ziyan vurmadıqlarını və ona borclu olmadıqlarını bildiriblər.
Daha sonra prokuror ittiham aktını elan edib.
Keçmiş deputat da, Bakı Fındıq Emalı Zavodunun sabiq rəhbəri də özünü təqsirli bilməyib.
Onların hər ikisi bundan əvvəl Beynəlxalq Bank işi üzrə məhkum edilib və uzun müddətdir ki, həbsdədir.
Dünyamin Xəlilov və Azad Cavadov bundan əvvəl də Beynəlxalq Bank işiylə əlaqədar mühakimə olunub.
Bu dəfə isə onlar bankdan daha 6 milyon 603 min manatlıq yeyintidə ittiham olunublar.

İttihama əsasən, Dünyamin Xəlilov və Azad Cavadov bankın keçmiş rəhbəri Cahangir Hacıyevin verdiyi qanunsuz göstərişləri icra edərək, özlərinin rəhbərlik etdikləri qurumdakı işçiləri bankın müxtəlif filiallarına göndərib.
Orada işçilərin adlarına kreditlər rəsmiləşdirilib. Bu yolla bankdan götürülmüş ümumilikdə 6 milyon 600 min manatdan artıq pul isə mənimsənilib.
Bu cinayət işi üzrə istintaq Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılıb.
Dünyamin Xəlilov və Azad Cavadovun bu ittihama münasibəti məlum deyil. Lakin bundan əvvəlki məhkəmədə ifadə verərkən onlar özlərini təqsirli bilməmişdilər. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində onların hər ikisi haqqında ittiham hökmü çıxarılmışdı.
Hökmə əsasən, Dünyamin Xəlilov 13 il, Azad Cavadov 11 il azadlıqdan məhrum edilmişdi.
Bakı Apelyasiya Məhkəməsi keçmiş deputatın cəzasını 3 ay azaltmışdı.
2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev 16 il 3 ay azadlıqdan məhrum edilib. O da özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.