Büdcədə 2,8 milyard ixtisar, 3,6 milyardlıq yerdəyişmə

Foto: shuttestock

Son iki ildə hökumət dövlət büdcəsi xərclərində böyük ixtisarlara gedir. 2025-ci ildə təsdiq olunmuş büdcə xərclərinin 6,8 faizi, cari ilin yanvar-may aylarında isə büdcə xərclərinin 4,4 faizi icra olunmayıb.

Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyinə görə, ötən il hökumət büdcədə nəzərdə tutulmuş vəsaitin 2,8 milyard manatını xərcləməyib. Belə ki, dövlət büdcəsində 41,4 milyard manat xərc təsdiq edildiyi halda, faktiki olaraq 38,6 milyard manat icra edilib.

Rəydə qeyd olunur ki, iqtisadi təsnifat üzrə ən böyük ixtisarlar əməyin ödənişi, sosial ödənişlər və qeyri-maliyyə aktivləri üzrə xərclərdə qeydə alınıb.

Eyni zamanda, icra edilmiş büdcə vəsaitlərinin 3,6 milyard manatının təyinatı dəyişdirilib.

Beləliklə, proqnozla müqayisədə büdcə xərclərinin icrasında 6,8 faiz azalma baş verməklə yanaşı, təsdiq olunmuş xərclərin təxminən 9 faizinin istiqaməti dəyişdirilib. Hesablama Palatası bildirir ki, beynəlxalq təcrübədə təsdiq olunmuş büdcə xərclərinin 5 faizdən çox dəyişdirilməsi müsbət hal hesab edilmir.

Funksional təsnifat üzrə dəyişikliklərə baxdıqda, ən böyük azalmanın “Səhiyyə” bölməsində olduğu görünür. Bu azalma əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitlə bağlı olub. Belə ki, ötən il Agentlik üçün ilkin olaraq təsdiq edilmiş 1,4 milyard manat vəsaitin 640,5 milyon manatı ixtisar edilib.

Ümumilikdə, 11 bölmə üzrə təsdiq edilmiş xərclərin həcmi 1,5 milyard manat azaldılıb. Əvəzində, bir bölmə üzrə eyni məbləğdə artım qeydə alınıb.

Hesablama Palatası qeyd edir ki, həyata keçirilmiş dəyişikliklər nəticəsində 1,6 milyard manat Dövlət Büdcəsinin Ehtiyat Fonduna yönəldilib. Həmin vəsaitlər müdafiə və hüquq-mühafizə orqanlarına, infrastruktur layihələrinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı Metropoliteninin inkişafına, bərpa olunan enerji layihələrinin təşviqinə, beynəlxalq idman tədbirlərinin təşkilinə və digər istiqamətlərə sərf olunub.

Bəs hökumət büdcə xərclərini niyə ixtisar edir?

İqtisadçı-ekspert Rövşən Ağayev Meydan TV-yə açıqlamasında bildirir ki, burada 2,8 milyard manat səviyyəsində çox böyük bir azalmadan söhbət gedir:

“Təsdiqlənən büdcənin təxminən 6-7 faizi qədər ixtisar var. Burada xərclərin azalması – əsas bölmələrə aid edilməyən xidmətlərə 900 milyonluq artımı çıxsaq – yerdə qalan bölmələr üzrə hamısında demək olar ki, var. Ümumdövlət xidmətləri təsdiqlənən xərclərdən 806 milyon manat, müdafiə xərcləri 328 milyon az icra olunub. Məhkəmə xərcləri təsdiqlənən büdcədən 272 milyon, təhsil 318 milyon manat, sosial müdafiə xərcləri 200 milyon, mədəniyyət 100 milyon, kənd təsərrüfatı 80 milyon, iqtisadi fəaliyyət xərcləri isə 800 milyon az icra olunub.

Xüsusən də iqtisadi fəaliyyət xərclərinin az icra olunması həm işğaldan azad olunmuş ərazilərə vəsait qoyuluşları, həm də ölkə üzrə investisiya xərclərinin azalması ilə bağlıdır”.

R.Ağayevin sözlərinə görə, Hesablama Palatasının rəyində bu bölmələr üzrə xərclərin azalmasının səbəbləri ilə bağlı heç bir əsaslandırılmış izahat yoxdur:

“Əslində, əsaslandırma Maliyyə Nazirliyinin hesabatında olmalıdır. Lakin bu rəyə baxanda Maliyyə Nazirliyinə istinadən əsaslandırmaların nədən ibarət olduğunu görmək olmur.

Amma burada daha ciddi məsələ odur ki, bu gün “Büdcə Sistemi haqqında” Qanun Maliyyə Nazirliyinə bu şəkildə xərclərə istədiyi vaxt, istədiyi qədər sekvestr tətbiq etmək hüququ vermir. Düzdür, “Büdcə Sistemi haqqında” Qanunun 18.5-ci maddəsi var. Həmin maddədə deyilir ki, əgər gəlirlər az icra olunarsa və eyni zamanda büdcə kəsirinin örtülməsi mənbələri üzrə tələb olunan məbləğ toplanmasa, o halda müəyyən sekvestrə gedilə bilər. Amma bunun da,  dəqiq meyarı yoxdur ki, məsələn, 5 faiz gedə bilər, 3 faiz gedə bilər. Qanunda deyilir ki, gəlirlərin azalmasına və kəsirin örtülməsi üçün mənbələr üzrə daxilolmaların azalma miqyasına adekvat şəkildə xərclər də azaldılmalıdır. Məsələn, gəlirlər 5 faiz azalarsa, xərclər də ona uyğun şəkildə 5 faiz azaldılmalıdır.

Amma biz görürük ki, büdcə gəlirləri nəinki təsdiq olunandan az icra olunub, əksinə, büdcəyə təsdiq olunandan təxminən 800 milyon manat artıq vəsait daxil olub. Yəni bu şəkildə bilinmir ki, bu sekvestri niyə aparıb”.

İqtisadçı əlavə edir ki, bu, büdcə menecmentində çox ciddi problemlərin olduğunu göstərir:

“Çünki sual yaranır ki, əgər xərclər sonradan bu qədər azaldılacaqsa, bəs niyə əvvəlcədən həmin xərclər bu həcmdə təsdiq olunmuşdu? Məsələn, sosial müdafiə xərcləri niyə 200 milyon manat azaldılıb? Onda həmin xərclər niyə büdcədə əvvəlcə o səviyyədə təsdiq olunmuşdu? Yəni bu, büdcə planlaşdırılmasında və büdcə menecmentində çox ciddi problemlərin olduğunu nümayiş etdirir.

Yeri gəlmişkən, Hesablama Palatasının öz rəyində də belə bir qeyd var ki, praktikada büdcə xərclərinin dəyişdirilməsi üçün yol verilən hədd maksimum 5 faiz hesab olunur. Bu istiqamətdə illər əvvəl kiçik bir araşdırmam olmuşdu. Orada büdcə xərclərinin dəyişdirilməsi və sekvestr tətbiqi ilə bağlı beynəlxalq praktikanın necə olduğunu araşdırmışdım. Beynəlxalq praktikada icra hakimiyyətlərinə geniş səlahiyyətlər verilmir. Büdcə xərclərinin dəyişdirilməsi və eyni zamanda sekvestr tətbiq olunmasında parlament ön plandadır. Yəni parlamentin razılığı olmadan icra hakimiyyəti istədiyi vaxt, istədiyi xərc maddəsindən vəsaiti götürüb dəyişdirə, yönəldə bilmir. Habelə effektiv praktika deyil. Amma təəssüf ki, Azərbaycanda icra hakimiyyətinin yüksək dərəcədə mərkəzləşdirildiyi və hər bir qərarın ən yüksək səviyyədə mərkəzi qaydada verildiyi bir şəraitdə yaşayırıq. Hətta ən uzaq kənddə su çəkilişi və ya artezian quyusunun qazılması üçün prezidentin qərarına ehtiyac duyulduğu bir ölkədə yaşadığımız üçün belə bir büdcə menecmenti təəccüblü deyil”.

R.Ağayev, həmçinin büdcədə istiqaməti dəyişdirilən 3,6 milyard manata toxunaraq bildirdi ki, bu xərcin yarısı Prezidentin Ehtiyat Fonduna və Dövlət Büdcəsinin Ehtiyat Fonduna yönəldilib:

“Hesablama Palatasının rəyində belə görünür ki, bu vəsaitlər daha çox Zəngəzur dəhlizinin bərpası, həmin istiqamətdə infrastruktur layihələri, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsinə gedib. Bir tərəfdən sekvestr tətbiq olunur, yəni xərclər azaldılır, digər tərəfdən isə xərclərin strukturu dəyişdirilərək başqa istiqamətlərə yönəldilir. Niyə əvvəlcədən planlaşdırma düzgün aparılmır? 2-3 faiz kənarlaşma ola bilər. Amma 3,6 milyard manatlıq vəsait, az qala, təsdiq olunan büdcənin 10 faizinin istiqaməti dəyişdirilib. Bu da büdcə menecmentinin və büdcə planlaşdırılmasının keyfiyyətinin olmadığını və peşəkarlıqla bağlı ciddi çatışmazlıqların mövcudluğunu göstərir”.

Ana səhifəİqtisadiyyatBüdcədə 2,8 milyard ixtisar, 3,6 milyardlıq yerdəyişmə