BMT Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır

Ermənistan-Azərbaycan sərhədi. Foto: tanitost/shutterstock

“2020-ci ildən bəri baş vermiş insidentlər silsiləsində ən böyüyüdür”

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan sərhədi boyunca gedən döyüşlərdən narahat olduğunu açıqlayıb.

BMT-nin Siyasi və Sülh Quruculuğu Məsələləri Departamentinin yüksək rütbəli rəsmisi hər iki tərəfdən onlarla insanın ölümü ilə nəticələnən bu həftə bir neçə gün davam edən döyüşlərdən sonra Ermənistan və Azərbaycanı “gərginliyi azaltmaq üçün təcili və konkret addımlar atmağa” çağırıb.

BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença bildirib ki, tezliklə atəşkəsin əldə olunağına ümid edir.

“Sentyabrın 12-də beynəlxalq sərhəddə ağır artilleriya, pilotsuz təyyarələr və iri çaplı silahların iştirakı ilə şiddətli döyüşlərin getdiyi bildirilib. Ermənistan hökuməti “hadisələri qəsdən hücum adlandırıb”, Azərbaycan isə “Ermənistanın təxribatlarına cavab olaraq” həyata keçirdiyi hərbi əməliyyatın “cavab tədbirləri” olduğunu bildirib”.

Miroslav Yença itkilərdən də danışıb və ilk açıqlamalara istinadən, Ermənistanın 105 hərbçisinin öldürüldüyünü, 6 mülki vətəndaşın yaralandığını, Azərbaycanın isə 71 hərbçisinin həlak olduğunu, 2 mülki vətəndaşının yaralandığını bildirib.

Hər iki ölkə Baş katibə və Təhlükəsizlik Şurasına 2020-ci ildə, iki keçmiş sovet respublikası arasında döyüşlərin ciddi şəkildə kəskinləşdiyi zaman, Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs rejiminin pozulması ilə bağlı məktub yazıb.

“Birləşmiş Millətlər Təşkilatı bu hesabatların xüsusiyyətlərini yoxlamaq və ya təsdiqləmək iqtidarında deyil. Bununla belə, biz bu təhlükəli eskalasiyadan, o cümlədən onun mülki şəxslərə mümkün təsiri ilə bağlı dərin narahatlığımızı davam etdiririk”, – deyə baş katibin köməkçisi bildirib.

BMT
Foto: BMT

Miroslav Yença hər iki ölkədəki BMT-nin Ölkə Qruplarının hakimiyyət orqanları ilə açıq kanallar saxladığını və tələb olunarsa və şərtlərin imkan verdiyi təqdirdə yaranan humanitar ehtiyaclara cavab verməyə hazır olduqlarını söyləyib.

Onun sözlərinə görə, bu həftə baş verən döyüşlər 2020-ci ildən bəri baş vermiş insidentlər silsiləsində ən sonuncu və ən böyüyüdür.

Bu, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin ciddi maneələrlə üzləşməkdə davam etdiyini göstərir:

“Həm də iki ölkə arasındakı gərginlik bölgədə sabitliyi pozmaq potensialına malikdir. Tərəflər tezliklə sülhə gəlməlidir. Beynəlxalq ictimaiyyət uzun müddətdir davam edən mübahisənin “sülh yolu ilə həllinə tam sadiq qalmalıdır” və “mövcud gərginliyi azaltmaq, tərəfləri danışıqlar masası arxasına qaytarmaq və sülh və sabitliyə nail olmaq üçün səylərini əsirgəməməlidir”.

Azərbaycan və Ermənistan sərhədində döyüşlər sentyabrın 13-nə keçən gecə başlayıb.

Son məlumata görə, Azərbaycan 77, Ermənistan isə azı 135 hərbi qulluqçusunun həlak olduğunu bildirib.

Rəsmi Bakı Yerevanı iki ölkə arasında sülh prosesini pozmaq üçün “provokasiya”ya əl atmaqda suçlayıb.

Ermənistan isə ittihamı rədd edərək Azərbaycanın onun suveren ərazisinə girdiyini deyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Tərəflər atəşkəs bəyannaməsi imzalayıblar.

İki ölkə liderinin 31 avqust Brüssel görüşündə xarici işlər nazirlərinə sülh sazişi üzərində işləmək tapşırılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətBMT Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır