Bizimdir

Azərbaycanda siyasi mənzərə. Foto: Elif Bayraktar/shutterstock

Zərdüşt Əlizadə

Ulu öndərin qurub sazladığı sistem saat kimi işləyir

Qarabağ bizimdir. 2020-ci ildə erməni işğalçılarını oradan qovandan sonra 7 rayonda minalanmamış torpaqları artıq üç ildir ki, bizim aqroparklar əkib-becərir. 2023-cü ildə sabiq DQMV adlanan ərazidən erməni əhalisi qaçandan sonra oradakı torpaqların hüquqi sahibliyi məsələsi, inşallah, sahmana düşəcək və bundan sonra oradakı torpaqları da bizim aqroparklar əkib-becərəcək.

Yazar Zərdüşt Əlizadə
Source: Meydan.tv

Qarabağın minalanmış torpaqları da, ermənilərin oraya basdırdıqları minalar da artıq bizimdir. O minaları biz 25 ilə yavaş-yavaş təmizləyəcəyik, o vaxta qədər də bizdən icazəsiz yurduna dönən adamlar layiq olduqları cəzanı alacaqlar. Yəni minalar dəxi ermənilərə deyil, bizə işləyir.

Heç kəs üçün sirr deyil ki, dövlət yalnız və yalnız bizimdir.

Milli Məclis, içi bütün deputatlar, bizimdir. Hansı qanunu desək, təsdiqləyirlər. Bir neçə sadəlövh deputat öz təşəbbüsü ilə qanun layihələri hazırlayıb möhtərəm parlamentə müzakirə üçün təqdim edib. Onların müzakirəsi üçün dəqiq vaxt təyin edilib: yaşıl ayın başında, qırmızı çərşənbədə.

Deyirlər ki, zaman da, məkan da nisbi məfhumdur. Düz sözə nə deyəsən!

Prezident Nazirlər Kabinetini təsdiq etdi. Kabinet də, nazirlər də bizimdir. Öl desək, ölməyə cümlə müştaqdırlar. Hamısı barədə mükəmməl qovluq var: rəqəmlər, kim, harada, kimdən, nə qədər. Odur ki, əminik: bizimdir.

İlk Azərbaycan bolşevikləri kimi, heç burcutmağa imkanları yoxdur.

Yeni Kabinetdə əsas nazirlik Daxili İşlər Nazirliyidir (DİN). Bu DİN-in “dinmə-ver” funksiyası ilə yanaşı “dinmə” fuksiyası dövlətimiz üçün müstəsna vacib əhəmiyyətə malikdir. 99 faizi qanacaqlı və tərbiyəli olan rəiyyət içərisində 1 faiz qanacaqsız və tərbiyəsiz məxluqat tapılır ki, sərsəm fikirlərə düşürlər, başlayırlar yava-yava danışmağa. Ay nə bilim konstitusion hüquqlar, fərdi azadlıqlar, qanunların aliliyi, müstəqil məhkəmə, özünüidarə hüququ, vətənin gələcəyi və sairə arif insanlarda acı gülüş doğuran cəfəngiyyat. Belə ruhi xəstələri sağaltmaq üçün ən münasib qurum Səhiyyə Nazirliyi deyil, DİN-dir. DİN bizimdir.

Təbii ki, DİN-dən sonra ən vacib nazirlik Dövlət Təhlükəsizlik Xidmətidir (DTX). Bu DTX ilə bağlı yadımıza köhnə əyyama aid bir rəvayət düşür. Bir kişi evlənəndən sonra övrəti tutur onu küftəyə və kotletə. Kişi bir ay yeyir, iki ay yeyir, sonra dözməyib övrətindən xahiş edir ki, ona başqa xörək bişirsin. Övrət xeyli fikirləşəndən sonra ərinə dolma bişirir. Ər dolmanın yarpağını açır və üzünü içindəki ətə tutub deyir: əbaya bürünmüsən, elə bilirsən tanımayacağam?

İndi bizim bu DTX yeni əbaya bürünüb, fəqət bütün əhli-hal bilir ki, bu DTX elə köhnə KQB-dir. Elə bu DTX da, köhnə KQB kimi, bizimdir.

Müxalifət bizimdir. Son Prezident seçkiləri bunu parlaq sübut etdi. Milli-azadlıq mübarizəsinin şəksiz liderinin yetişdirdiyi bütün şagirdlər öz rolunu əla ifa etdi. Barışmaz müxalifət öz yerində, konstruktiv müxalifət öz yerində, heç kim xal vurmadı, siyasi tamaşanın ahəngini pozmadı.

Bir-iki nadürüst var ki, layiq olduqlarından artığa iddia edirlər, lazımi qurumlar onların tərbiyəsi ilə ciddi məşğul olur. Ulu öndərin qurub sazladığı sistem saat kimi işləyir.

Ziyalılar bizimdir. İosif Vissarionoviç dövründə qurulmuş ittifaqlarda birləşib ədəbiyyat, bəstəkarlıq, təsviri incəsənət, jurnalistika, kinomatoqrafiya çəmənlərində hökumətin səpib-cücərtdiyi otu qırpıb dolanırlar, başlarını yuxarı qovzamaq üçün vaxt tapammırlar, odur ki, dünyada və cəmiyyətdə nə baş verdiyini yalnız rəsmi KİV-dən və Prezident Administrasiyasından gələn göstərişlərdən öyrənib bilirlər. Yazdıqları, çəkdikləri, bəstələdikləri və yonduqlarının hamısı əsl milli ruhda olduğundan, elə hamısı bizim karımıza gəlir.

Müəllimlər ordusu bizimdir. Həm orta, həm ali məktəbdə bu ordunun yetişdirdiyi cavanlar bizim müsəlləh əsgərlərimizdir, həm orduda, həm dövlət cihazında, həm daxildə, həm xaricdə bizə necə ki, lazımdır, xidmət edirlər. Bu müəllimlər ordusu əvvəlki minvalla bizə qulluq etsə, beş-altı ildən sonra, inşallah, onların məvacibini Ermənistan müəllimlərinin indiki məvacibinə çatdıracağıq.

Kəndlilər bizimdir. Müstəqillik illərində kəndlilərin başına gətirilən oyunları başqa xalqların kəndlilərinin başına gətirsəydilər, indi onlar traktorlarını tanka çevirib əsl müharibəyə qalxardı. Ancaq bizim kəndlilər bütün günahı, olsa-olsa, rayonun icra başçısında görürlər. Birləşmək, istehsal və istehlak kooperasiyaları yaratmaq kimi sarsaq fikirlər bizim kəndlilərin ağlına heç gəlmir. Hərəsi öz 3-5 hektar sahəsinə bağlanıb zindəganlıq edir. Odur ki, kəndlilər bizimdir.

Fəhlələr bizimdir. Pərən-pərən, əzilib-büzüşmüş fəhlələr ağıllarına belə gətirmirlər ki, onlar da, Mirzə Ələkbər Sabir demişkən, özlərini insan saya bilərlər. Bu dünya proletarlarının sındırılmış milli tör-töküntüləri günəmuzd işi Allahın səxavət və rəhm nişanəsi kimi qəbul edib hər axşam evlərinə bir tikə çörəklə səlamət qayıda bildiklərinə min şükür edirlər. Belə fəhlə bizimdir.

Alimlər bizimdir. Azərbaycanda alim tapa bilsəniz, bilin ki, bizimdir. Tapan tapsa, xəbər versin. Xahiş edirik AMEA-nın müxbir və həqiqi üzvləri barəsində məlumat verib ciddi insanları qeyri-ciddi məlumatla işdən ayırmayın.

Tarix bizimdir. Tarix milli dondur, onu özümüz biçib tikirik, xalqın beyninə geyindiririk. Fərqli düşünən beyinləri söndürürük, danışan ağızları susdururuq.

Daha baş ağrıdıb demək istəmirəm ki, bütün müğənnilər, rəqqaslar, dumbulçalanlar, zurnaüfürənlər, teleaparıcılar bizimdir.

Bizim olmayıb, kimin olasıdırlar?

Dəryadakı balıqlar, orada üzən gəmilər, onlar da bizimdir.

Göydə uçan təyyarələr, göyün özü də bizimdir.

Məscidlər, orada Quran təlavət edən ruhanilər də bizimdir.

Ölkədəki şose və dəmir yolları bizimdir. Bu yollarla hərəkət edən avtomobillər, qatarlar və vaqonlar da bizimdir.

Ermənilər fil qulağında yatıblar, bilmirlər ki, elə onlar da bizimdir.

Azərbaycan bizimdir.

Ana səhifəMənim FikrimcəBizimdir