Bizi birləşdirən… brend

Türk Dövlətləri Təşkilatı. Foto: president.az

Rövşən Hacıbəyli

Azərbaycanın təşəbbüsü ilə yaradılan “Made in Turan”

Arada sevindirici xəbərlər alırıq. Belə xəbərlər qaramat basmış ölkədə adamın ovqatını az da olsa xoş edir. Yoxsa IP yığmaqdan ötrü saytlar o qədər qara xəbər paylaşır ki, qanı durultmaq üçün heç bir vasitə kömək eləmir; nə sənaye, nə də kustar üsulla hazırlanmış vasitə. Çox intizarda saxlamaq istəmirəm oxucunu. Həm də xəbər o qədər qürurvericidir: haray salmaq, səsini, ününü dünyaya çatdırmaq, aldığın sorağı anındaca bölüşmək istəyirsən…

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Saytlar yazıb ki, mayın 22-də Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in TURAN” brendi yaradılıb. Açığı Qazaxıstana paxıllığım tutdu, Azərbaycanasa qəzəbləndim. Belə brendin yaradılması niyə özümüzdə elan olunmasın, niyə bu cür möhtəşəm hadisə başqa yerdə baş versin; bizim təşəbbüsümüzlə olsa belə.

Düzdür, sonra qəzəbim soyudu, hər bir halda bizim uğurumuzdur. Hansısa türk serialında deyirdilər e, “Azərbaycan Turana günəş kimi doğacaq”, bax, həmin günlərdən biridir. Bu, Türk Dövlətləri Təşkilatının yaratdığı brenddir. üç mərkəzi var, onlardan biri paytaxtımızdır, Bakı parlamentar assambleyanın mərkəzidir. Doğru seçimdir, bizdə Məzahir Pənahovun sayəsində parlamentar ənənə çox güclüdür, əslində, brendə çevriləsi ənənədir. Onun zamanının gələcəyinə zərrə qədər şübhə yoxdur. Hələlik onu bir kənara qoyub keçək türk dünyası markalarını birləşdirən brendə…

İndilikdə əsas məsələ odur. Xəbərdə yazılıb: “Made in Turan” markası dedikdə TDT-yə üzv ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. “Made in Turan” markası üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcəkdir”. Lap yaxşı. Türk Dövlətləri Təşkilatına üzv 5 ölkədən hansında daha çox brend mallar istehsal olunur? Şübhəsiz, Türkiyə bu sahədə liderdir, qalan dövlətlərin onunla rəqabət aparmaq gücü hələlik görünmür. Məsələn, Azərbaycanın hansısa brendini xatırlamıram. Qalır Qazaxıstan, Qırğızıstan və təşkilata 10 il sonra qoşulan Özbəkistan. Bizdən fərqli olaraq bu 3 dövlətdə biznes mühitini yaxşı adlandırmaq olar. Ancaq anındaca onların hansısa məhsulunun adı yada düşmür.

Dünyaya nələr çıxardıqlarını, hansı brend məhsullarının olduğunu tezliklə biləcəyik. Bunu bizə Azərbaycanın təşəbbüsü ilə yaradılan “Made in Turan” markası tanıtdıracaq…

…Ancaq sevinmək də elə bil bu ölkədə limitlədir, artıq olmaz, bədəlini ödəməlisən. Turan brendi xəbəri təzəcə yayılıb əhalimizin heç də hamısına çatmamışdı ki, başqa bir xəbər tirajladılar. Vasif Talıbovun (Naxçıvanın keçmiş yiyəsi) “Kəhrəba” fermer təsərrüfatı ləğv edildi. Niyə? Axı sən “Made in Turan” brendi yaradırsan. Onun altında nələr yatdığını hamı bilməli, hamı bu işə töhfəsini verməlidir. Elə Vasif Talıbov da. Bəlkə, onun fermer təsərrüfatında istehsal olunan məhsullardan biri, həqiqətən də, yeni brendin bəzəyi olacaqdı.

Üstəlik, bu təşkilat onun vaxtında Naxçıvanda yaradılıb, indi hansı ağılla, hansı məntiqlə, hansı hikkə ilə onu oyundankənar vəziyyətdə qoymaq olar? Bilməyənlər üçün xatırladaq. Türk Dövlətləri Təşkilatı (TDT) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Təşkilat o qədər cəlbedici, o qədər işləkdir, türkdilli dövlətlərin marağını o qədər çəkib ki, Özbəkistan 10 il sonra – 2019-cu ildə bura üzv olub. Təşkilatın 3 müşahidəçi üzvü var: Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyəti…

Kim bilir, bəlkə, Vasif Talıbov “Kəhrəba” fermer təsərrüfatını elə bu gün üçün yaradıbmış. Çox təəssüf, türkdilli xalqların “Made in TURAN” brendinin yarandığı elan olunan gün hansısa qara qüvvələr, düşmən güclər onun fermer təsərrüfatını ləğv etdilər. Burda yerinə düşən bir söz var, ancaq tərsinə: Türkün türkdən başqa düşməni yoxdur…

Ana səhifəMənim FikrimcəBizi birləşdirən… brend