Bir əlin idarəçiliyi

Azərbaycanda seçki. Foto: PX Media/shutterstock

Rövşən Hacıbəyli

Yaxud Matamela Siril Ramafozanın gecikmiş məktubu

AzTV-lər, demək olar, hər gün etiraz aksiyaları ilə bağlı Avropa ölkələrindən, ABŞ-dan süjetlər verir, arada o yerlərin “paytaxt sakini”ni də danışdırırlar, lap Bakı sakinləri kimi. Bunu o ölkələrin daxili siyasətini, eyni zamanda “bacarıqsız”, “səriştəsiz” rəhbərlərini yamanlamaq üçün fürsət bilirlər. Danışdırdıqları adamlar ölkəyə rəhbərlik edənləri yerdən-yerə vururlar.

Aksiya iştirakçılarına aşırı polis zorakılığını xüsusilə qabardırlar. İnsan haqları məsələsi önə çəkilir. Bəli, AzTV-lər də insan haqlarından, aksiyaçıların polis zorakılığı ilə üzləşməsindən, qanunsuz həbslərdən danışır. Açığı məqsəd bir qədər anlaşılmazdır. Niyə etiraz aksiyalarına bu qədər efir vaxtı ayrılsın, axı Azərbaycanda da vaxtilə kütləvi etiraz aksiyaları olub, ancaq AzTV-lər o aksiyaları çox xəsisliklə, həm də polis zorakılığını qabartmadan, ötəri işıqlandırıb.

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Paytaxt Bakıda keçirilən aksiyalara müxbir göndərməyən telekanallar nədən uzaq Fransaya, Niderlanda, Almaniyaya… jurnalist göndərsin ki?! Nə demək istəyirlər?..

Məsələn, Fransada fermerlərin etirazı lap işə yaradı. Çünki bu, Fransanı “ermənipərəst mövqeyinə görə” bolluca tənqid atəşinə tutmaq üçün yaxşı məqam idi. Belçikadakı fermer etirazları da hər xəbər buraxılışında işıqlandırıldı. Etirazçılar traktorlarla şəhərin mərkəzində istədiklərini edirdilər, küçələrə peyin tökür, ot bağlamaları yandırır, səslərinin eşidilməsini istəyirdilər. Onlar xaricdən idxal olunan malların artması səbəbindən gəlirlərinin azalmasından şikayət, kənd təsərrüfatına subsidiyaların azaldılmasına isə etiraz edirdilər. Bu və başqa ölkələrdə aviaşirkətlərin, dəmiryolçuların aksiyaları da AzTV-lərin daim diqqətindədir…

Telekanalların bəh-bəhlə hər xəbər buraxılışında yayımladıqları o aksiyaların sonunda hökumət etirazçılara güzəştə gedir, onların tələblərini ya tam, ya qismən də olsa yerinə yetirmək zorunda qalır. Kim bilir, bəlkə, bizim telekanalları idarə edənlərin  məqsədi elə stimul verməkdir, Azərbaycanda səsi eşidilməyən fermerlərə, sahibkarlara, illərdir susuzluqdan əziyyət çəkən kəndlilərə dəstək olmaq, yalnız etirazlarla tələblərinin gerçəkləşəcəyini təşviq etməkdir. Çünki ölkədə bütün sahələrdə çox ciddi problemlər var, regionlarda həyat sönüb, rayonların əhalisi iş yeri dalınca paytaxta axışır. Son illər ən asan tapılan iş yeri taksi xidmətləridir. Sadəcə sürücülük vəsiqəni götürüb kəddən gəlirsən, axşama kimi artıq iş yerin də, “Toyota Prius” maşının da hazırdır. İndi bu xidməti də avtobus marşrutları kimi bir əldə cəmləmək qərarı verilib. Sahibkarlıq bir sinif kimi ləğv edilir.

Əslində, çoxdan ləğv edilib, bütün sahələr məmur-oliqarxların əlində və nəzarətindədir. Görünür, onların sayı çoxdur, arzu olunan həddən çox. O üzdən hər sahəni bir ələ yığırlar, pərakəndəlik olmaması üçün, çünki bizə BİRlik gərəkdir, axı nəyi necə, nə vaxt eləməyi yalnız BİR nəfər bilir… Sadəcə AzTV-lərin etiraz aksiyalarına (bizdə yox ha, xaricdə) həssas münasibətini, polis zorakılığını pisləməsini görəndə adam çaş-baş qalır. Üstəlik, hər gün efirə yeni-yeni politoloqlar çıxır, qabaqlar belə deyildi, bir-ikisi vardı, xalq da onları yaxşı tanıyırdı, nə deyəcəyini, nədən danışacağını bilirdi. İndi çox qarışıqlıqdır, bütün dünyanın üçüncü növ ölkələrində olduğu kimi. Bir politoloq demişkən, nə desən ola bilər…

***
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza, gec də olsa, fevralın 7-də keçirilən prezident seçkisi ilə bağlı Azərbaycana təbrik yollayıb. Fəaliyyətdə olan dövlət başçısını yenidən prezident seçilməyi münasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adından qutlayıb.

Bunu başa düşmək olar, Cənubi Afrika bizdən xeyli uzaqdır, elə də ciddi əlaqələrimiz yoxdur, Azərbaycanda keçirilən prezident seçkisi də, etiraf edək, dünyanın diqqətində olmayıb, o üzdən gec xəbər tutublar. Üstəlik, əhalisi qarışıq olan ölkədə yekdil fikrə gəlmək, təbrik etmək qərarı vermək sizə asan gəlməsin. Yenə sağ olsun Matamela müəllim, gec də olsa təbrikini yollayıb. Maraqlısı isə öz ölkənin hər yerindən hələ də gələn təbrik məktublarıdır. Matamelanı başa düşdük, bəs paytaxt sakini Əli Nağıyev niyə bu seçkidən indi – martın 28-də xəbər tutub? Ya da Masallı, Naftalan, İsmayıllı, Şirvan, Cəlilabad… və dayanmadan hələ də təbrik məktubu yollayan vətəndaşlarımız, ay əzizlər, çox yubanmısız.

Fotolar: president.az-dan skrinşot

Bu gün-sabah mümkündür yenə növbədənkənar seçki olsun, görünən odur ki, bunlar seçkiyə həm əyləncə, həm də qazanc yeri kimi baxır. Seçici siyahıları dəqiqləşdirilmir, daha doğrusu kağız üzərində dəqiqləşdirilir. Siyahıya almanı kabinetlərdə oturub aparırlar. Belə idarəçilik olan yerdə hər şeyə biganə vətəndaşın səhərlər yuxudan duranda yeni qanun və qaydalarla qarşılaşması təbiidir. Dediyimiz odur ki, seçkilərə operativ reaksiya verin, təbriklərinizi tez yazın, sürət əsridir, hərənizin əlində bir telefon, planşet, evində kompüter.

Gözləməyə nə ehtiyac var?! Kimin seçiləcəyi qabaqcadan bəllidirsə, elə təbriki də qabaqcadan, ya da məntəqələr bağlanandan dərhal sonra yazmaq olar, yoxsa seçkidən 2 ay sonra təbrikin nə faydası. Siz axı Matamela Siril Ramafoza kimi uzaqda deyilsiz…

Ana səhifəMənim FikrimcəBir əlin idarəçiliyi