BVF Azərbaycandan niyə getdiyini açıqladı

Foto: Beynəlxalq Valyuta Fondu

İqtisadçı: “Beynəlxalq Valyuta Fondu nə son çarədir, nə də ilk ünvan…”

Beynəlxalq Valyuta Fondu – BVF (ingiliscə: International Monetary Fund – IMF) Azərbaycandakı ofisini bağlamaq qərarına gəlib.

Yerli media yazır ki, Fond 2023-cü ilin iyun ayının sonunda ofisini qapadacaq.

Bu barədə Meydan TV-nin sorğusuna cavab verən BVF məlumatı təsdiqləyib.

Bildirib ki, təxminən 30 ildən sonra Bakıdakı ofisi bağlamaqla bağlı verdikləri qərar Azərbaycan iqtisadiyyatının və onun böyük maliyyə buferlərinin güclü göstəricilərinə görədir:

 “Yaxın gələcəkdə BVF ilə Azərbaycan arasında hər hansı kredit razılaşması gözlənilmir. Bu da yerli ofisin mövcudluğunun davam etdirilməməsinə səbəbdir”.

Təşkilat bildirib ki, buna baxmayaraq, BVF-nin Azərbaycanla sıx əlaqəsi davam edəcək:

“Əməkdaşlığımız iqtisadi və maliyyə siyasətlərini müzakirə etmək  üçün müntəzəm səfərlər etmək, tələb olunduqda texniki yardım göstərməklə davam edəcək”.

İqtisadçı Fərid Mehralızadə deyir ki, BVF-nin siyasəti daha çox heç bir yerdən maliyyə dəstəyi ala bilməyən ölkələrlə işləmək üzərində qurulub.

İqtisadçı bildirir ki, düzdür, hər zaman belə olmur, amma, adətən, axırıncı yol kimi üz tutulan qurum sayılır. Beləliklə, çox ciddi maliyyə sıxıntısı, problemi olan ölkələr başqa yerdən maliyyə vəsaiti tapmayanda onlara müraciət edir:

“Bu açıqlamada yarı doğruluq da var. Azərbaycan istəsə, başqa qurumlardan da borc ala bilər. Yəni BVF Azərbaycan üçün nə son çarədir, nə də ilk müraciət olunacaq ünvan. Bəlkə də, diplomatik dillə məhz bunu izah etməyə çalışıblar”.

Fərid Mehralızadə əlavə edir ki, əslində fond hardasa haqlıdır. Azərbaycanda büdcənin icraatı baxımından ciddi problem yoxdur:

Fərid Mehralızadənin şəxsi arxivindən

“Məsələn, büdcəsinin xərci 100 milyon, gəliri 50 milyon şəklində olan ölkələr lazım olan 50 milyonu təmin etmək üçün kredit almağa məcburdur. Yoxsa büdcəni icra edə bilməyəcək. BVF bu kimi vəziyyətlərdə dövrəyə girir. Azərbaycanda isə bu cür problem olmur. Çünki büdcənin gəliri ilə xərci bir-birinə yaxındır, hətta çox vaxt gəlir xərci üstələyir”.

İqtisadçı bildirib ki, Azərbaycanın büdcəni tam icra etmə səbəblərindən biri də ölkədə maaşlar, təqaüdlər və digər sosial ödənişlərin aşağı olmasıdır.

O deyir ki, bəlkə də, maaşlar, təqaüdlər, ödənişlər normal səviyyədə olsa, Azərbaycan hökuməti də xərcləri qarşılaya bilməzdi:

“Lakin hökumət indiki halda öz makro-iqtisadi borcunu, öhdliklərini yerinə yetirə bilir. Ona görə də borc almağa o qədər də ehtiyacı olmur. Ayrı-ayrı layihələrlə bağlı kredit lazım olur, onu da digər banklarla həll edə bilirlər”.

Azərbaycan Respublikası BVF-yə 1992-ci ilin 18 sentyabrından üzv qəbul olunub.

1993-cü ildən 2009-cu ilədək Azərbaycanda BVF-nin rezident nümayəndəliyi fəaliyyət göstərib.

Bundan sonra BVF Azərbaycandakı fəaliyyətini daha aşağı statuslu yerli əlaqələndirici vasitəsilə həyata keçirib.

2005-ci ildən Azərbaycanın BVF ilə əməkdaşlığı yalnız məsləhətləşmələr formatında həyata keçirilir.

Ana səhifəİqtisadiyyatBVF Azərbaycandan niyə getdiyini açıqladı