“Beton zavod”un sakinləri: „Həyatımız bunlardır – zibillik, üfunət, xəstəlik…“

Sakinlər hər gün oğurluq edildiyini, narkomanların əlindən uşaqlarını tək buraxa bilmədiklərini deyirlər

“Oğurluq, narkomaniya baş alıb gedir. Uşaqlarımızı çölə buraxa bilmirik, evimizin qapısını, pəncərəsini açıq qoya bilmirik. Zibilliyin içində yaşayırıq, daha sağlam canımız da qalmayıb”.
Sumqayıt şəhəri, “Beton zavod”un ərazisi deyilən yerdə yaşayan məcburi köçkünlər illərdir, eyni problemlərdən şikayətlənirlər.
Dediklərinə görə, dəfələrlə rəsmi qurumlara müraciət ediblər, amma dəyişən heç nə yoxdur.
“Uşaqlarımız xəstə düşürlər, bütün gün burunları axır, öskürürlər. Hamısı zibilliyin içində oynadıqlarına görədir. Hər yerə müraciət etmişik. Hətta bir dəfə ATV də gəlib çəkdi, bizi aldatdılar, dedilər, zibil qabları qoyulacaq, amma qoyulmadı“.
Günel Rüstəmova Qubadlıdan məcburi köçkündür. 15 ildir ki, burda yaşayır.
Deyir, həyətə dəmir stul qoymağa da peşmandılar, səhəri gün yoxa çıxır. Az qala hər gün hansısa evə oğru girir. Gecələr isə narkomanların səsindən dayanmaq olmur.
“Qız uşaqlarımıza görə narahatıq. Gözümüzdən qoymuruq. Qorxuruq ki, narkomanlar başlarına oyun açar uşaqların. Sumqayıtda məcburi köçkünlər üçün tikilən evlərin hamısı boşdur, nə olar ki, birini də bizə versələr? Deyirlər, Qubadlı alınıb, köçəcəksiniz. Nə vaxt köçəcəyik? Ağzını açıb bir kəlmə deyən yoxdur. Bəlkə, 20 ilə köçəcəyik, mən 20 il burda çürüməliyəm?”
Zəngilandan olan məcburi köçkün Aygün Mehdiyeva beton döşəməni göstərir:
“Bax bu beton evdə 2 oğlan uşağı böyüdürəm. Sabah gəlib əsgər aparacaqlar, göndərməyəcəm, demişəm”.
A.Mehdiyeva 17 ildir burda yaşayır. Deyir, bura gələndən bəri gün üzü görməyib. Zibillik, üfunət, xəstəlik – geridə qalan 17 ilini belə təsvir edir:
“Siz inanırsınızmı, biz pəncərəni açıb təmiz hava uda bilmirik. Bir yanda mal bazarı var, onun qoxusu bizi öldürür, o biri yandan da zavodlarda dəmir əridirlər, qoxusu evin içindədir. Uşaqlarımız astma, bronxit olublar. Get bütün qapıları döy, soruş gör, burda sağ-salamat bir adam varmı?”
Aygün Mehdiyevanın sözlərinə görə, bu küçənin yolları da pis gündədir, yağış yağanda evdən çıxmaq olmur.
“Təcili yardım buranı tapana kimi xəstə əlimizdə ölür. Neçə dəfə zavodun köhnə binasında yanğın olub, yanğınsöndürən çağırmışıq, gəlib tapa bilməyib. Bunları birtəhər yola vermək olar, heç nə demirəm. Amma bu zibillik məsələsi bizi boğaza yığıb. Bu məsələdən ötrü Bakıya qədər getmişik. Sumqayıt Şəhər Təmizlik Departamentinə neçə dəfə şikayət etmişik. Gəlib baxırlar, amma heç nə etmirlər”.
Sakinlərin narkomaniya və oğurluq iddialarıyla bağlı Daxili İşlər Nazirliyindən Meydan TV-yə bildirilib ki, şikayətlər araşıdırılacaq, əgər sakinləri narahat edən neqativ hallar varsa, bütün zəruri tədbirlər görüləcək.

Sumqayıt Şəhər Təmizlik İdarəsindən verilən məlumata görə, adıçəkilən ərazi həftədə bir dəfə zibillərdən təmizlənir, sadəcə, sakinlərin özləri qaldıqları ərazini təmiz saxlamağa meyilli deyillər.
“Xüsusi maşınlarla həftədə iki dəfə oranı təmizləmək üçün sakinlərdən pul yığmağa çalışdıq. Çox yox, adambaşına 2-3 manat. Onlar bundan imtina etdilər. Ona görə biz də təmizlik işini dayandırmalı olduq”,- qurumdan bildirilib.
Bu ilin martında Prezidentin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev açıqlayıb ki, 2023-cü il ərzində sözügedən rayonlarda bir neçə kəndin inşa olunacağı planlaşdırılır.
Lakin sakinlərə bu barədə məlumat verilməyib.

Ana səhifəFotoreportaj“Beton zavod”un sakinləri: „Həyatımız bunlardır – zibillik, üfunət, xəstəlik…“