Benqal körfəzində qaçqınları daşıyan iki qayıq batıb, 500-dən çox insanın öldüyü güman edilir

Foto: RTA English Facebook səhifəsi

Myanmadan yola çıxan Rohinca qaçqınlarını daşıyan iki qayığın Benqal körfəzində batması nəticəsində 500-dən çox insanın həlak olduğu ehtimal edilir.

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) iyulun 16-da bununla bağlı birgə məlumat yayıb.

Bildirilir ki, hər iki qayıq iyunun sonunda Myanmanın Rakhayn ştatından yola çıxıb. Sərnişinlərin əksəriyyəti rohinca azlığının nümayəndələri olub. Onların bir qismi sıxlıq və ağır yaşayış şəraitinin hökm sürdüyü Banqladeşin Koks-Bazar bölgəsindəki qaçqın düşərgələrindən yola çıxıb.

Rohincalar Myanmada uzun illərdir ayrı-seçkilik, hüquq məhdudiyyətləri və təhlükəsizlik problemləri ilə üzləşirlər. Banqladeşdəki qaçqın düşərgələrində isə sıxlıq və məhdud imkanlar səbəbindən bir çoxu daha təhlükəsiz həyat axtarışı ilə təhlükəli dəniz yollarına üz tutur.

Məlumata görə, təxminən 250 nəfərin olduğu ilk qayıqla əlaqə yola çıxdıqdan qısa müddət sonra kəsilib. Təxminən 280 nəfərin olduğu ikinci qayığın isə iyulun 8-də Myanmanın Ayeyarvadi sahillərində batdığı ehtimal olunur.

BMqT və BMT QAK bildiriblər ki, ölənlərin sayı ilə bağlı rəsmi məlumatlar hələ təsdiqlənməsə də, humanitar faciə riski yüksəkdir.

Hər il minlərlə rohinca qaçaqmalçıların idarə etdiyi köhnə və təhlükəli qayıqlarla dəniz yolu ilə səyahət etməyə məcbur qalır. BMT QAK-ın məlumatına görə, ötən il Hind okeanının şimal hissəsində təxminən 900 nəfər itkin düşüb və ya həyatını itirib.

Ana səhifəDünyaBenqal körfəzində qaçqınları daşıyan iki qayıq batıb, 500-dən çox insanın öldüyü güman edilir