Zərdüşt Əlizadə
Nə üçün Azərbaycan elə indiki mərhələdə Ermənistana təkilf etməsin ki…
İnsan da, dövlət də öz davranış tərzini özü müəyyənləşdirir. Baxır vəziyyətə, ölçür imkanlarını, güddüyü məqsədə çatmaq üçün ən münasib davranış tərzini özü seçir. Elə davranış tərzini ki, ürəyində tutduğu məqsədə onu əminliklə çatdırsın.
Qarabağın qaytarılması naminə Azərbaycan müxtəlif davranış tərzlərindən faydalanmışdı. Zaman vardı Azərbaycan Qarabağın erməni işğalını dondurub 26 il onun viranə qoyulmasına göz yumurdu. Zaman vardı Heydər Əliyev Robert Köçəryanı Sədərəkdə qəbul edəndə və ona “Bizim Naxçıvana xoş gəlmişsiniz” deyəndə Robert həyasızlıqla hırıldayıb “Sizindir” soruşmuşdu və Heydər Əliyev atmacanı sanki anlamadığını göstərmişdi. Zaman vardı Medvedevin prezidentliyi dövründə Rusiya Qazanda Qarabağın Ermənistana ilhaqının ədəbli tərzini Azərbaycana qəbul etdirmək istəmişdi və İlham Əliyev özünü aşkar cığalbazlığa vurub, bu məkrli oyunu pozmuşdu.
Zamanlar müxtəlif olur və davranış tərzləri də onlara uyğun dəyişir. Zaman gəldi və Azərbaycan bu zamandan istifadə edib “Dəmir yumruq” davranış tərzini nümayiş etdirdi. Artıq üç ildən çoxdur ki, davranış tərzimizdə “Dəmir yumruq” dəbdədir. Bu tərzin sayəsində Qarabağ artıq qayıdıb və iş o yerə çatıb ki, artıq güc amili işə salınmadan nəinki Ermənistan rəhbərliyi Azərbaycanın qanuni hüquqlarını tanımağa başlayıb, hətta erməni siyasətşünas alimləri erməni hakimiyyətinin belə siyasətini erməni cəmiyyətinə məntiqi tərzdə izah etməyə başlayıblar.
Məsələn, Baş nazir Nikol Paşinyan Tavuşa gedib oranın kəndliləri ilə görüşüb və onlara izah edib ki, ya Azərbaycana məxsus dörd kənd dinc yolla qaytarılmalıdır, ya da iş yenə çatacaq “ölüb-öldürməyə”. Kəndlilər də ərazini göstərib deyiblər ki, bu dörd kəndi qaytarsaq, ə bə biz öz kəndlərimizdən rayon mərkəzinə və Yerevana hansı yolla gedə biləcəyik? Yeganə yol bu qaytarılacaq kəndlərdən keçir, sovet vaxtı bütün yollar açıq idi, yolun şərti Azərbaycan dövlətindən, ya şərti Ermənistan dövlətindən keçməsinin heç bir əhəmiyyəti yox idi, var idi yalnız SSRİ dövləti. Baş nazir də deyib ki, biz gərək Azərbaycan ərazisinə toxunmadan yeni yol çəkib sizin kəndləri Dilican, Noemberyan və Yerevanla bağlayaq. Kəndlilər də gülüb deyiblər ki, Nikolcan, yeni 12-15 kilometrlik yolu çəkmək üçün sən gərək bax bu dağı dəlib iki tunel qazasan, başqa cür yol çəkmək mümkün deyil. Bu qısa yolun böyük xərcini dövlət çəkə biləcəkmi?
Haqlı sualdır, deyilmi?
Azərbaycanın tələbini yerinə yetirməyə çalışan Baş nazir yerli sakinlərin haqlı sualı qarşısında çarəsiz qalıb. Tərəzinin bir gözündə qaçılmaz görünən “Dəmir yumruq”, o biri gözündə cəmi bir neçə kəndin əhalisini yolsuz qoymamaq üçün heç cür məntiqə sığmayan hədsiz yüksək məsrəf.
Məncə, məhz bu dəm comərdlik nümayiş etdirməyin məqamı gəlir. Nədir bu comərdlik? Xahış edirəm bu comərdi Ulu öndərin Sisyandakı doğma Comərd kəndi ilə, və ya Qazaxıstanın prezidenti Qasım Comərd Kamileviç Tokayevin adındakı Comərd ilə səhv salmayasınız. Bu comərd tarixi keçmişə uzanıb gedir və çatır 1187-ci ildə Qüdsü səlibçilərdən azad etmiş sultan Səlahəddin əl-Eyyibiyə. Onun bu tarixi qələbəsi barədə istəyən oxucu mənbə tapıb oxuyar. Bəs niyə Qərb ictimai və tarixi fikrində bu müsəlman sultan comərdlik rəmzi kimi qalıb? Onun müharibə məqsədilə topladığı 60 minlik Hicaz, İraq, Misir və Suriyadan olan ordusunun döyüşçüləri Qüdsü fəth edəndən sonra məğlub əhaliyə olmazın zülm etmiş, vəhşilik törətmişdir. Lakin Qərbli şahidlər heyrətlə şəxsən müzəffər sərkərdənin məğlublarla münasibətdə gözütoxluğunu, mərhəmətini və səxavətini müşahidə etmişlər və zəmanəsinin əxlaqı ilə əsla səsləşməyən bu davranışı yalnız nadir kübar cəngavərlərə məxsus comərdlik adlandırmışlar.
Comərd – yəni mərdliyin ən ali mərtəbəsi!
Bu təklifə əlavə bir incə məqam: tarixçi Rizvan Hüseynov tarixi mənbələrə istinad edərək deyir ki, bu Səlahəddin əl-Eyyubi əslən yerazdır, yəni əsli Qərbi Azərbaycandandır, ulu babası buradan köçüb İraqın Tikrit şəhərinə.
Azərbaycan Ermənistanla müharibədə qələbə çalıb, bu qələbə şəksizdir və qalib tərəfə istədiyi məqsədlərə çatmağa imkan verir. Tovuz rayonunda qaytarılacaq bu dörd kənd indi barəsində danışıq gedən, delimitasiya və demarkasiya olunacaq Azərbaycan-Ermənistan sərhədinin ilk rəsmi razılaşdırılmış hissəsi olacaq. Sonra, inşallah, digər hissələr razılaşdırılacaq və o cümlədən Zəngəzur yolu və oradan keçən sərnişinlərin və yüklərin daşınma qaydaları müzakirə olunacaq.
Nə üçün Azərbaycan elə indiki mərhələdə Ermənistana təkilf etməsin ki, əlavə yeni yol çəkmək lazım deyil, qoy erməni əhalisi indi mövcud olan və Azərbaycan ərazisindən keçən yoldan istifadə etsin? Yoldan istifadə qaydaları razılaşdırıla bilər. Gələcəkdə bu qaydalar Zəngəzur yolu ilə Naxçıvana gedən və gələn yüklərə və sərnişinlərə də şamil edilə bilər. Biz bu təklifi səsləndirsək, məgər bu Azərbaycan tərəfinin həqiqi barış niyyətinin nümayişi olmayacaqmı? Azərbaycan tərəfi indi informasiya müharibəsində bizə qarşı uğurla istifadə edilən ittihamları bircə addımla darmadağın edə bilər.
Bu təklif Azərbaycandan heç bir əlavə xərc və ya ciddi hüquqi güzəşt tələb etmir, sadəcə insanlığın və qanacağın beynəlxalq təcrübədə geniş yayılmış təzahürüdür. Bizim hakimiyyət bu addımı atarsa, münaqişənin həllinə yönəlmiş ciddi niyyətini göstərər.
Bunun ardınca Azərbaycan indi əməli olaraq bağlanmış Gorus-Qafan yolunun bizə məxsus olan 21 kilometrlik hissəsindən erməni və ya Ermənistana yük daşıyan xarici yük maşınlarının havayı istifadəsinə icazə versə, nə olar? Bizim büdcəyə ağır zərbə dəyər? İndi onsuz da bu yoldan demək olar ki, istifadə olunmur.
İndi Bakıda qazamatda yatan qatı cinayətkarlar arasında həqiqətən ağır cəzaya layiq nadürüstlər var. Lakin mən şəxsən DQR-in sabiq “xarici işlər naziri” David Babayanı tanıyıram, onunla bir neçə beynəlxalq tədbirdə iştirak etmişəm. Şəraitin qurbanı, bədbəxt bir insandır. Ömründə heç bir döyüşdə iştirak etməyib, bircə hərbi hissənin komandiri olmayıb, yeganə günahı o olub ki, Budapeştdə ali məktəbdə oxuyub və ingilis dilini bilir, buna görə onu qoyublar DQR-in olmayan xarici işlərinin naziri. 19 sentyabr 2023-cü il hərbi münaqişəsindən sonra özü öz ayağı ilə gəlib Şuşaya və özünü təslim edib hökumətimizə. Mən çox istərdim ki, Azərbaycan bu binəva insanı azad etsin, qaytarsın ailəsinə. O qədər cəzaya layiq cani əlimizdən sivişib qaçıb ki, biri də olsun bu bədbəxt David Babayan.
Əgər kimsə hesab edirsə ki, Azərbaycan nə də etsə, Qərb bizə qarşı ənənəvi qərəzindən əl çəkməyəcək, yanılır. Qərb yekdil deyil, satqın peşəkar vicdansızlarla yanaşı vicdanlı, düşünməyi bacaran insanlar da var. Məhz onlar Azərbaycanın mənim təklif etdiyim comərdliyini görüb buna qiymət verəcəklər.
O biri tərəfdən, biz ki yalnız Qərbin bizə xoş münasibəti naminə yaşamırıq, Qərbdən qat-qat yüksəkdə Allah var. O, hər şeyi görür və bilir.