Balaxanım

15 yaşımdan ilişib yadımda qalan bir mənzərə var

Source:
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

15 yaşımdan ilişib yadımda qalan bir mənzərə var. Agappaq bənizli, saçları səliqəylə çiyinlərindən vurulmuş, ag köynək, enli qara ətəkli, qara çantalı, qara ayaqqabılı, əllərinin ağlığı və yumşaqlığı uzaqdan çağıran 16 yaşlarında bir qız təmkinli, arxayın yerişlərlə torpaq yolla gedir. Yolboyu yerləşən qamış alver köşklərinin qabağında oturan satıcılar, ümumi su musluğunun yanında paltar yuyan, su dolduran qarayanız, kobud qadınlar, analarına-bacılarına nəzarət edə-edə təsbeh çevirən, barmağında açar fırladan cavan oğlanlar, yeniyetmələr, həndəvərdə məftil arabalarını dığırladan uşaqlar – hamısı dönüb qıza baxır və pıçıldayırdılar – Balaxanım…

Balaxanımla bircə dəfə də olsun, danışmamış, kəlmə kəsməmişdim. Güman ki, o, heç məni tanımırdı. O, 5 il yaşadığım çadır şəhərciyində ən gözəl qız idi. Gözəllik əslində xeyli mənada pula, imkana, şəraitə çox bağlıdır. Kasıbın gözəlliyi ancaq natural, təbii vergi ola bilər. Dostoyevskinin “Cinayət və Cəza”sının məzlum qəhrəmanlarından biri Marmeladovun təbirincə desək, gözəllik və təmizlik çox pul tələb edir. Gündəlik vannalar, manikür, makiyaj, geyim, nə qədər çirkin də olsa, adamın abrını örtür. Kasıblıq, baxımsızlıq isə ən gözəl qadını da düşkünləşdirir. Varlı qadın üçün gözəl olmaq asandır.

Bu mənada Balaxanımın çadır şəhərciyi kimi bir yerdə, cındırından cin ürkən insanların yaşadığı yerdə belə ütülü, təmiz, qəşəng geyinməyi, günəşin hamını qapqara qaraltdığı vaxtda, onun bənizinin, əllərinin ağlığı, ağır zəhmətdən kobudlaşan, qabarlaşan, əyilən qadın əllərinin yanında onun yumşaq, ağappaq əlləri nağıl kimi görünürdü.

Biz Balaxanımın Malenasayaq təntənəli yerişini adətən iri yük maşınının kuzovundan izləyirdik. Sentyabr-oktyabr aylarında məktəbə getməyən, ailələrinin kasıblığına şərik olan məktəbli qızlar, oğlanlar hər səhər 8-də analarına qoşulub, yük maşınına atlayır və pambıq tarlalarına yola düşürdü. Mən də o yeniyetmələrin arasında idim.

Pambıq yığmaq yaşıdım olan qızlar üçün nə qədər təbii görünsə də, yaşıdlarımız oğlanlar üçün ayıb hesab olunurdu. Öz oğlanlarını pambıq yığmağa ancaq ən kasıb analara aparırdı. Oğlanlar maşına utana-utana adlayır, tarlalarda pambıq önlüklərini utana-utana taxırdılar.

Bütün bu kasıblığın, ağır zəhmətin fonunda hər səhər tərtəmiz paltarda, gözəl yerişlə dərsə gedən Balaxanım bizim üçün rifahın, xoşbəxtliyin rəmziydi. Bizimlə eyni çadır şəhərciyində yaşasa da, eyni köçkünlük aqibətini paylaşsa da, o, daha xoşbəxt idi. Atası çadır şəhərciyinə humanitar yardım verən təşkilatda işləyirdi, onu yaxşı maaş və maşınla təmin etmişdilər. Ailəsinin pambıq yığmaq kimi bir qayğısı yox idi və bütün şəhərcik bu ailəyə həsəd apardı.

Düz iki ay boyunca torpaq yol ən köhnə paltarlarını geyinib, üzlərini ag parçalarla sarımış, qollarına uzunboğaz corab keçirmiş kasıb balalarını pambıq tarlalarına, tərtəmiz, ütülü paltarlar geyinib, tumarlanmış Balaxanımı isə məktəbə aparırdı. Biz həsədlə düşünürdük ki, hamımız valideynlərimiz kimi kasıb, yazıq adamlar olacağıq, onlar necə yaşayıbsa, biz də elə yaşayacağıq. Hər səhər mütləq sallana-sallana dərsə gedən Balaxanım isə oxuyub, böyük adam olacaq. Çünki bizə və ona həyat bu aqibəti hazırlamaqda idi…

Günlərin bir günü Balaxanım yoxa çıxdı. Biz onu bir daha heç vaxt görmədik. Səhərlər eyni yolu gedəndə, sallana-sallana dərsə gedən Balaxanımı görməmək çox qəribə idi. Elə bil, nəsə çatışmırdı. Nəsə yox olmuşdu, həyatımızın harmoniyası pozulmuşdu.

Bir müddətdən sonra öyrəndik ki, Balaxanımı ərə veriblər. Dayım, başını tərpədərək, “Eyzən ən gəşəngləri alırlar”- dedi. Anası soruşan qonşulara, “Bu çadır yerində neyləyəcəm o qızı, rayonda imkanlı ailə vardı, istədilər, verdik” – demişdi.

Əri məktəbli Balaxanımı daha dərsə buraxmayıb. Yəqin ki, özü də ərə gedəndən sonra parta arxasında oturmağa utanardı.

Mən Balaxanımı daha heç vaxt görmədim. O, bizim həyatımızdan qəfil yoxa çıxdı. Balaxanımın təmiz və qəşəng paltarda dərsə getdiyi yol mənzərəsi isə birdəfəlik ilişib yadımda qaldı.

Dünən isə Balaxanım yenə yadıma düşdü. Və fikir verdim ki, bizim yaşadığımız ölkədə çox vaxt qadının ərə getməyi onun yoxa çımasına bərabərdir. Aktivist qız ərə gedir, yoxa çıxır. Jurnalist qız ərə gedir, yoxa çıxır. Menecer ərə gedir, yoxa çıxır. Məktəbli ərə gedir, yoxa çıxır. Tələbə ərə gedir, yoxa çıxır. Nomrələr dəyişir, dostlarla əlaqə kəsilir, normal həyat tərzi ancaq ərin, ərin ailəsinin, qohumların əhatəsilə məhdudlaşır. Səni insan kimi, şəxsiyyət kimi formalaşdıran hər şeydən imtina edirsən.

Sən normal sosial varlıqdan dönüb arvad olursan.

Və hər şey bununla bitir.

Ana səhifəMənim FikrimcəBalaxanım