“Quru sərhədi açın!” tələbiylə aksiyada saxlanılan siyasi fəala 30 sutka cəza – Yenilənib

Foto: Meydan TV

Müsavat Partiyasının Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Əziz Məmiyev haqqında həbs qərarı çıxarılıb. Məhkəmənin qərarıyla o, polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək, 30 sutka inzibati həbs cəzası verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib ki, Əziz Məmiyev polislərin qanuni tələbinə riayət etməyib, onlara müqavimət göstərib. Bu səbəbdən barəsində inzibati protokol tərtib olunub: “O saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib”.

Müsavat Partiyasının Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Əziz Məmiyev

Müsavat Partiyası 29 yaşlı fəalın işgəncəyə məruz qalmasından narahatdır. Partiya başqanının müavini Səxavət Soltanlı Əziz Məmiyevin həbsinin qanunsuz və əsassız olduğunu bildirib:

“Biz onun qanunsuz saxlanmasından, hazırda ona qarşı fiziki işgəncənin davam etməsindən ciddi narahatıq”.

Əziz Məmiyev saxlandıqdan sonra Post-Patrul Xidmətinin avtomobilində digər saxlanılanlarla birlikdə aparılarkən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntülərdə siyasi fəal polislərin aksiya iştirakçılarına qarşı elədiklərini tənqid edir:

“Siz qul, köləsiz. Saxta insanlara bizi söydürürsünüz. Vaxt gələcək siz imdad diləyəcəksiniz. Bu nə yaşayışdır siz yaşayırsız?”

Əziz Məmiyevin bu fikirlərinə görə cəzalandırıldığı ehtimal edilir.


“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı aksiyada saxlanılanların siyahısını tərtib edib:

1. Tofiq Yaqublu (Milli Şura, Müavat Partiyası)
2. Seymur Həzi (AXCP)
3. Gülnarə Rahimova (AXCP)
4. Afa Cəfərova (AXCP)
5. Rövşən Rəhimov (AXCP)
6. Yegana Rüstəmova (ictimai fəal)
7. Anar Hüseynov (AXCP)
8. Babek Hesenov(AXCP)
9. Quliyev Səyyad (AXCP)
10. Tünzalə Amirova (AXCP)
11. Elnur Quliyev (AXCP)
12. Rövşən Səfərov (AXCP)
13. Könül Əhmədova (AXCP)
14. Emin Xəlil (aktivist)
15. Mehriban Hüseynli ( AXCP)
16. Elvin Əliyev (AXCP)
17. Yunis Novruzov (AXCP)
18. Təranə Səfərsoy (ADR)
19. Faiq Nağıyev (AXCP)
20. Said Bakuvi (AXCP)
21. Ənvər Ağamalızadə (ADR)
22. Orxan Cahangirov (AXCP)
23. Ramiz Cəfərov (AXCP)
24. Kənan Zeynalov (AXCP)
25. Amrah Tahmazov (ictimai fəal )
26. Elmir Abbasov (NİDA)
27.Bəxtiyar Hüseynov (AXCP)
28. Əziz Məmiyev (Müsavat)
29. Əlikram Xurşudov (Müsavat)
30. Cəmil Hacıyev (siyasi fəal)
31.Mətanət Mahmarzayeva (AXCP)
32. Elmira Etibarova (AXCP)
33.Pərvin Hacıyev (AXCP)
34. Novruz Tağıyev (AXCP)
35. Bəhram Mənsimov (AXCP)
36. Atilla Xan (ictimai fəal)
37.Elvin Mustafayev ( ictimai fəal)
38.Nərminə xanım (soaydı dəqiqləşdir mümkün olmayıb)
38.Sara xanım (soyadı dəqiqləşdirmək mümkün olmayıb)
39.Nazilə xanım (soyadı dəqiqləşdirmək mümkün olmayıb)
40. Rəşad Axundov ( Müsavat)
41. Sevinc Gözəlova (AXCP)
42.Şirvan Sultanov ( AXCP)

Saxlanılanlar hamısı sonradan sərbəst buraxılsa da, Əziz Məmiyev barəsində İXM 535-1 ci maddəsi ilə inzibati icraat başlanılıb, Səbail Rayon Məhkəməsində Əziz Məmiyevə 30 sutka inzibati həbs qərarı çıxarılıb.

Əziz Məmiyevin saxlanma anı

“Müdafiə Xətti” Azərbaycan hökumətinə çağırış edir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş yığıncaqlar və birləşmək, sərbəst toplaşmaq azadlıqlarına hörmətlə yanaşsın.


Aksiyanın polis tərəfindən dağıdıldığı bildirilir

İyulun 20-də Bakıda Nazirlər Kabinetinin binası qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya keçirilib.

Tofiq Yaqublunun təşəbbüsü və Milli Şuranın dəstəyi ilə keçirilən “Quru sərhədləri açın!” tələbli aksiya polis əməkdaşları tərəfindən dağıdılıb.

Nazirlər Kabinetinin binasına gedən yol polis dəstələri tərəfindən bağlanıb, aksiya iştirakçılarının digər küçələrə keçməməsi üçün önləri kəsilib.

Aksiyaya çıxan fəallar “Sərhədləri bağlama, xalqı əsir saxlama” və “İstefa” şüarları səsləndiriblər.

Etirazlar zamanı aksiyanın təşkilatçısı Müsavat Partiyasının və Milli Şurasının üzvü Tofiq Yaqublu və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi, partiya fəallarından Babək Həsənov, Paşa Umudov, Mehriban Hüseynli, Gülnara Rəhimova, Rövşən Rəhimov, Rövşən Səfərov, Yeganə Rüstəmova, Mətanət Turan, Elnur Quliyev, Orxan Cahangirov, Səyyad Quliyev, Könül Əhmədova, Elvin Əliyev, Tünzalə Əmirova, Səid Bakuvi, Qafqaz Cəfərov, Kənan Basqallı, Yunis Novruzov, Novruz Tağıyev, Pərvin Hacıyev, Bəxtiyar Hüseyn, Şirvan Soltanlı və başqaları, həmçinin Müsavat Partiyasından Əlikram Xurşidov, Əziz Məmiyev, Azərbaycan Demokratiya və Rifah Partiyasından Təranə Səfərsoy, Ənvər Ağamalızadə, NİDA Vətəndaş Hərəkatından Elmir Abbasov, ictimai fəallardan Emin Xəlilov, Cəmil Hacıyev və Əmrah Təhməzov saxlanılıb.

Polis əməkdaşları etiraz şüarları ilə çıxış edən aksiya iştirakçılarını zor gücünə xidməti maşınlarına yerləşdiriblər. AXCP üzvü Könül Əhmədovanı xidməti maşına mindirən qadın polis əməkdaşlar onun ağzını qapamağa çalışıblar.

Ümumilikdə 40-a yaxın aksiya iştirakçısının saxlanıldığı bildirilir. Onlar müxtəlif polis bölmələrinə aparıldıqdan bir müddət sonra sərbəst buraxılıblar.

Saxlanılanlardan müsavatçı Əziz Məmiyevdən isə 6 saatdır xəbər yoxdur.

AXCP sədri Əli Kərimli “Facebook” hesabında aksiyanın dağıdılmasını pisləyib: “Xalqımızı və beynəlxalq aləmi Azərbaycanda sərbəst toplaşma azadlığının qadağan olunmasına və polis zorakılığına etiraz etməyə çağırırıq”.

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” və “İnsan Hüquqları və Qanunların Təbliği” insan hüquqları təşkilatları hökumətdən vətəndaşların sərbəst toplaşma hüquqlarına hörmətlə yanaşmağı tələb edib.

Bu barədə hər iki təşkilat birgə bəyanat yayıb.

Hüquq müdafiə təşkilatları bu davranışı Azərbaycan Konstitusiyasının və ölkənin qoşulduğu beynəlxalq insan hüquqları konvensiyalarının və bəyannamələrinin pozulması kimi dəyərləndirib: Hökuməti götürdüyü öhdəliklərə və əsas qanuna riayət edərək vətəndaşların Konstitusiyada əks olunmuş sərbəst toplaşma, azad ifadə, siyasi fəaliyyət hüquqlarını tanımağa çağırırıq”.

Daxili İşlər Nazirliyi aksiyanın dağıdılması və iştirakçıların saxlanılması ilə bağlı hələ ki hər hansı bir rəsmi açıqlama yaymayıb.

İyulun 9-da Bakı Şəhər İcra Hakimiyyətinə Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya keçirilməsi ilə əlaqədar müraciət edən Tofiq Yaqublu rədd cavabı alıb.

Daxili İşlər Nazirliyindən də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiyanın, kütləvi toplantının keçirilməsinin yolverilməz olduğu bildirilib.

İyulun 1-də Azərbaycan Türkiyə ilə quru sərhədi sentyabrın 1-nə kimi bağlayıb.

Səbəb kimi pandemiya göstərilib.

Ekspertlərin fikrincə, quru sərhədləri bağlı olduğundan insanlar məcburən monopolist şirkətlərin bahalı aviabiletlərini alaraq xaricə gedir. Aztəminatlı ailələr isə bu sahədə ciddi problemlər yaşayır.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib ki, quru sərhədlərin bağlanması xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan addımdır: “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir.

Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq – quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm”.

Ana səhifəSiyasət“Quru sərhədi açın!” tələbiylə aksiyada saxlanılan siyasi fəala 30 sutka cəza – Yenilənib