Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə vermədi (yenilənib)

Bakı Şəhər İcra Hakimiyyəti, Foto: Azərtac

Demokratik Qüvvələrin Milli Şurası aprelin 21-də mitinq keçirməyəcək.

Bu barədə Milli Şuranın sədri, professor Cəmil Həsənli Meydan TV-yə danışıb.

Cəmil Həsənli bildirib ki, onlar razılaşdırılmış aksiya keçirmək niyyətində deyillər:

“Amma 2 həftədən sonra yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər”.


BŞİH mitinqin keçirilməsini məqbul saymır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə rədd cavabı verib.

İcra hakimiyyətinin cavab məktubunda qeyd olunub ki, Milli Şuranın mitinq üçün göstərdiyi Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri aparılır:

Eyni zamanda, metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi yerlərdir. Bu ərazilərdə nəqliyyat intensiv hərəkət etdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq. Ona görə aksiya keçirilməsi məqbul sayılmır”.

BŞİH cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinə əsaslandığını bildirib.

AXCP  Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə deyib ki, onlar icra hakimiyyətinin cavab məktubu ilə bağlı müzakirə aparırlar, 1-2 saata ictimaiyyətə məlumat veriləcək.

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aprelin 21-də saat 15.00-ə mitinq təyin etmişdi.

Milli Şura bu barədə aprelin 13-də qərarını elan etmişdi.

Azərbaycanda sonuncu dəfə mitinq 2019-cu ilin yanvarın 19-da keçirilib.

Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq”, “Mehman Hüseynova azadlıq”, “Bu vətən bizimdir”, “Biz qalib gələcəyik” və başqa şüarlar səsləndiriblər. 

Ana səhifəSiyasətBakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə vermədi (yenilənib)