Bakı Metropoliteninin fəaliyyəti dayandırılır

Səbəb kimi əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması göstərilir.

Source: google.az


Paytaxtda sərnişindaşımalar müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək

Bakı Metropolitenində qatarların hərəkəti 31 mart saat 22:00-dan 20 aprel tarixinədək dayandırılır.

Səbəb kimi əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması göstərilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Bildirilib ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Qeyd olunub ki, paytaxtda sərnişindaşımalar müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək:

“Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyat avtobuslar buraxılıb”.

Operativ qərargah qeyd edib ki, ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ana səhifəSosialBakı Metropoliteninin fəaliyyəti dayandırılır