Bağlanan “Hizmet” litseylərin arxasındakı hekayə

Bu litseylerin ilk məqsədi Türkiyənin dostları dünyada artırmaq və həmçinin dinlər arası dialoq düşüncəsini yaymaq idi…

Source:

Neçə illərdir deyirik ki, Çağ Öğretimin Azərbaycandakı YAP iqtidarı ilə oynadığı rəqsin axırı yoxdur. Bilirdik ki Gülən Camaatı elə zənn edir ki, hakimiyyəti onlar yönləndirirlər. Nəticədə məlum oldu ki, kim kimə yön verir. Çağ Öğretimdəki müəllimləri və işçiləri ilk öncə yaltağa çevirdilər,  daha sonra sistemin yalaması oldular. İndi isə litseylər və kurslar bağlanılır. Və daha sonra da onları terrorist və ya qeyri-leqal bandit dəstəsi elan edəcəklər. İnsan oxuduğu təhsil ocağının bağlanmasına heyflənir, ancaq bu nəticənin olacağını bilirdik… Üç sualım var:


Bu litseyler qurulma məqsədi başda nə idi və indi nə oldu?

Bu litseylerin ilk məqsədi Türkiyənin dostları dünyada artırmaq və həmçinin dinlər arası dialoq düşüncəsini yaymaq idi. Digər tərəfdən Azərbaycan kimi 70 il Sovetin əsarətində qalan islam coğrafiyasının inkişafında xüsusi rol alıb dünyada Türkiyənin güclü tərəfdaşlarının sayını artırmaq idi. 90-cı illərdə Türkiyədə hansı hökumətin olmasından asılı olmayaraq Türkiyə bu hərəkatın arxasında idi. Həmçinin ABŞ belə bu litseylərin arxasında dayanan hərəkata dəstək oldu və onları radikal islama alternativ olaraq gördü. Ancaq bu ölkələrdə başlayan demokratik hərəkatlar köhnə sistemin qalıqlarına məğlub olduqda avtoritar rejimlər bu ölkədə iqtidara gəldilər.. Özbəkistan “Hizmet” hərəkatının təhsil ocaqlarını bağlasada, digər ölkələr özlərinə məxsus limitlər gətirdi. Azərbaycandakı Çağ Öğretim qurumları avtoritar rejimlə bərabər işləməyə qərar verdilər, əlbəttə ki bunda Türkiyə Azərbaycan hökumətlərinin yaxınlığı əsas rol oynayırdı. Hətta bu əməkdaşlıq elə nöqtəyə çatdı ki, iqtidarın kadr əskikliyini bu hərəkatın sadiq üzvləri doldurdu. Bu üzvlər ancaq dövlət sektorunda deyil oliqarxların holdinqlərində də vacib mövqelərdə təmsil olundular. Həmçinin bu litseylərdə yetişmişmüxalif məzunlar “Hizmet” hərəkatı tərəfindən qara ləkə olaraq gördüldü və onlarda uzaq durulmağa çalışıldı. Bu hərəkatın Azərbaycanda gəldiyi nöqtə bu idi: avtoritar rejimin sadiq savadlı həmkarları.


Bu litseyler hansısa iş adamının pulları ilə qurulmayıb, bunlar adsız qəhrəman Anadolu “esnafı”-nın və insanının pulu ilə qurulub.  Buna əsasən litseyi bağlayırıq qərarını Çağ öğretim idarəçiləri necə verir? (Axirətə inanan bu idarəçilər belə insanların haqqını necə verəcək)?

Bu hərəkatın ilk qurulması haqda fərqli fərziyyələr var, ancaq burada əsas məsələ hərəkatın işləyiş şəklidir. İlk öncsə onu deyim ki, 90-cı illərin əvvəllərində camaatın bu günki kimi maddi resursları yox idi və onlar kiçik sahibkarların “himməti” ilə açılmışdı. Həmçinin Çağ Öğretimin sahibkarı görünən (rəsmi olaraq) şəxs və ya şəxslər öz pullarının hesabına bu təhsil ocağını təsis etməmişdilər, məhz bir çox könüllü Anadolu “esnafların” hesabına qurulmuşdu. Bununla bərabər, burda oxuyan şagirdlərin təhsil xərclərini də elə  bu insanlar ödəyirdi. Ancaq əsasən Azərbaycanda bir neçə il sonra “Hizmet” üzvlərinin və dəstəkləyənlərinin sayı artdıqca təşkilatın maddi gücü artdı. Bunda əlbəttə ki Azərbaycan və Türkiyə İşadamları birliyi kimi təşkilatların da rolu çox idi. Ancaq “Hizmet” hərəkatının Azərbaycanda gücü artdıqca litseylərin təhsil haqqları da artırıldı. Bunu belə izah edirdilər ki, hakimiyyətdə olan ailələrin uşaqlarını bu təhsil ocaqlarına cəlb etmək üçün standartları artırmaq lazımdır. Onların uşaqlarının mənəvi cəhətdən camaata bağlı qalacaqlardı,ancaq bağlılığın nəticəsini gördük. Həmçinin hərəkat orta və az gəlirli ailələrin övladlarına çatmaq üçün əsas vasitəni Araz kursları və Qafqaz Universiteti olaraq görürdü (Türkiyədə olduğu kimi). Lakin keçən il (2013) anlaşılmaz şəkildə Çağ Öğretim SOCAR-a satıldı, çünki artıq təhsildən çox biznes maraqları vacib idi, halbuki ki bu təhsil ocaqlarında yüzlərlə insanın haqqı vardı, və onlardan heçnə soruşulmadı.


Sistemi içindən çökəldəcəyik deyən “saf dilik” camaat indi nə edəcəklər çünki bir sonrakı hədəf onlardır?

Hərəkatın bir məqsədi isə ədalətli nizamı yaratmaq üçün ədalətli və vicdanı düzgün tərbiyə edilmiş fərdlər yetişdirmək idi. Başda qulağa xoş gəlsə də hərəkatın icraatı deyildiyi kimi olmadı. “Ədalətli” və “vicdanlı” fərdlər sistemin içində “yozlaşdılar” ya da sıradan çıxarıldılar. Rüşvəti zərfdə görüncə bunu halal qəbul etdilər və MTN işləyən “abilərin” sayının artmasından narahat olmadılar. Əslində, edə biləcəkləri başqa şey yox idi, çünki sistemdə başqa cür ayaqda dura bilməzdilər. Onlar zənn etdilər ki, bu nizam axıra qədər gedəcək, ancaq Türkiyə (Erdoğan hökuməti) dəstəyini çəkincə Azərbaycan Rejimi onlarla hesablaşmağa başladı və görünür bu davam edəcək. Unutmayaq ki, Azərbaycan iqtidarı Rusiyadakı sistemin kiçik modelidir və Rusiya “Hizmet” hərəkatının bütün təhsil ocaqlarını bağlayıb. Nəticədə, Rusiyaya yönələn (beynəlxalq siyasətdə) Əliyev rejimi Putin kimi bu təhsil ocaqlarını bağlamağa başlayacaq. Rusiyadan fərqli olaraq Azərbaycanda həm dövlətdə müxtəlif təbəqələrdə həm də biznesdə güclü olan “Hizmet” hərəkatı bərk bir hesablaşma ilə üzləşəcək.

Yuxarıda yazdıqlarım bir çoxunun bildiyi həqiqətlərdir, “Hizmet” hərəkatın pis və yaxşı yönləri ilə anlamaq lazımdır. Və unudulmamalıdır ki, bu təhsil ocaqlarının bağlanması Azərbaycanda ancaq təhsil alan gəncliyə (əsasən orta və az gəlirli ailələrdən olanlara) deyil, həmçinin təhsil könüllülərinə vurulmuş zərbədir. Çünki bu müəllimlər fərqindədir ki dövlət məktəblərində verilən maaşla düzgün işləmək mümkün deyil, və hərəkat bu müəllimləri çox güman ki,  başqa ölkələrdəki təhsil ocaqlarına yönləndirəcək. Və ya hərəkatın məmurları kimi  yozlaşacaqlar, bunu ancaq zaman göstərəcək.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəBağlanan “Hizmet” litseylərin arxasındakı hekayə