Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və nəzarətçilərindən şikayətçidir.
Bu barədə onun qardaşı Vüqar Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.
Vüqar Hacıyevin sözlərinə görə, qardaşı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən qeyri-insani rəftara məruz qaldığını bildirir.
Bəxtiyar Hacıyev Penitensiar Xidmətin yeni təyin edilmiş rəisi, ədliyyə general-mayoru Sahib Rzayevə müraciət edərək nümayəndə göndərilməsini və şikayətinin araşdırılmasını istəyib.
Qardaşının paylaşımında iddia olunan rəftarın konkret nədən ibarət olduğu və hadisələrin nə vaxt baş verdiyi barədə əlavə məlumat verilməyib.
Sahib Rzayev oktyabrın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunub. O, bu vəzifədə Mirsaleh Seyidovu əvəz edib.
İctimai fəal daha əvvəl də saxlanma şəraitindən şikayət edib
Bəxtiyar Hacıyev bundan əvvəl də 6 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının pozulduğunu bildirib.
2025-ci ilin avqustunda ailəsi Meydan TV-yə açıqlamasında ictimai fəalın saxlanma şəraitindən və səhhətindən narahat olduğunu söyləyib. Yaxınlarının sözlərinə görə, Hacıyev vəkillə və Ombudsman Aparatı ilə əlaqə saxlamaqda, həmçinin lazımi tibbi yardım almaqda çətinlik çəkdiyini bildirib.
Həmin ilin noyabrında isə Bəxtiyar Hacıyevin üç gün cərimə kamerasında saxlanıldığı və aclıq aksiyasına başladığı açıqlanıb.
Qardaşı Vüqar Hacıyev o zaman bildirib ki, fəal saxlanma şəraitinin dəyişdirilməsini tələb etdikdən sonra müəssisə rəhbərliyi ilə mübahisə yaşanıb. Onun iddiasına görə, rəhbərliyə ünvanlanan ərizələr cırılıb, Bəxtiyar Hacıyev itələnərək təhqir olunub və ardınca cərimə kamerasına salınıb.
Ailəsi hadisələrlə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət etdiyini açıqlayıb.
Penitensiar Xidmət daha əvvəl oxşar şikayətlərə münasibət bildirərkən məhbuslara ayrı-seçkilik edilmədiyini və onlarla qanun çərçivəsində davranıldığını açıqlayıb.
Son şikayətlə bağlı qurumun mövqeyi isə hələlik məlum deyil.
Bəxtiyar Hacıyev 10 il həbsə məhkum edilib
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. Əvvəlcə ona xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Sonradan cinayət işinə qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, vergidən yayınma və digər ittihamlar əlavə edilib.
2025-ci il yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ictimai fəal 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun mənzilinin və bank hesabındakı vəsaitinin müsadirəsinə də qərar verib.
Həmin il aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi, noyabrın 18-də isə Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Bəxtiyar Hacıyev ittihamları qəbul etmir, həbsini siyasi fəaliyyəti və hakimiyyət nümayəndələrinə qarşı tənqidləri ilə əlaqələndirir.
2026-cı il sentyabrın 24-də o, 6 saylı Cəzaçəkmə Müəssisəsindən beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Hacıyev müraciətində Azərbaycanda siyasi məhbusların vəziyyətinə diqqət çəkərək ABŞ və Avropa İttifaqını insan hüquqları məsələsində Azərbaycan hakimiyyətinə qarşı susmaqda tənqid edib.