Büdcə gəlirlərinin azalması fonunda 480 milyon manatlıq xərc ixtisar edilib

qəpik. Foto: Klavdiya22/shutterstock

Artıq 2026-cı ilin beşinci ayıdır ki, hökumət dövlət büdcəsinin gəlirlərində artıma nail ola bilməyib. Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat təşkil edib. Halbuki, ötən ilin eyni dövründə büdcə gəlirləri 17,1 milyard manat olmuşdu. Beləliklə, büdcə daxilolmalarında 4,5 faiz azalma qeydə alınıb.

Eyni zamanda, Nazirliyin məlumatında qeyd edilir ki, cari ilin ilk beş ayında büdcə gəlirləri proqnozu 265 milyon manat və ya 1,6 faiz üstələyib. Halbuki, ötən ilin müvafiq dövründə büdcə gəlirləri proqnozdan 640 milyon manat çox icra olunmuşdu.

Dövlət büdcəsinin gəlirlərində mənbələr üzrə daxilolmalar aşağıdakı kimi olub:

  • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar – 7 milyard 825,3 milyon manat;
  • Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar – 2 milyard 534,0 milyon manat;
  • İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar – 22,2 milyon manat;
  • sair daxilolmalar – 352,4 milyon manat;
  • Dövlət Neft Fondundan transfert – 5 milyard 350 milyon manat.

Büdcə gəlirlərinin azalmasına təsir edən əsas amillərdən biri Dövlət Neft Fondundan edilən transfertin 683,8 milyon manat və ya 11,3 faiz azalmasıdır.

Dövlət Vergi Xidmətinin xətti ilə yanvar-may aylarında daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz, gömrük daxilolmaları isə 2,1 faiz azalıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə daxilolmalar 23,3 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən əldə olunan gəlirlər isə 10,5 faiz artıb.

2026-cı ilin ilk 5 ayında dövlət büdcəsindən faktiki olaraq 13 milyard 375,2 milyon manat xərclənib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 316,6 milyon manat və ya 2,3 faiz azdır.

Ümumiyyətlə, Maliyyə Nazirliyinin məlumatından aydın olur ki, əvvəlki illərin ənənəsinə uyğun olaraq, nəzərdə tutulan xərclər tam icra edilməyib. Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 milyard 852,7 milyon manat proqnozlaşdırıldığı halda, bunun 96,6 faizi icra edilib. Beləliklə, 5 ay ərzində büdcədə təxminən 480 milyon manat vəsait xərclənməyib.

Ana səhifəXəbərlərBüdcə gəlirlərinin azalması fonunda 480 milyon manatlıq xərc ixtisar edilib