Azərbaycanlı xəstələr niyə Gürcüstanda şəfa gəzir?

Gürcüstana üz tutan xəstələr həm həkimlərin yaxşı xidmətindən, həm də qiymətlərin ucuzluğundan razılıq edirlər

Source:


Gürcüstana üz tutan xəstələr həm həkimlərin yaxşı xidmətindən, həm də qiymətlərin ucuzluğundan razılıq edirlər

Tbilisinin Lyubana küçəsi yerli camaaatın təbirincə desək, “xəstəxanalar küçəsi” adlanır. Burada azı 4 böyük xəstəxana (hospital), diaqnostika mərkəzləri və klinikalar yerləşir.

Hansı xəstəxananın qarşısında dayansan Azərbaycan vətəndaşlarını görmək mümkündür. Düzdür, burada Gürcüstan azərbaycanlıları da az deyil. Lakin söhbətləşdiyimiz əksər insanlar sərhədə yaxın olan Qazax istiqamətindəki kəndlərdən, ya da Balakən zonasından sırf müalicə və müayinə üçün gəldiklərini deyirlər.

Caphidze adına Ürək Xəstəxanasında, uzun-uzadı növbədə əlində analiz kağızları qeydiyyat üçün dayanmış Nazilə Cəfərova danışır ki, anası Səkinə Abbasovanı ürək əməliyyatı üçün gətiriblər. Tovuzun Aşağı Ayıblı kəndində yaşayırlar. Deyir ki, Azərbaycanda verməli olduqları pula burda 3 xəstəni əməliyyat etdirmək mümkündür:

“Anamın ürəyində “tromplaşma” var. Azərbaycanda özəl klinikaya getdik, 14 min manat istədilər. Burda əməliyyatı 5 min dollara edirlər. Üstəlik 1 il ərzində pulsuz həkim nəzarəti olacağına zəmanət verirlər”.

Həmin ərazidə olan göz xəstəxanasında artıq əməliyyat olunmuş Qusar sakini Əli Cəfərli isə bu xəstəxananı sırf təhlükəsizliyi və sağalmasına qarant hesab etdiyi üçün seçib. Onun sözlərinə görə, Azərbaycanda düzgün diaqnoz və müalicə aparılmadığından 6 ildir ki, dünya işığına həsrət imiş:

“Bala, mənim gözümün billur suyu axırmış, biməyiblər. Dedilər, elə kataraktadı, 2 dəfə əməliyyat ediblər. Bir maşının pulu qədər də xərcim çıxıb. Pul bir yana, insan həyatını heçə sayırlar.

Sovet dönəmində belə deyildi, indi lap azğınlaşıblar, kim istəyir bir xəstəxana açır, istədiyi kimi davranır, istədiyi qədər pul alır.

Axır bir tanış məsləhət gördü ki Tiflisə gəlim. Allah ondan da, bu həkimdən də razı olsun. 2 dəfə müayinə etdi, əməliyyatqabağı da 1 kurs müalicə, indi əvvəlkinə baxanda 30 fazi yaxşı görürəm. Burdakı həkimlər çox vicdanlıdı, pul alsalar da, insan kimi yanaşırlar. Adam özünü dəyərli hiss edir burda”.

Rail Nuriyev Azərbaycan sərhəddindən Marnueliyədək sərnişin daşımaqla məşğuldu. Dediyinə görə, əksər müştəriləri xəstəxanaya müalicə üçün gələnlərdi:

“Əvvəlki tanışlardan da var. Kim gəlir həkimə xeyrini görürsə, başqa qohumuna da deyir. Mənimlə əlaqə yaradırlar. Əsasən Marnueliyə qədər işləyirəm, amma həkim üçün gələnləri birbaşa xəstəxanaya aparıram. Mən hardasa 9 ildir bu işlə məşğulam, son 5 ildə gələnlər daha da çoxalıb. Burda həm ucuzdu deyirlər, həm də gələnlərin çoxu razı qalır, sağalır”.

Azərbaycan vətəndaşları ölkə səhiyyəsindən narazı olsalar da, ölkə prezidenti səhiyyənin inkişafından xeyli razıdı. Bu səbəbdən də bir neçə gün əvvəl, avqustun 12-də prezident İlham Əliyev səhiyyə naziri Oqtay Şirəliyevi “Şöhrət” ordeni ilə təltif edib.

Bundan başqa, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı sərəncam verib.

Medianın izlədiyi hadisələrə görə, bu il ərizində doğuş zamanı 12 ana və 8 uşaq dünyasını dəyişib. Ailələrin iddiasına görə, ölümlər həkim günahı ucbatından baş verib.


Bundan başqa, səhiyyə naziri Oqtay Şirəliyevin “Şöhrət” oredini almasında cəmi 3 gün öncə 1 saylı Şəhər Kliniki Xəstəxanasında jurnalist Rasim Əliyev 10 saata yaxın həkim nəzarətində olsa da, vaxtında daxili qanaxma olması müəyyənləşmədiyi üçün dünyasını dəyişib.

Atası  iddia edir ki, ağır zərbələrlə döyülən xəstənin daxili qanaxma olacağını həkim müəyyən etməli idi.

Azərbaycanda icbari tibbi siğorta yoxdur. Gürcüstan höküməti isə statusundan, imtiyazından fərqli olmayaraq hər bir vətəndaşa 15 min lari civarında tibbi siğorta üçün vəsait ayırıb.

Ana səhifəXəbərlərAzərbaycanlı xəstələr niyə Gürcüstanda şəfa gəzir?