Azərbaycanlı fəallar Almaniyadakı redaksiyalar önündə aksiya keçirib

Müraciətdə tələblər irəli sürülüb

30 sentyabrda Almaniyada yaşayn bir qrup mühacir Gissen şəhərində aksiya keçirib. “Giessener Allgemeine” və Giessener Anzeiger” nəşrlərinin redaksiyaları önündə toplaşan mühacirlər “Almaniyadan deportasiya edilərək Azərbaycanda həbs edilmiş Ziya İbrahimov və digər mühacir məhbusların azad olunması üçün həmrəy olaq” deyiblər.

Mühacirlər hazırladıqları müraciəti redaksiyalara təqdim ediblər. Bu barədə Meydan TV-yə təşkilatın fəallarından olan Aynur Rzayeva məlumat verib.

Müraciətdə Azərbaycan mətbuatının azad olmamasından, Rafiq Tağı, Elmar Hüseynov, Rasim Əliyev, Mehman Qələndərlinin ölümündən danışıb. O, jurnalistlərin şəxsi həyatlarının dəfələrlə provakasiya məqsədilə çəkilib ictimailəşdirilməsi, hökumətlə eyni mövqeni paylaşmayan “Azadlıq”, Meydan TV”, “Turan Tv” və s. mətbu orqanların saytlarına giriş məhdudiyyətinin yaradılması məsələsinə də toxunub.

Müraciət müəllifləri Azərbaycandakı insan haqlarının durumuna da diqqət çəkiblər. Bildiriblər ki, hazırda 120-dən artıq siyasi məhbus var və onların əksəriyyətinin ağır işgəncələr görməsi bütün ictimaiyyətə məlumdur (Taleh Bağırzadə, Elvin İsayev, Abbas Hüseyn, Mütəllim Orucov, Malik Rzayev, Samir Aşurov, Cəfər Mirzəyev və s.):

“11 sentyabr 2022-ci il tarixdə isə “Youtube” üzərindən yayımlanan “Xural TV”-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılaraq barələrində cinayət işi açılıb. Daha sonra sosial mediada Ermənistan-Azərbaycan konflikti ilə bağlı mövqeyinə görə Əhməd Məmmədli həbs edilib”, – müraciətdə vurğulanır.

Aksiyada da fəallar çıxış edərək fikirlərini bildiriblər. Aksiyanın təşkilatçısı, DAS üzvü Əbdülhüseyn Ələkbərov deyib ki, son dövrün aktual olan məsələlərindən biri Almaniyadan Azərbaycana deportasiya edildikdən sonra orada həbs edilib işgəncələrə məruz qalan mühacirlərlə bağlıdır:

“Belə ki, Almaniya Miqrasiya İdarəsi (BAMF) və İnzibati Məhəmələri (Verwaltungsgericht) tərəfindən siyasi sığınacaq istəkləri rədd edilmiş və bunun da nəticəsində Azərbaycana deportasiya edilmiş 6 nəfərin (Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli, Samir Aşurov və Ziya İbrahimov) hər birinə cinayət işi açılıb və onların hamısı həbs ediliblər. Onların arasında Samir Aşurova, Mütəllim Orucova, Malik Rzayevə, Cəfər Mirzəyevə qarşı etirafedici ifadə almaq məqsədədilə işgəncə verilməsi ictimaiyyətə məlumdur. Artıq mühacir məhbuslardan Pünhan Kərimli 6 il, Malik Rzayev isə 7 il olmaqla azadlıqdan məhrum ediliblər”.

Aksiyaçı deyib ki, Almaniyada inteqrasiya qaydasında sığınacaq almış Anar Əliyev və ailəsinin vəziyyəti isə daha fərqlidir. Həmin şəxs iş tətili (urlaub) qaydasında 2022-ci ilin yayında Azərbaycana qayıtdıqdan sonra həbs edilib və barəsində narkotika ittihamıyla cinayət işi açılıb:

“Əslində A.Əliyevin saxlanılmasına səbəb onun 2018-2019-cu illərdə Almaniyada Azərbaycan siyasi hakimiyyəti əleyhinə aksiyalarda iştirakı olub. Azərbaycan siyasi hakimiyyəti onun ailəsinin yenidən Almaniyaya dönüşünü də məhdudlaşdıraraq sərhəddən çıxışını yasaqlayıb və nəticədə 2 uşaq da təhsildən kənarda qalıb”.

Aksiyanın təşkilatçılarından Oktay Allahverdiyev isə deyib ki, daha bir siyasi fəal və “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Rəşad Ramazanov 2022-ci ildə Gürcüstandan Azərbaycana geri dönüb və bir müddətdən sonra Azərbaycanda barəsində cinayət işi açılaraq həbs edilib.

DAS təşkilatının regional koordinatoru Ziya İbrahimov da Azərbaycana deportasiya edilən gün – 20 may 2022-ci il tarixdə aeroportdan birbaşa polisə təhvil verilib və bir ay inzibati qaydada həbs edilib. Bir müddət sonra yenidən barəsində cinayət işi açılıb və saxlanılıb. Z.İbrahimov Almaniyada dəfələrlə İlham Əliyev rejiminə qarşı siyasi mitinqlər təşkil edib və siyasi mövqeyini sosial şəbəkələrdə yayımlayıb.

Aksiya iştirakçılarının media qurumlarına təqdim etdiyi müraciətdə tələbləri əks olunub. Həmin sənəddə deyilir:

• Azərbaycan hakimiyyətindən tələb edilsin ki, Readmissiya haqqında sazişin prisiplərinə əməl etsin;

• Almaniya Xarici İlər Nazirliyindən tələb edilsin ki, Azərbaycanla diplomatik münasibətlərdə insan hüquqları kontekstinə diqqət yetirsin.

• Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün Azərbaycan dövlət orqanlarından Mütəllim Orucovun, Malik Rzayevin, Cəfər Mirzəyevin, Pünhan Kərimlinin, Ziya İbrahimovun, Samir Aşurovun, Anar Əliyevin, Rəşad Ramazanovun azad olunması tələb edilsin;

• Adları qeyd olunan mühacir-məhbusların (Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Samir Aşurov, Pünhan Kərimli, Ziya İbrahimov, Anar Əliyev, Rəşad Ramazanov) azad edilməsi üçün Azərbaycan hökumətinə siyasi təzyiqlər göstərilsin;

• Bütün siyasi məhbusların azad edilməsi üçün tədbirlər görülsün.

• Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün beynəlxalq insan hüquqları təşkilatları və demokratik ölkələrin səfirlikləri Azərbaycan dövlət orqanlarından səkkiz şəxsin hər birinin azad olunması üçün müvafiq tələblər irəli sürsün;

• Baş vermiş hadisə beynəlxalq hüquqi normalarını pozduğuna görə Almaniyanın məsul qurumları – BAMF və Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirsin;

• Adları qeyd olunan 8 nəfərin hər birinin (Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Samir Aşurov, Pünhan Kərimli, Ziya İbrahimov, Anar Əliyev, Rəşad Ramazanov) siyasi fəaliyyətilərinə görə həbs edilməsi nəzərə alınsın və onlar siyasi məhbus kimi tanınsın.

Ana səhifəXəbərlərAzərbaycanlı fəallar Almaniyadakı redaksiyalar önündə aksiya keçirib