Azərbaycanın şəhər və rayonları özlərini maliyyələşdirə bilərmi?

Foto: Azərtac

İqtisadçı: ““Rayonlar özünü dolandırır fikri” mif və baş aldatmaqdır”

Növbəti ilin büdcəsindən bəzi rayon və şəhərlərə vəsait ayrılmayacağı bildirilir.
Söhbət ümumilikdə 52 bölgədən gedir.

Anlaşılan odur ki, bu rayonlar özləri özlərini maliyyələşdirəcək. Beləliklə, 2022-ci ilin dövlət büdcəsindən yalnız 14 rayona vəsait ayrılacağı qeyd edilir.

Bunlar isə əsasən, işğaldan azad edilən bölgələrdir.

Yerdə qalan bölgələr özləri özlərini maliyyələşdirə biləcəkmi?

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda hansısa rayonun özünü maliyyələşdirmə imkanı yoxdur.
Hökumət sadəcə “rəqəmlərlə oynayıb” və belə bir nəticə ortaya çıxıb:

“Azərbaycanda vergi və rüsum mərkəzləşdirilmiş yığılır. Təkcə bələdiyyələrin kiçikhəcmli rüsum və vergi toplamaq ixtiyarı var, amma bu rəqəmlər də çox cuzidir. Belə olan təqdirdə, “filan rayon özünü maliyyələşdirəcək” açıqlamasının əsası yoxdur”.

İqtisadçı sual edir: Həmin rayon özünü maliyyələşdirəcək vəsaiti haradan alır?

Natiq Cəfərli deyir ki, onsuz da dövlət büdcəsindən rayon və şəhərlərdə çalışanların xərclərinə, yəni təhsilə, səhiyyəyə, təhlükəsizliyə, infrastruktura və s. sahələrə vəsait ayrılır. Bunu ki rayon pul qazanıb, özü etmir:
“Məsələ budur ki, Azərbaycan hökumətinin ən çox sevdiyi məsələlərdən biridir “rəqəmlərlə oynamaq”.

Prezident son çıxışlarında “rayonlar özlərini dolandırmalıdır”, – deyib sadəcə. Hökumət də həmin rəqəmlərlə “rəqs etməyə”, – girişib. Sadəcə, kağız üzərində bəzi hesablama qaydalarını dəyişiblər, vəssalam. İndi də çıxıb İlham Əliyevə deyəcəklər ki, siz dediniz, biz əməl etdik. Əslində isə dəyişən bir şey yoxdur, heç dəyişməsi mümkün də deyil”.

““Filan rayon özünü dolandırır” – fikri mifdir”

Natiq Cəfərli düşünür ki, rayonların özünü dolandırması üçün bələdiyyə institutu güclənməli, icra hakimiyyətləri ləğv edilməlidir. Eyni zamanda, bələdiyyələrin müstəqil büdcəsinin formalaşdırılması qaydaları müəyyən edilməli, istənilən bələdiyyə ərazisindən toplanan vergilərin bir hissəsi onlarda qalmalıdır:

“Məsələn, ƏDV 18 faizdir. Hər hansı bir bələdiyyənin ərazisindən topladığı ƏDV-nin 3 faizi həmin bələdiyyənin büdcəsinə gedir. Mənfəət vergisinin 3 faizi yenə bələdiyyənin büdcəsinə daxil olur. Bələdiyyələr kommunal və nəqliyyat xidmətləri göstərib pul qazanır və s. Belə bir sistem qurulmadan “filan rayon özünü dolandırır” fikri mifdir, baş aldatmaqdır, söz və rəqəm oyunudur”.

Prezident: “Yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi”

Prezident İlham Əliyev sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına yeni təyin olunan icra başçıları ilə görüşündə sabiq məmurların ünvanına tənqidlər səsləndirməklə yanaşı, regional inkişaf məsələlərinə də toxunub.

O, öz çıxışında əvvəlki illərdən fərqli olaraq, artıq rayonların çoxunun mərkəzi büdcədən dotasiya almadan xərclərini qarşıladığını bildirib:

“10 il bundan əvvəl, demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam”.

Prezident əlavə edib ki, aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır: “Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun”.

Deputat: “Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək”

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında bildirib ki, gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir: “İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb”.

“Rayonların özünü maliyyələşdirməsi müsbət haldır”

Deputat düşünür ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradır: “Hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və regionla paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”.

Deputat büdcədən vəsait alacaq bölgələrin siyahısını da açılayıb:

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi artıq Milli Məclisə daxil olub.

Maliyyə Nazirliyi gələn ilin büdcəsi ilə bağlı ilkin göstəriciləri isə sentyabrın 8-də açıqlamışdı.

İndiki layihə açıqlanan ilkin göstəricilərdən fərqlənir.

2022-ci ilin dövlət büdcəsi layihəsində gəlirlər 26 milyard 816 milyon manat nəzərdə tutulub.
Rəqəm 2021-ci illə müqayisədə 5,4 faiz artım deməkdir. Xərclər isə 29 milyard 879 milyon manat proqnozlaşdırılır. Bu da 2021-ci illə (28 543 000,0 min manat) müqayisədə 4,7 faiz çoxdur.

Maliyyə Nazirliyi gələn ilin büdcəsi ilə bağlı yaydığı ilkin göstəricilərdən isə bəlli olurdu ki, büdcənin hər 100 manatından 18 manat 64 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 53 qəpiyi müdafiə və təhlükəsizliyə, 12 manat 91 qəpiyi təhsilə, 12 manat 37 qəpiyi sosial müdafiə və təminata, 8 manat 38 qəpiyi məhkəmə hakimiyyətinə, 8 manat 11 qəpiyi dövlət aparatının saxlanmasına, 6 manat 60 qəpiyi xarici borclara xidmətə, 5 manat 68 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 4 manat 98 qəpiyi səhiyyəyə, 3 manat 40 qəpiyi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 1 manat 58 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasətinə, 98 qəpiyi ətraf mühitin mühafizəsinə, 86 qəpiyi mənzil kommunal təsərrüfatına, 69 qəpiyi elmə xərclənəcək.

Hazırki dövlət büdcəsi layihəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində göstərilib.
2021-ci ildə isə bu göstərici 45 dollar olub.

Ana səhifəİqtisadiyyatAzərbaycanın şəhər və rayonları özlərini maliyyələşdirə bilərmi?