2022-ci ilin büdcə layihəsi: artan və azalan xərclər

Mənbə: Fed.az

İqtisadçı: “Hökumət aydın gördü ki, ilkin proqnozları real görünmür”

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub.
Maliyyə Nazirliyi gələn ilin büdcəsi ilə bağlı ilkin göstəriciləri sentyabrın 8-də açıqlamışdı.

İndiki layihə açıqlanan ilkin göstəricilərdən fərqlənir.

2022-ci ilin dövlət büdcəsi layihəsində gəlirlər 26 milyard 816 milyon manat nəzərdə tutulub.
Rəqəm 2021-ci illə müqayisədə (25 427 000,0 min manat) 5,4 faiz artım deməkdir.
Xərclər isə 29 milyard 879 milyon manat proqnozlaşdırılır. Bu da 2021-ci illə (28 543 000,0 min manat) müqayisədə 4,7 faiz çoxdur. Müdafiə xərcləri azaldılıb, təhsil, səhiyyə xərcləri artıb

Layihəyə görə, müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 489 milyon 892.4 min manat olmalıdır. Bu, 2021-ci illə müqayisədə 96 milyon manatadək azdır.

Təhsil xərcləri isə 3 milyard 884 milyon 325.7 min manat, səhiyyə 1 milyard 788 milyon 619.6 min manat nəzərdə tutulub. Təhsil xərcləri 2021-ci illə müqayisədə 607 milyon, səhiyyə isə 380 milyon çoxdur.

Sosial müdafiə xərcləri azalıb, hüquq-mühafizə, prokurorluq orqanlarına ayrılan vəsait artıb
2022-ci ilin ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 565 milyon 794 min manat nəzərdə tutulub. Bu il həmin rəqəm 3 milyard 692 milyon 746 min olub.

Gələn ilin büdcəsində artan xərclərdən biri də məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitdir – 2 milyard 362 milyon 101.7 min manat. Bu il həmin rəqəm 2 milyard 92 milyon 827.2 min manat proqnozlaşdırılıb.

“Dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq”

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov 2022-ci ilin dövlət büdcəsindən bölgələrə ayrılan vəsaitlərlə bağlı fikirlərini açıqlayıb.

O bildirib ki, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq: “Qalan 52 rayon və şəhər isə gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Layihəyə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 miyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq”.

Deputat deyir ki, gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir: “İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb”.

Deputat düşünür ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır: “Bu, dövlət büdcəsindən asıllığın aradan qaldırılmasına imkan yaradır. Hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və regionla paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”.

“İqtisadiyyatın hətta qısa dönəmdə planlaşdırması ciddi problem olaraq qalır”

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, açıqlanan son göstəricilərdən aydın olur ki, təxminən 1 ay yarım əvvəl Maliyyə Nazirliyinin 2022-ci ilin büdcəsinə dair yaydığı proqnozlarla müqayisədə büdcənin gəlirlər hissəsi 409 milyon, xərcləri isə 905 milyon manat artırılıb: “Çox güman ki, hökumət xərclərin artımını enerji daşıyıcılarının bahalaşdırılmasından dolayı sosial paketlə əlaqələndirəcək. Təxminən bir ay yarım ərzində açıqlanan 2 proqnozda dəyişən göstəricilərdən biri də Neft Fondundan transfertlərin həcmidir. İlkin çərçivə sənədində Fonddan transfertlər 11.860 mlrd. manat nəzərdə tutulmuşdu. Son proqnoza görə isə həmin məbləğ 850 mln manat artırılara 12.710 mlrd. manata çatdırılıb”.

Rövşən Ağayev

İqtisadçı deyir ki, ilkin versiyada fonddankənar büdcə yığımları 14.547 mlrd. manat nəzərdə tutulmuşdusa, son varianta görə bu məbləğ 441 mln. azalaraq 14.106 mlrd. manata endirilib: “Görünür, hökumət proqnozların ilk açıqlanmasından ötən dövr ərzində aydın görüb ki, proqnozlar real deyil və iqtisadiyyatın həmin vergi yığımlarını təmin etməsi mümkün olmayacaq. Başqa bir məqam – tənzimlənən tariflərin qəfil artımı, ondan dolayı xərclərə yenidən baxılması da göstərir ki, hökumətin iqtisadiyyatı nəinki orta və uzun, hətta qısa dönəmdə planlaşdırması ciddi problem olaraq qalır”.

Maliyyə Nazirliyi gələn ilin büdcəsi ilə bağlı yaydığı ilkin göstəricilərdən isə bəlli olurdu ki, büdcənin hər 100 manatından 18 manat 64 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 53 qəpiyi müdafiə və təhlükəsizliyə, 12 manat 91 qəpiyi təhsilə, 12 manat 37 qəpiyi sosial müdafiə və təminata, 8 manat 38 qəpiyi məhkəmə hakimiyyətinə, 8 manat 11 qəpiyi dövlət aparatının saxlanmasına, 6 manat 60 qəpiyi xarici borclara xidmətə, 5 manat 68 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 4 manat 98 qəpiyi səhiyyəyə, 3 manat 40 qəpiyi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 1 manat 58 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasətinə, 98 qəpiyi ətraf mühitin mühafizəsinə, 86 qəpiyi mənzil kommunal təsərrüfatına, 69 qəpiyi elmə xərclənəcək.

Maliyyə Nazirliyinin açıqladığı sənəddə bildirilirdi ki, 2022-ci ildə dövlət büdcəsinin 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılan gəliri ÜDM-in 32,5 faizini təşkil edəcək.

Hazırki dövlət büdcəsi layihəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində göstərilib. 2021-ci ildə isə bu göstərici 45 dollar olub.

Ana səhifəİqtisadiyyat2022-ci ilin büdcə layihəsi: artan və azalan xərclər