“Azərbaycan köklü dəyişikliklər astanasındadır”


Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü Zaur Əkbər Meydan TV-nin suallarını cavablandırır.


– Zaur bəy, 13-14 may Brüssel sammitindən əvvəl Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Avropa Birliyi ilə “Strateji Tərəfdaşlıq Sazişi”ni imzalayacağını söyləsə də, elə həmin gün xarici işlər naziri bunu təkzib etdi. Bu baxımdan ictimaiyyətin əksər hissəsi imzalanmanın olmayacağını bilsə də, müəyyən insanlarda ümid var idi. Siz Brüsselə hansı əhval-ruhiyyə ilə getmişdiniz?

– İndiyə qədər Azərbaycan hökuməti və Avropa Birliyi “Strateji Tərəfdaşlıq Sazişi”nin detalları haqda məlumat verməyib. Çox kiçik məlumat mediaya sızıb, amma əsas baza elementlərini özündə əks etdirən məlumat cəmiyyətə açıqlanmayıb. Hər iki tərəf bunu razılaşdırılmış şəkildə həyata keçiriblər ki, saziş ərsəyə gələndən sonra açıqlasınlar. Ona görə bu yöndə cəmiyyətdəki bütün ehtimallar narahatlıqlardan doğurdu və müəyyən mənada həmin ehtimallar doğru da sayıla bilər. Sazişin imzalanıb-imzalanmamasına gəlincə, Oqtay Əsədovun hansı mənbəyə əsasın bu açıqlamanı verməsini bilməsəm də, fevralda sazişin bu il imzalanmayacağı haqda məlumatlıydım. Əslində, Avropa İttifaqı sazişi imzalamağa hazırdı, problem Azərbaycan hakimiyyətindədir.


– Ümumiyyətlə, sazişin detallarının açıqlanmaması doğrudurmu və oxşar situasiya başqa respublikalarla yaşanıbmı?

– Gürcüstanda, Ukraynada, Moldovada və Ermənistanda sazişin detalları ictimai müzakirəyə çıxarılıb. Avropa ittifaqının Strateji Şərq Tərəfdaşlığı Sazişi yoxdur, Assosiativ Saziş var. Azərbaycan spesifik ölkə olduğundan prezident İlham Əliyev Brüsselə təklif edib ki, Rusiya və İran kimi qonşuları nəzərə alaraq Assosiativ Saziş yox, Strateji Tərəfdaşlıq Sazişi imzalamaq istəyirlər. Sənədin baza elementlərini Brüssellə Bakı birgə hazırlayıb, əlbəttə ki, Avropa İttifaqının müəyyən şərtləri çərçivəsində. Strateji Tərəfdaşlıq Sazişi sıradan bir sənəd deyil, konkret öhdəlikləri var.


– Niyə Azərbaycanın spesifik ölkə olduğunu dediniz?

– Çünki Azərbaycan hakimiyyəti Rusiya faktorunu əsas gətirərək avropalı diplomatları inandırmağa çalışıb ki, Assosiativ Saziş imzalayacaqları təqdirdə Rusiyadan daha böyük təpki ala bilərlər. Ona görə Strateji Tərəfdaşlıq Sazişi adlanan sənədə üstünlük verdilər, amma biz yenə də sazişin detalları haqda məlumata malik deyilik.


– Rusiyanın Cənubi Qafqazda siyasi-hərbi müttəfiqi olan Ermənistan Avropa Birliyi ilə “Hərtərəfli və genişləşdirilmiş saziş” imzaladısa, Bakının ehtiyatlanmasına əsas varmı?

– Hesab edirəm ki, əsaslı deyil, ona görə Rəsmi Bakı qətiyyət və iradə nümayiş etdirməlidir. Sadəcə, Azərbaycan hökuməti Assosiativ Sazişi imzalayacağı təqdirdə hakimiyyəti itirmək təhlükəsini yaşayacağını düşünür. Başqa bir şeyi düşünə bilmirəm. Əgər Qarabağ məsələsini deyirlərsə, onsuz da ərazilərimizin 20 faizi işğaldadır. Əgər hakimiyyət Strateji Tərəfdaşlıq Sazişini imzalayıb şərtləri yerinə yetirsə, Moskvanın təzyiqləri nə ola bilər? Ərazi iddiası ola bilməz, Qarabağ da Rusiya ilə sərhəd deyil. Burda daha vacib məqamlardan biri budur ki, Rusiya Ermənistandan arxayındır, çünki bu ölkədə hərbi bazaları var. Həm də Ermənistanın özünün forpostu olduğunu gizlətmir. Nəhayət, Ermənistanın Baş naziri Nikol Paşinyana Qərbdə münasibət birmənalı deyil, onun barəsində olan miflər dəyişib. Səbəb verdiyi xeyli vədi gecikdirməsidir. Paşinyan Çinə səfər adıyla 14 may tədbirinə qatılmadı. Əliyev də qatılmamışdı, amma bu, artıq 3 gün əvvəldən məlum idi. Bunlar sıradan texniki bir şey kimi görünsə də, adi sayıla bilməz.


– Bəs Strateji Tərəfdaşlıq Sazişində nə var ki, hakimiyyəti itirmək təhlükəsindən danışırsınız?

– Əgər söhbət Assosiativ Sazişdən gedirsə, bu sənəddə konkret bəndlər belədir: demokratik seçki keçirilməlidir, korrupsiya aradan qaldırılmalıdır, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, məhkəmələr müstəqil olmalıdır, insan haqlarına, siyasi azadlıqlara riayət olunmalıdır və s.


– Ancaq Azərbaycan Avropa Şurasına üzv olanda sadaladıqlarınızın əksəriyyətini öhdəlik kimi götürmüşdü. Vəziyyət məlumdur. Bu mənada Assosiativ Sazişi də imzalasa, yenidən oxşar durum təkrarlanmazmı?

– Bu iki qurumu müqayisə etməzdim. Avropa İttifaqı Avropa Şurasından daha samballı qurumdur. Bilirsiniz, hazırda Azərbaycan üçün fərqli mənzərə yaranıb. Azərbaycan Belarusdan da geri qalır.


– Nə mənada?

– Belarusda 1 siyasi məhbus da yoxdur. Belarus hökuməti ötən ildən Avropa İttifaqı ilə bağlı dialoqa başlayıb, ola bilər gələn ilin əvvəli Minski ilə sadələşdirilməsi viza rejimi sazişi imzalansın. Bu, tamam fərqli saziş olacaq.


– Qayıdaq 13-14 may sammitinə. Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn bildirib ki, Azərbaycan və Aİ arasında sazişi insan haqları məsələsi əngəlləyir, yəni səbəblərdən biri budur.

– Cənab Hahn kifayət qədər açıq mesaj verib. Fevralın 6-8 tarixlərində Avropa İttifaqı ilə Azərbaycan hökuməti Bakıda demokratiya, insan haqları və digər məsələlər barədə qapalı müzakirələr keçirib. Brüsseldən böyük bir nümayəndə heyəti gəlmişdi. Bu qrupla mən də daxil bir neçə vətəndaş cəmiyyətinin nümayəndəsi görüşdü. Bildiyimə görə, görüşdə hökumətdən birinci olaraq siyasi məhbuslar məsələsinin həlli istənilib. Hahn dediyi mesaj da ondan ibarətdir ki, hökumət Strateji Tərəfdaşlıq Sazişində üzərinə götürdüyü öhdəliklərin bir qismini yerinə yetirib. Məsələn, 51 siyasi məhbusun azadlığa buraxılması fevral danışıqlarının nəticəsiydi. Amma Johannes Hahn demək istəyir ki, bu, kifayət deyil, gecikirik və Brüssel hazırdır, Bakı isə prosesi qəsdən yubadır. Bir daha deyirəm, sazişin imzalanmasında Avropa İttifaqı tərəfindən problem yoxdur, problem Bakıdadır. Sənəddə Azərbaycanın insan haqlarına riayət etməsi, Ümumdünya Ticarət Təşkilatın üzvlüyü və vergi məsələsi də əsas şərtlərdən biridir, bu 3 məsələ düyün nöqtəsidir. Bunlar hökumətin siyasi iradəsindən asılıdır.


– Sammitin ilk günündə xarici işlər nazirləri üçün irəli sürülən bəyannamədə ərazi bütövlüyü məsələsinin salınmaması Bakıda ciddi müzakirə obyektinə çevrildi. Ukrayna və Gürcüstan niyə bu məsələdə israrlı olmayıb və bu barədə nə deyə bilərsiniz?

– 13 mayda mən Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platforması adından 6 ölkədə son 10 ildəki uğurlar və çatışmazlıqlar haqda 10 dəqiqəlik məruzə etdim. Mən qaldırdığım problemləri də xarici işlər nazirləri müzakirə ediblər. Məsələ ondadır ki, Avropa İttifaqı vətəndaş cəmiyyətinə ciddi önəm verir. Mayın 14-də geniş auditoriyada xarici işlər naziri Elmar Məmmədyarovdan soruşdum ki, bəyannaməyə imza atmamağının səbəbi nədən ibarətdir. Əslində, Elmar Məmmədyarova pas ötürdüm ki, məsələni açıqlasın, o da müəyyən qədər aydınlıq gətirdi. Bəli, ərazi bütövlüyü məsələsi bəyannamədə əksini tapmadığından xarici işlər naziri Azərbaycan hökuməti adından sənədi imzalamaqdan imtina edib, o cümlədən, Ukrayna və Gürcüstan da. Doğru addımdır, çünki ərazi bütövlüyü məsələsi prinsipialdır.


– Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün işğala məruz qalması haqda dəfələrlə qətnamə qəbul edibsə, budəfəki bəyannaməyə bir abzasın qeyd olunmaması necə izah oluna bilər?

– Əminəm ki, Strateji Tərəfdaşlıq Sazişində ərazi bütövlüyü məsələsi olacaq və Avropa Birliyinin bu məsələ ilə bağlı hər hansı problemi yoxdur. Əslində, bəzi adamlar ərazi bütövlüyünü qabartmaqla QHT-lər haqda qanunvericilik, vəkillərin durumu, insan haqları, demokratiya, iqtisadi məsələlərdən fikri yayındırır.


– Panellərin birində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun QHT qanunvericiliyi haqda sualınıza cavabı qane etdimi?

– Elmar Məmmədyarova 2 sual vermişdim, birinci suala cavab versə də, ikinciyə cavab vermədi. Tədbirdən sonra söhbət etdik, o, mandatına uyğun sual olmadığını bildirdi. Amma vəd etdi ki, Bakıya qayıdandan sonra Milli Platforma üzvləri ilə görüşəcək. Mən mayın 17-də Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə Elmar Məmmədyarovun vədini xatırlatmışam. Biz artıq “topu atmışıq”, qarşı tərəfin addımını gözləyək.


– Nəhayət, yekuna gələk, Azərbaycanla Avropa İttifaqı arasında saziş nə vaxt imzalanacaq?

– Yaxın aylarda sazişin imzalanması gözlənilmir, güman edirəm ki, 2020-ci ilin sonunda imzalana bilər. İkinci, Şərq Tərəfdaşlığı ölkələri arasında yarış yaranıb, Azərbaycan geri qalır, zaman da itiririk. Zamanın itirilməsi isə Dağlıq Qarabağ məsələsində aparılan müzakirələrdə ziyanımıza işləyir. Ona görə də Azərbaycan hakimiyyəti sazişi imzalayacaq və inanmıram ki, Bakı müddəaları dəyişdirməyə nail olsun. Kompromislər ola bilər, amma bunlar da köklü dəyişikliklər fonunda olacaq.


– Yəni Azərbaycanın köklü dəyişikliklər astanasında olduğunu demək istəyirsiniz?

– Bəli. Tarixdən baxaq, ötən əsrin ikinci onilliyində Cənubi Qafqazda ilk müstəqilliyini elan edən Gürcüstan, ardınca Ermənistan və Azərbaycan oldu. Bu gün Gürcüstan Cənubi Qafqaz respublikaları arasında demokratik sayıla bilər, Ermənistan müəyyən mənada demokratikdir, yeganə dəyişilməyən sistem Azərbaycandadır. İndiki gedişat təbii prosesdir, bunun psixoloji və tarixi effekti var. Dünya qloballaşır, insanlar kənara çıxırsa, mövcud status-kvonu uzun müddət saxlamaq mümkün olmayacaq. Hakimiyyət də bunu yaxşı başa düşür. Əslində, Strateji Tərəfdaşlıq Sazişinin imzalanması hazırkı hakimiyyətin və İlham Əliyevin xeyrinədir. Əgər hakimiyyət öhdəlikləri yerinə yetirib ölkədə normal seçki mühiti və QHT-lər üçün işlək atmosfer yaratsa, maliyyə amnistiyasına getsə, onların özü üçün xeyirdir. Zatən, avtoritar rejimlərin heç biri sona qədər davam edə bilməyib, son 150 ilin tarixi bunu təsdiqləyir. Ona görə hakimiyyətin hələ şansı var və Avropa Birliyi də bu şansı tanıyır.


Natiq Cavadlı

Ana səhifəVideo“Azərbaycan köklü dəyişikliklər astanasındadır”