“Azərbaycanfilm” kinostudiyasında yanğın olub

Foto: Meydan TV

Yanğın zamanı yeddi nəfər təhlükəsiz əraziyə təxliyə edilib

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, kinostudiyada yerləşən üçmərtəbəli inzibati binanın ikinci mərtəbəsində, sahəsi 12 m² olan otaqda (istifadə olunmayan) taxta və karton tullantıları yanıb.

Yanğın zamanı iki nəfər xilas edilib. Yeddi nəfər isə təhlükəsiz əraziyə təxliyə olunub, yanğın söndürülüb.

Kinostudiya 1920-ci ildə Azərbaycan Xalq Mədəniyyəti Komissarlığının tərkibində İncəsənət Şöbəsi adı altında təsis olunub.

Şöbəyə 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Cəfər Cabbarlının adı verilib.

Kinostudiyanın yeni binasının əsası isə 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub.

Burada kino istehsalına 1966-cı ildən başlanıb.

Hazırda qurum Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyət göstərir.

Mənbə: “Azərbaycanfilm” kinostudiyasın

Kinostudiyaya 2022-ci il martın 4-dən Nazim Hüseynov rəhbərlik edir.

30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Pavilyonlar, səsyazma sexi, otaqları, dəhlizləri yararsız halda idi. Film istehsalı zamanı kinostudiya texnikanı Rusiya, Gürcüstan, ya da İrandan icarəyə götürürdü.

Prezident İlham Əliyev Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalamışdı. Proqramda “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması da nəzərdə tutulmuşdu.

Lakin indiyə kimi kinostudiyada təmir işləri aparılmayıb.

Kinostudiyanın keçmiş rəhbəri Fariz Əhmədov bir il öncə müsahibəsində demişdi ki, artıq kinostudiyanın texniki bazası yenidən qurulub.

Film çəkilişləri üçün müasir avadanlıqlar var.

Kinostudiyanın mətbuat xidmətindən Meydan TV-yə  verilən məlumata görə, yanğın otağın yalnız birini əhatə edib. Yanğının səbəbi bəlli deyil, araşdırılır.

Ana səhifəMədəniyyət“Azərbaycanfilm” kinostudiyasında yanğın olub