Azərbaycandakı yeni seçkilərə Qərbin köhnə tələbi

Yaxın zamanlarda Azərbaycan hakimiyyəti Qərblə demokratiyanın taleyi ilə bağlı yüksək səviyyədə danışıqlara başlaya bilər

Source:

Parlament seçkisinə günlər qalır. Vaxt daraldıqca, iqtidar daxili və xarici təzyiqləri daha çox hiss edir. Azərbaycan hakimiyyətinin yaranmış vəziyyətdə yeganə çıxış yolu beynəlxalq təcriddən xilas olmaqdır. Avropa Yay Oyunlarının Bakıda keçirilməsi hakimiyyətə diplomatik əlaqələrinin genişlənməsinə görə vacib idi. Hakimiyyət ideoloqları belə hesab edirlər ki, Bakıda keçirilən beynəlxalq tədbirlər iqtidarın nüfuzunun artmasına xidmət edir.

Lakin artıq Bakıda mühüm konfrans və seminarlar az keçirilir. Artıq  rəsmi Bakı dünyanı idarə edən liderləri paytaxta dəvət edə bilmir, istənilən halda hər bir beynəlxalq tədbir hakimiyyət üçün təbliğata şərait yaradır. Bu baxımdan, Avropa Yay Oyunları beynəlxalq ictimai rəy üçün Bakıya lazım idi. Lakin təcrübə göstərir ki, Bakıda keçirilən hər beynəlxalq tədbirdən sonra Azərbaycan iqtidarı daxili siyasətini daha sərtləşdirir, həbslərə gedir, insan haqlarını və demokratik təsisatları küncə sıxır.

Demokratik dünyanın Azərbaycan hakimiyyəti ilə daha sıx əməkdaşlığı insan haqlarının daha çox pozulması ilə sonuclanır. Bu baxımdan vaxtaşırı Qərb siyasi dairələrində Azərbaycanla üzülüşmək perspektivi də müzakirə olunur.

Lakin Qərbdə əmindirlər ki, boş qalan yeri Rusiya və İran doldura bilər. Bu isə Qərbin enerji layihələrinə, o cümlədən Azərbaycan demokratiyasının gələcək taleyinə daha mənfi təsir göstərə bilər. Bu arqumentləri əsas götürən Qərb dairələri rəsmi Bakı ilə danışıqları və əməkdaşlığı davam etdirir, Moskva və Tehranı da “beynəlxalq auksiona ”cəlb edirlər.

Beləliklə,  Azərbaycan müxalifəti artıq 20 ilə yaxındır ki, qeyri-bərabər şərtlərlə siyasi mübarizə aparır. Bu illər ərzində iqtidar opponentlərinin qələbəyə nisbətən yaxın olduqları zamanların da olmasına baxmayaraq, “qara zolaq”dan çıxış yolları görünməyib. Son illər ərzində dünyada bir çox anti-demokratik rejimlər yıxılıb. Azərbaycan cəmiyyəti isə “daha çox demokratiya” şüarını heç cür gerçəkləşdirə bilmir. Bunun gerçəkləşməsi üçün okeanın o tayından da çoxdan gözlənilən işarə gəlmir. Bu işarə isə Azərbaycan kimi ölkələrdə son dərəcə mühümdür.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama insan haqlarını pozan, hərbi cinayətlərdə, soyqırımında iştirak edən şəxslərin Amerikaya girişini qadağan edən xüsusi sənəd imzalamışdı. Ağ Evin sahibi həmçinin bəyan etmişdi ki, belə şəxslərin ABŞ-a gəlişi Birləşmiş Ştatların maraqlarına ciddi zərər vura bilər. Prezident dövlət katibinə belə bir tapşırıq verib ki, “arzuolunmaz”ların siyahısını hazırlasın və onların ABŞ-a səfərinin qarşısını almaq istiqamətində konkret addımlat atsın.

Belə siyahıya düşən hakimiyyətin hətta müqavimət göstərmək gücü belə olmur. Ölkə daxilində bir qığılcım kifayət edir ki, hər şey bir anın içindəcə batıb getsin.

Xatırladaq ki, Tunisdə bir satıcının ölümü ilə bağlı vüsət alan hadisələr Yaxın Şərqdə partlayan “barıt çəlləyinə” çevrildi. Bir küçə satıcısının intiharı Yaxın Şərq diktatorlarının uzunmüddətli tiranlığına son qoydu. Lakin az adam fikir verdi ki, Tunisdəki inqilabdan az əvvəl ABŞ-ın o zamankı dövlət katibi Hillari Klinton “Yaxın Şərq xalqları demokratik dəyişikliklər istəyirlər” şüarı ilə çıxış etmişdi, əks təqdirdə, nəinki bir, minlərlə satıcının ölümü heç nəyi dəyişdirməyəcəkdi. İlk baxışdan, bütün baş verənlər bir təsadüfə bənzəyir. Lakin siyasəti daha dərindən öyrənənlər anlayırlar ki, istər ərəb ölkələrində, istər İranda, istərsə də Azərbaycanda baş verən qarşıdurmalar əvvəlcədən düşünülmüş ssenarinin tərkib hissəsidir. Bu baxımdan, müxalifət əl-qolu bağlanmış, cəmiyyət isə sındırılmış vəziyyətdədir. Durumu dəyişmək üçün Azərbaycan cəmiyyətinə Qərbin təkanı lazımdır. “Biz getsək, Rusiya gələcək və sizi güllələyəcək” hədə-qorxusu ilə cəmiyyəti daha da sıxışdırmaq cəhdləri acınacaqlı mənzərə yaradır.

Rəsmi Bakı yalnız özünə gərəkli olan tədbirlərin Azərbaycanda keçirilməsinə şərait yaradır. İnsan haqları, demokratiya ilə bağlı müzakirələr isə artıq aparılmır. Azərbaycan hakimiyyəti demokratik inkişafa səbəb ola biləcək heç bir addımı atmır və bu istiqamətdə müzakirələr belə aparmır. Lakin uzun müddət belə davam edə bilməz. Bunu iqtidar ideoloqları da anlayırlar. Bu baxımdan da insan haqları ilə bağlı hansısa müzakirələri aparmaq üçün yumşaldıqlarını nümayiş etdirmək istəyirlər.

Odur ki, yaxın zamanlarda Azərbaycan hakimiyyəti Qərblə demokratiyanın taleyi ilə bağlı yüksək səviyyədə danışıqlara başlaya bilər. Bu baxımdan, parlament seçkilərinin demokratikliyi də əsas müzakirə predmeti ola bilər…

Ana səhifəXəbərlərAzərbaycandakı yeni seçkilərə Qərbin köhnə tələbi