Azərbaycanda Zəfər Günü qeyd olunur

Foto: Meydan TV

Bakıda yürüş təşkil edilib

Noyabrın 8-də Azərbaycanda Zəfər günü qeyd olunub.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev xalqa müraciət edib. O, həmin müraciətdə Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Ötən il dekabrın 3-də isə Prezident Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla 8 Noyabr Zəfər Günü olub.
Zəfər Günü münasibətilə bu gün Bakıda yürüş təşkil olunub, yolların əksəriyyəti bu səbəbdən bağlanıb.

Zərər yürüşü adlandırılan tədbir Azərbaycan Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.

Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edən yürüşdə hərbi orkestrin ifasında mahnı və marşlar səsləndirilib.

Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi də müşayiət edib.

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yenidən ağır döyüşlər başlayıb.

Döyüşlərdə Azərbaycan qoşunları Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və başqa bir sıra əraziləri işğaldan azad edib.

Foto: Meydan TV

Həmçinin noyabrın 8-də də Dağlıq Qarabağda Şuşa şəhərini Azərbaycan ordusu geri alıb. Bundan iki gün sonra, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs və daha bir sıra məsələlərlə bağlı razılaşma əldə edildi. Üç tərəfin imzaladığı (Azərbaycan, Ermənistan və Rusiya ) həmin razılaşmaya əsasən də, Ağdam, Kəlbəcər və Laçın rayonunun bir hissəsinə Azərbaycan nəzarəti bərpa edib.

Habelə Laçın dəhlizində (Laçın şəhərindən keçməklə 10 kilometr enində) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirildi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilib.

Bu 44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb. Yaralananların dəqiq rəsmi sayı açıqlanmasa da, onlardan 2 min civarında hərbi qulluqçunun indiyə qədər əlillik aldığı, amma bu prosesin bitmədiyi açıqlanıb.

Ana səhifəXəbərlərAzərbaycanda Zəfər Günü qeyd olunur