Azərbaycanda nifrət nitqi və tənqid. Kimə olar, kimə olmaz?

Azərbaycanda nifrət nitqi və tənqid. Kimə olar, kimə olmaz?

Azərbaycanda cəmiyyətdə geniş yayılmayan (cəmiyyətin vərdiş etmədiyi) çıxışlara, siyasi mövqeyə, cinsi kimliyə, geyim tərzinə görə nifrət nitqinin hədəfinə çevrilmək olar. LGBT+ nümayəndələri, feministlər, ictimai və siyasi fəallar xüsusilə tez-tez nifrət obyektinə çevrilirlər.

Təkcə son illərdə bloggerlərin düşməncə çıxışlarına görə 2 transgender qadın öldürülüb. Daha bir neçə LGBT+ nümayəndələri hücumlara məruz qalsalar da, sağ qalıblar. Sonuncu hadisə öz auditoriyasını LGBT+ üzvlərinin kütləvi qətlinə çağıran blogger Sevinc Hüseynovanın təkan verdiyi qətldir. Bir qrup fəal hüquq-mühafizə orqanlarına kollektiv şikayət ərizəsi yazıb, lakin onlara işə baxmaqdan imtina ediblər. Eyni zamanda, blogger dəfələrlə vurğulayıb ki, o, bu çağırışlara görə heç vaxt heç bir quruma çağırılmayıb.

Bəzi fəallar hesab edir ki, hakimiyyət “arzuolunmaz” şəxslərə qarşı edilən nifrət çıxışlarına göz yumur, öz ünvanna gələn tənqidlərə isə əksinə, çox sərt reaksiya verir.

Azərbaycanda insanları böhtan və təhqirdən qoruyacaq diffamasiya haqqında qanun qəbul olunmayıb, mövcud digər qanunlar da virtual məkanda baş vermiş halları tənzimləyə bilmir. 

Lakin hökumətin özünə qarşı olan tənqidlərə reaksiyalar özünü çox gözlətmir. Məsələn, bir müddət əvvəl jurnalist Anar Abdulla polisə müqavimət və xırda xuliqanlıqda ittiham olunaraq 15 sutka həbs olunub. Onun həbsinin əsl səbəbinin isə Prezident İlham Əliyevin müharibə haqqında çıxışlarından birinə tənqidi rəy yazması hesab olunur. Jurnalist həbsindən öncə bildirmişdi ki, o, sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə polis idarəsinə çağırılıb, orada təhqir olunub və döyülüb.

“Məni “söhbətə” çağırırdılar”

İctimai fəal Qiyas İbrahimov İkinci Qarabağ müharibəsi dövründə müharibə əleyhinə yazdığı fikirlərə görə hədəfə çevrildiyini deyir.

O söyləyir ki, sosial şəbəkələrdə paylaşdığı mövqeyi bəzi insanları qıcıqlandırıb və o, təzyiq, təqib və hətta açıq təhdidlərlə üzləşib.

“Açığı hər hansı situasiyada gözləmək və qəbul etmək olar ki, səni tənqid edəcəklər və yaxud müharibə haqqında hər hansı əks fikrinə görə tənqidləri də, təhqirləri də qəbul etmək olardı. Ancaq bu, artıq təhdid və hədə-qorxu fazasına keçməyə başlamışdı. Həmin vaxt daxili mesaja bir xeyli təhqir-təhdid gəlmişdi. Düzü, çoxuna heç baxmadım, sildim getdi. Nömrəni at deyən, ünvanı ver deyən olurdu. Söhbətə çağırırlar, razborkaya çağırırdılar”.

Qiyas İbrahimov ona gələn təhdidlərlə bağlı polisə müraciət etməsə də, onun haqqında şikayət edənlər olub. Bundan sonra o, polisə çağrılıb və onunla “söhbət aparılıb”. İctimai fəal xatırladır ki, hüquq-mühafizə orqanları şəxsin şikayəti olmasa belə onu qorumağa borcludur:

“Məsələn, mən durub yazsam ki, filankəsi bıçaqlayacam, əminəm ki, heç kim şikayət etməsə də, məni polis idarəsinə çağıracaqlar. Mənim haqqımda dəfələrlə belə yazılar oldu, müharibə vaxtı fikir bildirdilər. Ancaq dövlət bununla bağlı heç bir tədbir görmədi”.

“Mən o təhdidlərdən daha çoxunu alıram”

Feminist, qadın hüquqları müdafiəçisi Nərmin Şahmarzadə də fikirlərinə görə tənqid və təqib olunduğunu söyləyir.

O deyir ki, Azərbaycan hakimiyyəti feministlərə qarşı tolerant ola bilmir, çünki feministlər indiyə qədər qadın hüquqlarını qoruduğunu bəyan edən və dövlətin nəzarətində olan müəyyən təşkilatlardan fərqli olaraq məsələni süni şəkildə “üstdən malalamır”, onun kökünü   və burada dövlətin rolunu üzə çıxartmağa çalışırlar.

Nərmin Şahmarzadə söyləyir ki, aldığı təhdidlərin bir çoxunu ictimailəşdirmir.

“Deyə bilərsiniz ki, o qədər ictimailəşdirdiyiniz şeylər var da. Amma bunlar hamısı deyil. Mən o təhdidlərdən daha çoxunu alıram. Bir qrupu passiv təhdid formasıdır, məsələn, mesaj yazaraq təhdid edirlər. Bunu ümumiyyətlə çox paylaşmıram. Məsələn, polis bölməsinə beş dəfə çağırılırsansa – bölmə olmaya bilər, idarə ola bilər və s, mən onun hamısını ictimailəşdirmirəm və yaxud profilimə hücum cəhdi olanda hamısını ictimailəşdirmirəm”.

Qadın hüquqlarının müdafiəçisi deyir ki, Azərbaycan hökuməti özünə təhlükə hesab etmədiyi yanaşmaları və şəxsləri problem olaraq görmür və onlara qarşı hər hansısa tədbir görmür.

O vurğulayır ki, feministlərin mübarizəsi və tələbləri birbaşa olaraq hakimiyyətdən olduğu üçün onlara qarşı müəyyən tədbirlər görülür.

“Trol fabriki” və saxta mesajlaşmalar

İctimai fəal Bəxtiyar Hacıyev deyir ki, tənqidi fikirlərinə görə daha çox hakimiyyət tərəfindən təzyiqlərə məruz qalır.

O söyləyir ki, hakim partiyaya yaxın “trol fabrikinin üzvləri” və ya ayrı-ayrı dövlət qurumlarında çalışan insanlar həmin dövlət qurumlarının rəhbərləri tərəfindən təlimatlandırılırlar və ona, eləcə də digər tənqidi şərhlər yazan insanlara qarşı təzyiq formalaşdırırlar.

“Mənim məsələmdə bu, daha fərqli olmuşdu. Hakimiyyət intim məzmunlu saxta yazışma düzəltmişdi və bunu yaymışdı, bunun əsasında cəmiyyətdə qısa müddətlik müzakirə açmışdı. Burda məqsəd təbii ki, hakimiyyətin tənqidçiləri ilə bağlı cəmiyyətdə mənfi obraz yaratmaq, ictimai rəyi dəyişdirməyə çalışmaqdır”.

Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi bəzi qərarlarda deyilir ki, Azərbaycan hökuməti onu tənqid edən fəallardan qisas almaq məqsədilə onları haqsız yerə həbs edib.

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı yazır ki, Azərbaycan hökuməti ona qarşı çıxış edənlərə qarşı amansız repressiyaları davam etdirir. 

“Müstəqil fəallıq, tənqidi jurnalistika və müxalifətin siyasi fəaliyyəti üçün məkan faktiki olaraq məhv edilib, çünki çoxlu fəallar, hüquq müdafiəçiləri və jurnalistlər həbs ediliblər, müstəqil qrupların fəaliyyətini və onların maliyyə vəsaitlərini təmin etmək imkanlarını məhdudlaşdıran qanunlar və qaydalar qəbul edilib”, – təşkilat bildirir.

Azərbaycan hakimiyyəti beynəlxalq hüquq təşkilatlarının hesabatlarını qərəzli və qeyri-obyektiv sayır və bəyan edir ki, fikir ayrılığına görə heç kim təqib edilmir.

İlham Əliyevin özünə qarşı böhtan açıqlaması

Bəxtiyar Hacıyev xatırladır ki, Prezident İlham Əliyev illər öncə ANS televiziyasına müsahibəsində böyük ürək ağrısı ilə şikayətlənirdi ki, ona qarşı böhtanlar atılır.  

Həmin müsahibədə İlham Əliyev digər siyasi qüvvələr tərəfindən ona qarşı böhtan kampaniyası aparıldığını, onu “ləkələmək” və gözdən salmaq, eləcə də ona və atası, keçmiş Prezident Heydər Əliyevə “zərbə vurmaq” üçün onun qumar oynaması ilə bağlı şayiələr yayıldığını bildirib.

Bəxtiyar Hacıyev söyləyir ki, bir vaxtlar ona qarşı kampaniyanın aparıldığını deyən şəxsin komandası indi öz tənqidçilərinə qarşı eyni üsullardan istifadə edirsə, onlar bu haqda bir daha düşünməlidirlər.

İctimai fəal deyir ki, ona gələn tənqid və təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına 100-ə yaxın müraciəti olsa da, ona ya həmin adamların xaricdə olduqları üçün tapılmadıqları, ya da qanunun buna “icazə vermədiyini” deyiblər.

“Bu bəhanədir. Əgər bəhanə olmasaydı, hüquq-mühafizə orqanları Prezident Administrasiyası qarşısında bir təşəbbüs qaldırardılar ki, hansısa qanunlara dəyişiklik edilməsilə bağlı Milli Məclisə təkliflər göndərilsin. Mən son 10-15 illik praktikamda görmüşəm ki, dəfələrlə belə hallar olub ki, hakimiyyətin marağında olanda hansısa qanuna əlavə və düzəliş lazım gəldikdə bir neçə gün ərzində parlament onu bütün oxunuşlardan keçirir, dərhal da həmin əlavə və düzəlişlər qəbul edilir. Yəni, hüquq-mühafizə orqanlarının bu açıqlaması bəhanədən başqa bir şey deyil”.

“İnsanlar tənqidi çıxışlarına görə həbs olunurlar”

Hüquq müdafiəçisi Anar Mammadli deyir ki, Azərbaycanda nifrət nitqləri və tənqidi qarışdırırlar.

“Nifrət nitqləri daha çox özündə hər hansı bir şəxsin, fərdin və yaxud qrupun sırf milli, etnik, dini, cinsi və siyasi motivdə ona qarşı, onun çıxdaş olunmasını, ona qarşı zorakılığı, təqiblərə məruz qalmasını, cəmiyyətdən təcrid olunmasını, yəni, bu kimi tamamilə qanundan kənar, bu qrupa və ya bu şəxslərə qarşı müxtəlif növ tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Tənqidi çıxış isə tamamilə fərqlidir. Tənqidi çıxışda əsasən baş vermiş olaylara və yaxud da olaylarla bağlı şəxslərə, fərdlərə daha fərqli bir siyasət yürüdülməsini, daha fərqli bir münasibətin sərgilənməsini tələb edən mövqelər ortaya çıxır”.

O söyləyir ki, əslində, hökumət ölkə konstitusiyasına görə bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu, başqalarını öldürməyə, döyməyə, zorakılığa səsləyənlərin məsuliyyət daşıdığını açıqlamalı və onlar haqqında ölçü götürməlidir. Anar Mammadli hesab edir ki, dövlətin bunu etməməsi demokratik yumşalmaya, demokratik mədəniyyətin bu ölkəyə ayaq basmasında maraqlı olmaması ilə bağlıdır.

“İllərdir ki, Azərbaycanda insanlar fərqli siyasi fikirlərinə, hətta nifrət nitqlərinə görə deyil, tənqidi çıxışlarına görə həbs olunurlar, saxlanılırlar. İnzibati qaydada 10 sutka, 15 sutka, bir ay həbs edilirlər və ya illərlə qondarma cinayət işləri ilə həbsə məruz qalırlar. Bu şəxslər bu diskriminasiyaya ona görə məruz qaırlar ki, hökumət, hakimiyyət, birinci, ikinci, üçüncü şəxslər barədə tənqidi çıxışlara yol veriblər. Bunun özü Azərbaycanda – mən nifrət nitqini qoyuram kənara – hökumətin dözümsüzlüyünü göstərir. Tənqidə qarşı dözümsüzlük olanda bu, artıq istər-istəməz cəmiyyətdə ifadə azadlığını təhlükə altına alır”.

Hüquq müdafiəçisi vurğulayır ki, hökumət üzərinə düşən öhdəliklərə əsasən, bütün vətəndaşların ifadə azadlığını təmin etməli, qorumalıdır, eyni zamanda ifadə azadlıqları arasında balansı təmin etməlidir.

“Yəni, cinsi azlıqları müdafiə edənin də, siyasi məhbusları müdafiə edənin də, azad seçkiləri müdafiə edənin də ifadə azadlığı var. Onlara qarşı sərt mövqedə olanların da ifadə azadlığı var”, – o izah edir.  

Azərbaycan Konstitusiyasının 25-ci maddəsində deyilir ki, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.” 

 “Mediaset”in dəstəyi ilə

Ana səhifəReportajAzərbaycanda nifrət nitqi və tənqid. Kimə olar, kimə olmaz?