Qayıqda 20 kiloqramdan artıq narkotik vasitənin aşkarlandığı deyilir
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizində Azərbaycan sərhədini pozan İrana məxsus qayığın saxlanıldığını bildirir.
Bu barədə aprelin 22-də DSX-nin yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi də açılıb:
“Sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 (iki) nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib”.
DSX əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuananın aşkar olunaraq götürüldüyünü əlavə edib.