Azərbaycan ordusu Xankəndidə hərbi parad keçirib, Əliyev də iştirak edib

Foto: “Azərtac”

Paradın Zəfər Günü ilə bağlı keçirildiyi açıqlanıb

Bu gün, noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Azərbaycan ordusunun Xankəndidə hərbi parad keçirdiyi bildirilir.

Paradda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.

3 ildir ki, Azərbaycanda II Qarabağ müharibəsinin nəticəsi olaraq 8 Noyabr Zəfər Günü kimi qeyd olunur.

Zəfər Günü Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Fərmanı ilə Şuşa şəhərinin noyabrın 8-də azad edilməsi ilə əlaqədar elan edilib.

2020-ci ildə Azərbaycanın 1992-1994-cü illərdə Ermənistan tərəfindən işğal olunan ərazilərinin bir hissəsi azad edilib.

27 sentyabrda başlayan və 44 gün davam edən müharibə Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının noyabrın 10-da imzaladığı üçtərəfli bəyannamə ilə dayandırılıb.

Ardınca Ermənistan öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarıb.

Azərbaycan Müdafiə Nazirliyi 2023-cü ilin sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilirdi ki, səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Sentyabrın 28-də isə Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbəri Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin başa çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında indiyə kimi hələ də sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətAzərbaycan ordusu Xankəndidə hərbi parad keçirib, Əliyev də iştirak edib