Azərbaycan konsulu Niderlanddan sığınacaq istədi

Hikmət Hacıyev: “Dəqiq cavabı bazar ertəsi verə bilərəm”

Source:


Hikmət Hacıyev:

“Dəqiq cavabı bazar ertəsi verə bilərəm”

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib.

Bu barədə AzNews.az xəbər verir ki, konsul vəzifəsindən kənarlaşdırılandan sonra Nahid Cəfərov Xarici İşlər Nazirliyinə dəvət olunub. Amma konsul Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.

Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, “qiyamçı diplomat” Arif Məmmədovla çox yaxın münasibətlərinin olması ilə bağlıdır. Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostuyla əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işi ilə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də, ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.

AzNews.az-ın məlumatına görə, Nahid Cəfərovla Arif Məmmədov həqiqətən də vaxtilə yaxın dost olublar və hətta bir yerdə çalışıblar.

Sayt olayla əlaqədar Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə faktı nə təkzib, nə də təsdiq edib. Xidmət rəhbəri bildirib ki, məsələdən xəbərsizdir: “Bununla bağlı suala dəqiq cavabı bazar ertəsi verə bilərəm”.

Ana səhifəXəbərlərAzərbaycan konsulu Niderlanddan sığınacaq istədi