Azərbaycan haqda tanıdıcı kitablar

Azərbaycana gələn xaricilər məhz belə kitabların yoxluğunu hiss edirlər…

Source:


Əlimdə iki kitab tutmuşam. Bunlardan biri Kate Fox-un ‘Watching the English: The Hidden Rules of English Behaviour” (İngilislərə baxış: İngilis davranışının gizli qaydaları), o biri Owen Jones-un “Chavs. The Demonization of Working Class” (Çavlar. İşçi sinfinin iblisləşdirilməsi) kitablarıdır.

İngiltərəyə ayaq basan hər bir adama bu proqressiv cəmiyyətin işıqlı tərəfləri aydın görünür. Ancaq mən bu cəmiyyətin qaranlıq tərəfini görməyə can atırdım. Əvvəlcə elə zənn edirdim ki, bunu bilmək çox çətin olacaq. Ən azı gərək Piter Akkroydun “Londonun bioqrafiyası” əsərində təsvir etdiyi, – bir növ oranın “Sovetski”-si olan məhəllələrə gedim, orda kimlərləsə dil tapıb söhbət edim… Hər hansı bir şəhərin, ölkənin görünməyən sosioloji cəhətlərindən, özünü büruzə verməyən mentalitetindən, başqa sözlə, cəmiyyətin cik-bikindən asanlıqla xəbərdar ola bilməzsən – düşünürdüm, – illər lazımdır.

Ancaq tezliklə məni bütün maraqlandıran sualların kitablaşdırıldığını gördüm. Kitab mədəniyyəti elə yüksək həddə çatıb ki, təkcə sosioloqlar deyil, bir çox yerlilər və mühacirlər öz Britaniya təcrübələrini yazıblar və otaqdan çıxmadan onların kitablarını oxusan, özün bu ölkədəki yaşamış kimi varsan. Rəngarəng təcrübələr. Pis təcrübələr pozitiv təcrübələrlə yanaşı. Belə kitablar çoxdur.

Adını çəkdiyim ikinci kitab daha spesifikdir. 1984-cü il təvəllüdlü çox maraqlı, fəal bir leftistin birinci kitabıdır, ingilis cəmiyyətində aşağı sinfin, fəhlə sinfinin “chavs” deyilərək ələ salınmasının xronikasını təhlil edir…

Birinci kitabın müəllifi isə ingilis cəmiyyətinin antropoloji, sosioloji xüsusiyyətlərindən söz açır. Tərif lazım olan yerdə tərifləyir, sirləri də açır, bəzən mentaliteti məsxərəyə də qoyur. Səmimi kitabdır. Xaricilərə ingilis cəmiyyətini olduğundan daha yüksək göstərmək kimi niyyətlər güdülməyib. Saxta, gərəksiz millətçilik görmürsən. Pafoslu tərif yoxdur. Hər şey həyati xırdalıqlarla qələmə alınıb. Məsələn, Kate Fox-un kitabındakı bir detalı xatırlayıram. Britaniyalılar metro qatarlarında özlərini elə aparırlar ki, sanki demək istəyirlər: burda heç kəs yoxdur, heç mən özüm də yoxam.

Azərbaycana gələn xaricilər məhz belə kitabların yoxluğunu hiss edirlər. Aydın məsələdir ki, ilk vaxtlar necə bir cəmiyyətə düşdüklərini bilmək istəyirlər, çoxlu sualları var, ancaq onlar bənzər bələdçini kitablar arasında yox, yalnız bir-birində axtarmağa məcbur olurlar. Mən xalçaçılıqdan, Qız qalasından, heykəllərdən danışan informativ-illüstrativ kitabları nəzərdə tutmuram. Onlar vitrindir. Dağları, dərələri, qalaları, küçələri tanıdan kitablar çoxdur. Amma həmin küçələrdə görəcəkləri adi insanları, mentaliteti, yerli xüsusiyyətləri onlara tanıdan nümunəsini verdiyim kimi səmimi kitablar yoxdur. Məsələn, içində “Əl əli yuyar, əl də üzü” cümləsi olan bir kitab.

Bu yaxınlarda Azərbaycanda cəmi bir neçə ay yaşamış amerikalı Bakıda kişilərin qadınların dalınca düşüb onları izləməsi, küçələrdə “kis-kis, piş-piş” deyərək çağırması və avtomobilə dəvət eməsi kimi müşahidələrindən bəhs edən yazı yazmışdı.

http://www.eurasianet.org/node/67929

Budur, əvvəlcədən yerli sosioloqların onları belə məsələlərdən xəbərdar edəcəyi kitablar lazımdır. Aşağıdakı lüğət də o kitabların bir hissəsi olmalıdır.

Şapka – Rus dilindən Azərbaycan dilinə keçmiş, semantik mənası “papaq” olan sözdür. Adətən iri dövlət müəssisələrilə münasibətdə, mövzu maliyyə olanda ortaya çıxır. Məsələn, bankdan müəyyən məbləğdə qanuni ipateka krediti götürən şəxs o pulun bir hissəsini məmura “şapka” verməlidir, çünki qanuni olsa da, bank hər adama ipateka krediti vermir. Böyük məbləğdə rüşvət deməkdir.

Şirinlik – İşə girmək (məktəbə müəllim, xəstəxanaya həkim və s.), yaşadığı binadan kənara eyvan çıxarmaq, dükanını bir neçə metr genişləndirmək və digər bu kimi arzuları olan vətəndaş bu arzularının yerinə yetməsi üçün məktəbin müdirinə, xəstəxananın baş həkiminə, sahə müvəkkilinə, icra nümayəndəsinə şirinlik verir.

Hörmət – Lüğəti mənası mənəvi dəyər. Bütün sahələrdə xırda və orta ölçülü rüşvətin geniş yayılmış adı.

Tapş – “Tapşırmaq” felinin qısaldılmış forması. “Yuxarıda” işləyən bir adamın sənin qeyri-qanuni bir işinin aşması üçün məsələyə müdaxilə etməsi. Bunun qarşılığında həmin adama ya hörmət edirsən, ya da o, sənin qohumundur.

Jeton vermək – Yol polisi avtomobilini saxlayıb səndə ciddi olmayan bir qüsur tutur, bal və ya rəsmi cərimə yazacağı ilə hədələyir, yaxud açıq şəkildə deyir: “Bayram günüdü, gör neynirsən”. Bu zaman sən yola davam etmək üçün ona kiçik məbləğdə hörmət edirsən və ya jeton verirsən.

Görmək – İlkin lüğəti mənasına görə, gözün görməsini bildirən sadə feildir. Amma “Filankəsi görmüşəm, işində ol”, “Bəhmənkəsi gördüm, daha narahatlıq qalmadı” kimi cümlələrin içində kiçik və orta məbləğli rüşvətə işarə edir. “Kəndxudanı gör, kəndi çap” – qədim Azərbaycan məsəli də var.

Həftəlik – adətən xırda ticarət obyektlərinin sahibləri sahə müvəkkilinə hər həftə kiçik məbləğdə pul ödəyirlər. Qanuni olan bütün vergiləri ödəməkdənsə, hamısının əvəzinə, vergi işçisinə şəxsən hər həftə ödənən kiçik məbləğ də belə adlanır.

Sbor – rus dilində “yığım” mənasını verir. Yəni işçilər vəzifələrində qalmaqdan ötrü hər ay öz aralarında pul yığırlar, yığım edib yuxarıya ötürürlər. “Sbor vaxtı yaxınlaşır” – cümləsi bir çox iş yerlərində borcu olan adamın borcunun ödənməsi vaxtı çatanda keçirdiyi təşvişə bərabər stress yaradır.

Xaltura – adətən dövlət təşkilatlarının işçilərinin əmək haqları az olduğundan, öz birbaşa görməli olduqları işdən əlavə işlərə baş vururlar. Misal üçün, polis qanuni iş saatı bitəndən sonra iş uniformasında şəhərə xaltura etməyə çıxa bilir.

Hədiyyə – uşaqlar üçün rüşvətlə ilk tanışlıq. Orta məktəblərdə yayğındır. Bayramlarda və adgünlərində müəllimlərə hədiyyə verən şagird bunun qarşılığında layiq olduğundan daha yaxşı qiymət almağa və ya diqqətli münasibət görməyə nail olur.

Baxım-görüm etmək – yalnız bir rüşvət əməliyyatını yox, rüşvət prosesini ifadə edir. Məsələn, işçilər öz idarə rəhbərlərinə bir neçə ay boyunca hər fürsət düşəndə kiçik hədiyyələr verirlər, günlərin bir günü bütün bunların əvəzinin verilməsi vaxtı yetişir və işçi müdirindən məzuniyyət müddətini qeyri-qanuni artırmaq kimi bir sıra qanunsuzluqlara göz yummasını rica edir.

Tərləmək – dərinin səthində su damcılarının əmələ gəlməsi. Hər hansı işini başa gətirmək istəyən adam da beləcə, özündən bir miqdar pul çıxarmalıdır.

Haqq – bir idarənin işçisinin sadə vətəndaş üçün gördüyü işin əvəzində ondan öz haqqını alması; “bu işin haqqı bu qədərdir.”

Peşkəş – əski Azərbaycan dilində hər hədiyyəyə peşkəş deyilirdi. Günümüzdə avtomobil, ev, ərazi, idman atı, gəmi və bu kimi qiymətli şeylərin adətən vəzifəcə aşağı olan adamdan vəzifəcə yuxarıda olan şəxsə hədiyyə edilməsi. “Bunu sənə peşkəş edirəm” – bu zaman həmin çox qiymətli hədiyyənin qiyməti “peşkəş” sözünün vurğulanmasıyla sanki qəsdən azaldılır, hədiyyəyə qurbanlıq quzu kimi bir çalar qatılır.

Bəxşiş – rüşvətin arxaik adıdır. “Onlarda buna rüşvət deyirlər, bizdə bəxşeyiş” (“Dərviş Parisi partladır” filmindən). Günümüzdə onu “hörmət” sözü əvəz edib.

Ana səhifəMənim FikrimcəAzərbaycan haqda tanıdıcı kitablar