Azadlıq Radiosunun prezidenti: “Vira Hıriçin ölümü bütün kollektivi şoka salıb”

Foto: Vera Qiriçin “Facebook” səhifəsindən götürülüb

Jurnalist Kiyevə atılan raket zərbəsindən həlak olub

Azadlıq Radiosunun jurnalisti Vira Hıriç Rusiya aviasiyasının Kiyevə endirdiyi zərbədən həyatını itirib. Onun cəsədi aprelin 29-da yaşadığı binanın qalıqları arasında tapılıb.

Məlumatı Azadlıq Radiosunun Ukrayna xidməti yayıb. Bildirir ki, hadisə aprelin 28-i gecə baş verib. Rusiya tərəf yaşayış binasına raket zərbəsi endirib. Jurnalist həmin binada yaşayırmış.

Azadlıq Radiosunun prezidenti Ceymi Flay açıqlamasında “Ukrayna xidmətindəki əməkdaşımız Vira Hıriçin Kiyevdə vəfat etməsi bizi dərindən kədərləndirdi. Peşəkarlığı və missiyamıza sadiqliyi ilə yadda qalacaq əziz həmkarımızı itirdik”,- deyib.

Ceymi Flay əlavə edib ki, Vira Hıriçin sevdiyi ölkə və şəhərdəki evində ölümü bütün kollektivi şoka salıb, qəzəbləndirib və kədərləndirib:

“Onun xatirəsi gələcək illərdə Ukraynada və ətraf ərazilərdə bizə işıq olacaq”.

Saytdakı video və şəkillərdə binanın aşağı mərtəbələrinin ciddi şəkildə zədələndiyi görünür. Ərazidə olan avtomobillərin şüşələri cilik-cilik olub.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov aprelin 28-də “uzaq mənzilli, yüksək dəqiqlikli” raketlərin Ukraynanın raket istehsalçısı “Artem” şirkətinin Kiyevdəki zavod binalarını vurduğunu iddia edib.

Ukrayna rəsmiləri hücum zamanı fabrikin vurulub-vurulmaması ilə bağlı açıqlama verməyib.

Kiyev meri Vitali Kliçko aprelin 29-da “Telegram”-da bildirib ki, zərbələr nəticəsində bir cəsəd dağıntılar altından çıxarılıb, daha 10 nəfər yaralanıb. O, bu barədə əlavə məlumat verməyib.

Ötən gün Kiyevdə Quterreşlə görüşən Prezident Vladimir Zelenski hava zərbələrini pisləyib və “müvafiq güclü reaksiyaya” çağırıb.

1967-ci il təvəllüdlü Hıriç 2018-ci ilin fevralında Azadlıq Radiosunda işləməyə başlayıb. Bundan əvvəl o, Ukraynanın aparıcı televiziya kanallarından birində işləyib.

Ana səhifəSiyasətAzadlıq Radiosunun prezidenti: “Vira Hıriçin ölümü bütün kollektivi şoka salıb”