“Azərenerji” ASC-nin yığılmış zərəri 1,7 milyard manata çatıb. Dövlət şirkəti 2024-cü illə müqayisədə yığılmış zərərin həcmini 6 faiz azalda bilib.
ASC-nin 2025-ci il üzrə maliyyə hesabatında göstərilir ki, şirkətin ümumi gəlirləri 1,6 milyard manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 10,9 faiz çoxdur.
Gəlirlərin strukturuna nəzər yetirdikdə görünür ki, qurum elektrik enerjisinin satışından 1 milyard 564,2 milyon manat gəlir əldə edib. Bu göstərici 2024-cü illə müqayisədə 113 milyon manat və ya 7,8 faiz artıb.
“Digər satışlar”dan əldə olunan gəlirlər isə 4 dəfə artaraq 64,1 milyon manata çatıb. Lakin maliyyə hesabatında bu gəlirlərin hansı satış növlərindən formalaşdığına dair heç bir izahat verilmir.
Elektrik şəbəkəsinə qoşulma haqlarından əldə olunan gəlirlər isə 2,5 dəfə azalaraq cəmi 483 min manat olub. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə 1,23 milyon manat təşkil edib.
Gəlirlərlə yanaşı, dövlət şirkətinin xərcləri və borcları da artıb. Belə ki, ASC-nin ümumi əməliyyat xərcləri 7,3 faiz artaraq 1,3 milyard manata yüksəlib. Xərclərin strukturunda ən böyük payı 680 milyon manatla yanacaq xərcləri təşkil edir.
Beləliklə, vergilər ödənildikdən sonra “Azərenerji”nin xalis mənfəəti 2024-cü illə müqayisədə 26,2 faiz azalaraq 128,2 milyon manat olub.
Hesabatdan görünür ki, şirkətin xarici valyuta məzənnə fərqlərindən əldə etdiyi gəlirlər təxminən 3 dəfə azalıb. Belə ki, bu istiqamətdə gəlirlər 2024-cü ildəki 130,2 milyon manatdan 2025-ci ildə 44,3 milyon manata düşüb. Əksinə, xarici valyuta məzənnə fərqlərindən yaranan zərər 67,7 milyon manatdan 98,3 milyon manata yüksəlib.
2025-ci ildə “Azərenerji”nin aktivləri 8,8 faiz artaraq 6 milyard 431,2 milyon manata çatıb.
Ötən ilin sonuna müxtəlif müəssisə və abonentlərin “Azərenerji”yə olan debitor borcu 55,6 milyon manat təşkil edib.
Şirkətin kredit və borc öhdəliklərinin ümumi həcmi isə 1 milyard 155,1 milyon manat olub. Bunun 647,4 milyon manatı uzunmüddətli, 507,7 milyon manatı isə qısamüddətli kredit və borc vəsaitləridir.
Habelə hesabatda qeyd edilir ki, şirkətin ümumi vergi öhdəlikləri 831,3 milyon manat təşkil edir. Bunun 298,7 milyon manatı təxirə salınmış vergi öhdəliyi, 532,6 milyon manatı mənfəət vergisindən başqa digər vergi öhdəlikləridir.
“Azərenerji”nin investisiya fəaliyyətində istifadə etdiyi xalis pul vəsaitləri 854,3 milyon manat olub. Bunun 569 milyon manatı əmlak, tikili və avadanlıqların alınmasına, yəni tikinti işlərinə, 285,3 milyon manatı isə gələcək tikinti layihələri üçün verilmiş avanslara yönəldilib.
Şirkətin satışdan əldə etdiyi gəlirlər ümumi xərclərini qarşılamadığı üçün büdcəsinin əsaslı kapital qoyuluşları ilə yanaşı, digər mənbələr hesabına da kapital cəlb edir. Belə ki, “Əlavə ödənilmiş kapital” maddəsi əsasən səhmdarın yatırdığı investisiyaları əks etdirir. “Azərenerji”nin yeganə səhmdarı dövlət olduğundan, 2025-ci ildə şirkətə dövlət büdcəsi hesabına 206,7 milyon manat əlavə vəsait əldə edib. Nəticədə, dövlət tərəfindən şirkətə yönəltdiyi əlavə kapitalın həcmi həcmi 3,3 milyard manata çatıb.
Hesabatın təhlili göstərir ki, “Azərenerji”nin əsas maliyyə dayanıqlığını hələ də dövlət büdcəsi hesabına dəstəklənir.