Azərbaycanda saxlanılan erməni məhbus Lüdviq Mkrtçyanın ailəsi bildirib ki, lazımi tibbi yardımın göstərilməməsi fonunda onun səhhəti həbsdə olduğu müddətdə ciddi şəkildə pisləşib.
OC Media yazır ki, Mkrtçyan 2020-ci ildə baş vermiş İkinci Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən əsir götürülüb.
AzadlıqRadiosu-nun (RFE/RL) məlumatına görə, o, könüllü döyüşçü olub.
Narahatlığı ilk dəfə bazar ertəsi vəkil Lusiana Minasyan dilə gətirib. O, “X” platformasında yazıb ki, Mkrtçyan “Azərbaycan həbsxanasında həyatı uğrunda mübarizə aparır”.
Minasyan bildirib ki, Mkrtçyan ürəyin ciddi zədələnməsindən, xroniki baş ağrılarından, başgicəllənmədən, sinə ağrılarından və təhlükəli dərəcədə yüksək qan təzyiqindən əziyyət çəkir.
“Bu, 2020-ci ildə əsir götürülmüş hərbi əsirə qarşı qəsdən tibbi laqeydlikdir”, – Minasyan yazıb və əlavə edib ki, ona “heç bir real müalicə göstərilmir”.

Mkrtçyan 2021-ci ildə Azərbaycan məhkəməsi tərəfindən Birinci Dağlıq Qarabağ müharibəsinə aid hərbi cinayət ittihamları ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Ailəsi onun günahsız olduğunu bildirir.
Mkrtçyan hazırda Azərbaycanda saxlanıldığı məlum olan 19 erməni məhbusdan biridir. Onların arasında Qarabağda fəaliyyət göstərmiş rejimin keçmiş hərbi və siyasi rəhbərləri də var. Həmin şəxslər uzunmüddətli həbs cəzalarına, o cümlədən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Erməni məhbusların sonuncu qrupu yanvar ayında Azərbaycan tərəfindən azad edilib və dörd saxlanılan şəxs Ermənistana qaytarılıb. Onlardan ən azı ikisinin fiziki və psixoloji vəziyyəti ağır olub.
Yanvar ayında azad edilənlərdən biri, 70 yaşlı Vaqif Xaçatryan bir ay əvvəl xəstəxanaya yerləşdirilmişdi və həmin vaxt onun vəziyyəti ağır kimi qiymətləndirilirdi. Digər məhbus, Livan ermənisi Vigen Eulcekçyan isə çoxsaylı sağlamlıq problemlərindən əziyyət çəkib, aclıq aksiyası keçirib və yayılan məlumatlara görə, Azərbaycanda saxlanıldığı müddətdə intihara cəhd edib.
Çərşənbə günü AzadlıqRadiosu-na danışan Mkrtçyanın həyat yoldaşı Hranuş Şahbazyan onun səhhətinin pisləşməsi barədə məlumatları təsdiqləyib və bildirib ki, əsir götürülməzdən əvvəl onun heç bir sağlamlıq problemi olmayıb. Şahbazyanın sözlərinə görə, ərinin təkcə səsi belə onun vəziyyətinin həm fiziki, həm də psixoloji baxımdan nə qədər pisləşdiyini göstərir.
“Baxmayaraq ki, azərbaycanlılar ona hər şeyin qaydasında olduğunu deyirlər, o özü vəziyyətinin çox ağır olduğunu bildirir. Danışanda belə çox çətinlik çəkir və nəfəsi daralır”, – Şahbazyan deyib.
Şahbazyan bildirib ki, ona Mkrtçyanla yalnız hər 40 gündən bir, təxminən 10 dəqiqə danışmağa icazə verilir.
O, ərinə istinadən əlavə edib ki, həbsxanada saat 16:00-dan sonra həkim olmur. Mkrtçyan yaxın vaxtlarda vəziyyəti kəskin ağırlaşdıqdan sonra elektrokardioqram müayinəsindən keçirilib, lakin nəticələr barədə ona heç bir məlumat verilməyib.
“Hazırda onun tibbi sənədlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsini gözləyirik ki, məhkəmə vəziyyət barədə daha aydın təsəvvür əldə edə bilsin”, – o deyib.
AzadlıqRadiosu-nun məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı erməni məhbusların vəziyyəti barədə məlumat təqdim etməyə məcbur edib. Mkrtçyanın ailəsinin indiyədək əldə etdiyi sənədlər onun ciddi sağlamlıq problemlərinin olduğunu və təcili tibbi yardıma ehtiyac duyduğunu göstərir.
Azərbaycan hakimiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəni “tərk etməli olduğunu” bildirdikdən sonra təşkilat 2025-ci ilin sentyabrında Azərbaycandakı fəaliyyətini dayandırıb. Bundan sonra erməni məhbusların ailələrinin məlumat əldə etmək imkanları daha da məhdudlaşıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin həmin il erməni məhbuslara ilk və son səfəri dekabrın sonunda baş tutub.
Mkrtçyanın həyat yoldaşının sözlərinə görə, o, həmçinin “ümidsiz və çarəsiz vəziyyətdədir” və nə vaxtsa Ermənistana qayıdacağına getdikcə daha az inanır. Şahbazyan ərini ruhlandırmağa davam etsə də, özü onun vəziyyətinin sürətlə pisləşməsindən qorxur və təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu düşünür.
O əlavə edib ki, əsir götürüldüyü vaxtdan bəri Mkrtçyan Ermənistanın Ararat vilayətində aldıqları evdə yaşamaq imkanı əldə etməyib, qızının toyunda iştirak edə bilməyib və nəvələri ilə heç vaxt görüşməyib.
“Əgər sülh varsa, ən azı humanitar məsələlər təmin edilməlidir. Amma mən hələ də bunu görmürəm”, – Şahbazyan vurğulayıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.