Azərbaycanda ənənəvi heyvan bazarları bağlanır: mal-qara birjalarda satılacaq

Source: Foto: Meydan TV

Ötən il bağlanan heyvan bazarlarının 14-nün açılmasına hələ də icazə verilməyib. 2025-ci ilin oktyabrında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mal-qara arasında dabaq xəstəliyinin yayılması ilə əlaqədar 28 heyvan bazarının bağlanması haqqında qərar vermişdi. Həmin dövrdə AQTA sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyətinin bərpa olunacağını bildirsə də, lakin bir çoxu hələ də bağlıdır.

Bununla bağlı bir müddət əvvəl “Gündəlik Naxçıvan” yazırdı ki, Şərur fermerləri Arpaçay kənarında yerləşən heyvan bazarının açılması ilə bağlı dövlət qurumlarına müraciət ediblər, lakin onların şikayətlərinə baxan yoxdur.

Fermerlərdən Abbas Kərimov deyib ki, bazar dabaq xəstəliyi bəhanəsi ilə bağlanıb:

“Dabaq xəstəliyinin yayılmasına da özləri səbəb olmuşdu. Pulu yeyib, profilaktik tədbir aparmamışdılar. Xəstəlik bir neçə aydır keçib, ancaq bazarı açmaq istəmirlər. Çünki sərf etmir. Bazar olmadığı üçün heyvanlarımızı onlara yarı qiymətə satmağa məcbur oluruq. Monopolistlərin qəssabları kəndə gəlir, heyvanı real dəyərinin yarı qiymətinə almaq istəyir. Borclarımızı ödəmək üçün məcbur qalıb veririk. Yüzlərlə fermerin günü qaradır. Şikayətimizə baxan yoxdur”.

Azərbaycanda heyvanlar birjalarda satılacaq

AQTA sədri Qoşqar Təhməzli “Trend”ə verdiyi müsahibəsində bildirib ki, heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab verməməsi səbəbindən bağlanıb:

“Bu bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq”.

Onun sözlərinə görə, Agentlikdə idxal və ixrac sahəsində rəqəmsallaşma artıq 100 faiz təmin edilib:

“Digər istiqamətlərdə isə rəqəmsallaşma səviyyəsi 94 faizi ötüb. Bu proses tam başa çatdıqdan və heyvanların identifikasiyası yekunlaşdıqdan sonra məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları tətbiq edilsin. Belə olan halda alıcı almaq istədiyi heyvanın bütün məlumatlarını, o cümlədən identifikasiya sistemində əks olunan göstəricilərini elektron platforma üzərindən əvvəlcədən görə, qiymətləndirə və daha sonra sifarişini verə biləcək”.

“Bəlkə də camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Heyvan bazarlarının fiziki yox, birja formasında təşkil ediləcəyi ilə bağlı məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli sosial media hesabında yazıb ki, bütün dünya ölkələrində inkişaf trayektoriyası ənənələrə söykənir:

“İstənilən halda ənənələr vacib amildir. Azərbaycanda da min illik bazar ənənələri var. Həmin ənənələr bu gün də yaşayır. Hər kəs bəslədiyi heyvanı “mal bazarı”na çıxarıb satır, geri dönəndə isə zəruri ehtiyaclarını alır. Nəticədə insanlar təkcə heyvanını satmır, həm də zəruri ehtiyaclarını tədarük edib geri dönür və əlavə xərclərdən qurtulur. Yəni insanlar bazara təkcə satmaq üçün yox, həm də almaq üçün çıxırlar”.

İqtisadçı qeyd edib ki, indi bu ənənələri məhv edib “mal bazarı”nı digital formada təşkil etmək doğru yanaşma deyil:

“Onlayn birja kimə lazımdır? Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada iştirak edə biləcək? Və bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq, çatdırılma necə təşkil olunacaq?

İnsanda belə bir təsəvvür yaranır ki, AQTA-nın son zamanlar atdığı bütün addımlar proseslərin çətinləşdirilməsini və qiymətlərin bahalaşdırılmasını hədəfləyib. Elə bil kompüter oyunları həvəskarları olan gəncləri bir yerə yığıblar, onlar da həyatı kompüter oyunu sanır, hər şeyi online həll etməyin mümkünlüyünü düşünür, mal-heyvan saxlayanların əziyyətini anlamırlar, ənənələrə hörmət etmirlər. Bəlkə də, məsələn, camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər, kompüter arxasında oturub “müasirləşirlər”, anlamırlar ki, ənənəsiz, keçmişə söykənməyən gələcək olmur”.

“Süni problem yaradırlar”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə açıqlamasında bildirir ki, xaricdə öyrəndiklərini tətbiq etməyə çalışırlar. Ekspert deyir ki, hazırda mövcud olan durumu inqilabi formada dəyişmək istəyirlər:

“Vaxtilə heyvanların kəsimini məhdudlaşdırmışdılar. Yəni heyvan kəsimi ilə məşğul olan xüsusi qəssablar var idi, küçədə kəsilmirdi. Onlar da kəsim haqqına sahib idi. Sonra çığallıq etdilər ki, mərkəzləşdirilmiş qaydada olmalıdır. Mərkəzləşdirilmiş qayda deyəndə isə həmin sahəni öz əllərinə almaq deməkdir. Bu baş verdi. Kəndlilər xeyli əziyyət çəkirlər. Heyvanı təyin olunan yerlərə aparmalıdırlar, orada kəsim həyata keçirilməlidir və orada onlar ödəniş edirlər. Üstəlik, daşınma xərcləri var, vaxt gedir. Onun marketlərə daşınması zamanı yolda hansısa mikroba bulaşması ola bilər və bundan sığortalanmayıblar. Kəndlilərin, fermerlərin vəziyyəti nəzərə alınmadan belə tədbirləri həyata keçirirlər. Nəticədə ət bahalaşdı”.

V.Məhərrəmovun sözlərinə görə, birja məsələsini ortaya atmazdan öncə Azərbaycan reallığı nəzərə alınmalıdır:

“Ölkə reallığında birja məsələsinə hələ bir neçə onillik var. Birdən-birə hər şeyi qaydasına qoymaq olmur. Hökumət üzərinə düşən işləri görmür. Məsələn, heyvandarlıqda problemlər var; yem çatışmazlığı var, oliqarx məmurlar örüş yerlərini zəbt ediblər. Zəbt olunmuş torpaqlar heyvandarlıqla məşğul olan kəndlilərə təhvil verilməlidir. İndi özəl mülkiyyətçilərin əlində olan torpaqları da ələ keçirməyə çalışırlar. Bitkiçilikdə də su təminatı, keyfiyyətli gübrə təminatı ilə bağlı ciddi problemlər yaşanır. Bazarda mövcud monopoliya aradan qaldırılmalıdır. Əslində, hökumət bu işlərlə məşğul olmalıdır”.

V.Məhərrəmov hesab edir ki, hökumət tərəfindən birja məsələsinin ortaya atılmasının əsas səbəbi oliqarxlara məxsus böyük fermer müəssisələridir:

“Ola bilsin ki, indi böyük heyvandarlıq müəssisələrinin köməyi ilə birja satışı həyata keçirilsin. Kəndlilər də məcburiyyət qarşısında qalıb böyük ferması olan oliqarx məmurların vasitəsilə birjada iştirak edə biləcəklər. Yəni bunu özü deyil, həmin şirkətlər həyata keçirə bilər. Bunların real vəziyyətdən xəbərləri yoxdur. Bilmirlər ki, heyvandarlıq nə qədər dağınıq, pərakəndə vəziyyətdədir. Bunları yığcam etmək, təşkilatlandırmaq üçün çox işlər görülməlidir. İlk öncə yem bazası gücləndirilməlidir. Əgər yem kifayət qədər olarsa, heyvandarlıq inkişaf edəcək. Bu sahənin inkişafı nəticəsində tədricən birjanın da təşkilini həyata keçirmək mümkün olacaq”.

Ekspert deyir ki, mövcud vəziyyətdə heyvanların baş sayı kəskin şəkildə azalmaqdadır:

“Heyvana tələbat olduqca böyükdür. Heyvan idxalında da azalmanı görürük. Bu da digər ölkələrdə təklifin azalması ilə bağlıdır”.

O hesab edir ki, bağlanan heyvan bazarının açılmaması yalnız standartla bağlı deyil:

“Heyvan bazarıdır, dezinfeksiya edin. Adamlar heyvanlarını günlərlə saxlamırlar ki. Səhər gəlib, günortaya kimi satıb gedirlər. Sadəcə, süni problem yaradırlar”.

Ana səhifəİqtisadiyyatAzərbaycanda ənənəvi heyvan bazarları bağlanır: mal-qara birjalarda satılacaq