Azərbaycan XİN Avropa Şurasının rəsmisinə etirazını bildirib

Foto: Azərbaycan Dövlət Televiziyası

İyunun 22-də Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in açıqlamasında deyilir ki, görüş zamanı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair “kəskin etiraz” bildirilib: 

“Bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb”.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 18-də erməni hərbçinin ailəsinin Azərbaycana qarşı işgəncə və digər iddialarını təmin edib. Söhbət 2016-cı ilin hərbi toqquşmaları zamanı işgəncəyə məruz qaldığı bildirilən erməni əsgərdən gedir.

Məhkəmənin qərarına əsasən, Azərbaycan 2016-cı ilin aprel döyüşləri zamanı öldürülən erməni hərbçinin ailəsinə ümumilikdə 104 min avro məbləğində təzminat ödəməlidir.

Məhkəmə işi 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının hərbi toqquşması zamanı, tanınmamış Dağlıq Qarabağ Respublikasının nəzarətindəki ərazilərdə baş verən hadisələrlə bağlıdır. Ərizəçilərin iddialarına görə, erməni hərbçi V.T. Azərbaycan əsgərləri tərəfindən işgəncəyə məruz qalıb, əlləri və başı kəsilib.

Oxşar iddialarla bağlı daha 21 ərizə hazırda məhkəmənin icraatındadır.

 Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdiyi cavabda bildirib ki, şikayətdə qeyd olunan hadisənin baş verdiyi dövrdə həmin ərazi Ermənistanın nəzarəti altında olub. Hökumətin mövqeyinə görə, meyit erməni hərbçiləri tərəfindən tapıldığı üçün Azərbaycan tərəfi iddiaların həqiqiliyini araşdırmaq imkanından məhrum qalıb.

Cavabda qeyd olunub ki, Azərbaycan hakimiyyəti hadisə barədə yalnız məsələ Avropa Məhkəməsinə çıxarıldıqdan sonra məlumat əldə edib.

Hökumət həmçinin bildirib ki, ərizəçilər iddiaları ilə bağlı indiyədək Azərbaycan tərəfinə müraciət etməyib və məsələ ilə əlaqədar mövcud diplomatik kanallardan istifadə etməyiblər.

Ana səhifəSiyasətAzərbaycan XİN Avropa Şurasının rəsmisinə etirazını bildirib