Azərbaycan qazı Avropa bazarında ucuzlaşıb

Azərbaycan qazı. Foto: Fly Of Swallow Studio/shutterstock

Qlobal enerji bazarında fevralın sonlarından müşahidə olunan bahalaşma Azərbaycanın birinci rüb üzrə neft-qaz gəlirlərində hələ görünmür. Rəsmi rəqəmlər, əksinə, qaz ixracından əldə edilən gəlirin azaldığını göstərir. Hökumət qaz satışında diversifikasiyanı genişləndirdiyini bəyan etsə də, əsas alıcıların sayında ciddi dəyişiklik olmadığı məlum olur. Ötən ilin birinci rübündə olduğu kimi, Azərbaycan qazının əsas alıcıları Gürcüstan, Rusiya, Türkiyə, İtaliya, Yunanıstan, Serbiya və Bolqarıstan olub. Bundan əlavə, Suriya da yeni bazar kimi siyahıya qoşulub.

Azərbaycan 2026-cı ilin yanvar-mart aylarında qazın ümumi ixrac həcmini artırsa da, dəyər ifadəsində azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin rüblük bülletenində 6 milyard 257 milyon kubmetr mavi yanacağın ixrac edildiyi göstərilir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. Belə ki, ötən ilin ilk üç ayında ixrac həcmi 5,9 milyard kubmetrə yaxın olub.

Maraqlıdır ki, ixrac həcmində artım olsa da, dəyər ifadəsində ciddi azalma müşahidə olunub. Bu azalma Azərbaycan qazının qiymətinin ötən illə müqayisədə xeyli aşağı düşməsi ilə bağlıdır. Dünya bazarında neft və qaz qiymətlərində yaşanan dalğalanmalara və yüksək qiymətlərə baxmayaraq, Azərbaycan qazının rüblük orta satış qiyməti 74 dollar ucuzlaşıb. Rəsmi statistikaya görə, ötən ilin birinci rübündə 1000 kubmetr qazın orta satış qiyməti 374 dollar olubsa, cari ildə bu göstərici 301 dollara qədər aşağı düşüb. Nəticədə, daha çox mavi yanacaq ixrac edilməsinə baxmayaraq, dəyər ifadəsində 14,6 faiz az gəlir əldə olunub. Beləliklə, ötən ilin birinci rübündə qaz satışından 2,2 milyard dollar gəlir əldə olunduğu halda, bu ilin müvafiq dövründə bu göstərici 1,88 milyard dollar təşkil edib.

Qaz ixracının həcmlərinə görə Türkiyə, Gürcüstan, Yunanıstan və Bolqarıstana satışlarda əhəmiyyətli artım müşahidə olunur. Azərbaycanın sabit qaz alıcısı olan İtaliya ilə isə həm ixrac həcmi azalıb, həm də orta satış qiymətinin ən kəskin düşdüyü ölkə olub. Ötən ilin yanvar-mart aylarında İtaliyaya satılan qazın 1000 kubmetrinin dəyəri 523 dollar təşkil edirdisə, bu ilin müvafiq dövründə həmin göstərici 396,7 dollara qədər enib. Eyni qiymət azalması digər ölkələr üzrə də müşahidə olunub.

Azərbaycanın qaz bazarına yeni qoşulan Suriyaya isə 244,2 milyon kubmetr qaz ixrac edilib. Suriyaya satılan qazın orta qiyməti 334 dollar təşkil edib.

İqtisadçıların proqnozuna görə, qlobal bazardakı bahalaşmadan Azərbaycanın qazancı daha çox aprel-may aylarından sonra hiss olunmağa başlayacaq. Çünki qiymətlərin bahalaşdığı dövr üzrə bağlanan müqavilələr daha çox mart ayından sonrakı, xüsusilə aprel-may ayları üzrə aparılan sövdələşmələrə təsadüf edir. Bu baxımdan növbəyi rübdə dəyər ifadəsində artımlara rast gələ bilərik. 

2026-cı ilin ilk rübündə Rusiya və Türkmənistandan təbii qaz idxalının dayandırılması ümumi idxala da təsir göstərib. Ötən ilin ilk rübündə bu iki ölkədən 145,6 milyon kubmetr qaz idxal edildiyi halda, cari ilin yanvar-mart aylarında bu bazarı İran əvəz edib. Hesabat dövründə yalnız İrandan alınan qazın həcmi 134,4 milyon kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövründəki ümumi idxal həcmindən 7,7 faiz azdır.

İdxalda dəyər ifadəsindəki azalma həcm göstəriciləri ilə müqayisədə daha kəskin olub – 60 faiz. Əgər ötən ilin ilk rübündə idxal olunan qaza görə 22,4 milyon dollar ödəniş həyata keçirilmişdisə, bu il İrandan alınan qaz üçün cəmi 9 milyon dollar xərclənib. Buna əsas səbəb İranla daha ucuz qaz əməliyyatlarının həyata keçirilməsidir. Belə ki, cənub qonşusu ilə qaz müqavilələri svop əməliyyatları ilə bağlı olduğundan, həm idxal, həm də ixrac qiymətləri 1000 kubmetr üçün təxminən 68 dollar civarında təşkil edib.

Ana səhifəİqtisadiyyatAzərbaycan qazı Avropa bazarında ucuzlaşıb