Azərbaycan dünya üzrə mətbuat azadlığı indeksində ən pis 10 ölkə sırasındadır

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) – Foto: rsf.org

Azərbaycan dünya üzrə mətbuat azadlığı reytinqində növbəti dəfə geriləyərək 180 ölkə arasında 171-ci pillədə qərarlaşıb.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 30-da açıqladığı illik Dünya Mətbuat Azadlığı İndeksində ölkədəki vəziyyəti “çox ağır” kimi qiymətləndirib. Bu geriləmə Azərbaycanı mətbuatın ən çox məhdudlaşdırıldığı ölkələr siyahısında Rusiya(172) və Türkmənistanla (173) eyni sıralara gətirib çıxarıb. Cənubi Qafqazın digər ölkələrində də geriləmə müşahidə olunur. Ermənistan 16 pillə itirərək 50-ci, Gürcüstan isə 114-cü yerdən 135-ci yerə geriləyib.

Hesabatda qeyd olunur ki, Azərbaycanda tənqidi səslərin susdurulması, müstəqil media orqanlarına qarşı hüquqi təzyiqlər və jurnalistlərin saxta ittihamlarla kütləvi həbsi reytinqin düşməsində həlledici rol oynayıb. Xüsusilə son bir ildə araşdırmaçı jurnalistlərə qarşı irəli sürülən qaçaqmalçılıq və bənzər ittihamlar beynəlxalq ictimaiyyət tərəfindən ifadə azadlığına qarşı ciddi zərbə kimi dəyərləndirilib.

Beynəlxalq təşkilatlar və insan haqları qurumları Azərbaycan hökumətini həbsdə olan media nümayəndələrini dərhal azad etməyə və azad mətbuatın fəaliyyəti üçün şərait yaratmağa çağırır. Rəsmi Bakı isə bu tənqidləri rədd edərək, ölkədə qanunun aliliyinin və söz azadlığının tam təmin olunduğunu iddia edir.

RSF Azərbaycanın media sektorunun demək olar ki, tamamilə rəsmi nəzarət altında olduğunu vurğulayır. Hesabatda qeyd olunur ki, 2023-cü ilin sonundan etibarən müstəqil media qurumlarına (AbzasMedia, Meydan TV və Toplum TV) qarşı artan təzyiqlər və jurnalistlərin həbsi reytinqin düşməsində əsas rol oynayıb.

RSF-nin baş katibi Tibo Brüten bildirib ki, qlobal miqyasda mətbuat azadlığı son 25 ilin ən aşağı səviyyəsinə düşüb və dünya ölkələrinin yarısından çoxunda jurnalistika fəaliyyəti üçün şərait “çox ağır” və ya “çətin” kimi qiymətləndirilir.

Ana səhifəSiyasətAzərbaycan dünya üzrə mətbuat azadlığı indeksində ən pis 10 ölkə sırasındadır