Aprel ayında Azərbaycanda seçki institutunun əsas qurumlarından biri olan Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması gözlənilir. Qanuna görə, komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir və bu müddət başa çatdıqda yeni tərkib seçilir. MSK üzvləri sonuncu dəfə 2021-ci il aprelin 27-də Milli Məclisdə seçilmişdi. Bu baxımdan qarşıdakı dəyişiklik hüquqi prosedurun davamı kimi qiymətləndirilir.
Amma bu proses yalnız texniki yenilənmə kimi qəbul olunmur. Seçki institutunun fəaliyyəti ilə bağlı illərdir səslənən tənqidlər və beynəlxalq hesabatlarda yer alan iradlar fonunda MSK-nın yenilənməsi daha geniş suallar doğurur.
Əsas sual budur:
Bu dəyişiklik seçki sistemində real yeniliklərə səbəb olacaq, yoxsa mövcud model sadəcə formal şəkildə davam edəcək?
Çünki seçki institutunun legitimliyi təkcə qanunlarla müəyyən olunmur. Burada ictimai etimad, siyasi rəqabət mühiti və müstəqil nəzarət imkanları da mühüm rol oynayır. Bu baxımdan MSK-nın yenidən formalaşdırılması Azərbaycanda seçki sisteminin ümumi vəziyyətinə yenidən baxmaq üçün bir fürsət kimi də görülə bilər.
MSK-nın strukturu və balans problemi
Azərbaycan qanunvericiliyinə görə, MSK 18 üzvdən ibarətdir və onun tərkibi parlamentdəki siyasi bölgüyə əsasən formalaşdırılır. Qaydaya görə, üzvlərin üçdə biri Milli Məclisdə çoxluğu təşkil edən siyasi qüvvəni — praktik olaraq Yeni Azərbaycan Partiyasını, üçdə biri bitərəf deputatları, qalan üçdə biri isə parlamentdə azlıqda olan partiyaları təmsil etməlidir.
Kağız üzərində bu model siyasi balans yaratmağa hesablanıb. Amma praktikada bu balansın necə işlədiyi mübahisə doğurur. Xüsusilə “bitərəf deputatlar” məsələsi uzun illərdir tənqid olunur. Tənqidçilər hesab edir ki, bu deputatlar əslində hakim siyasi xəttə yaxın mövqe tuturlar və nəticədə formal balans real qərarvermədə özünü göstərmir.
Digər tərəfdən, azlıqda olan partiyaların da təsir imkanları məhdud sayılır. Bu isə komissiyada nəzərdə tutulan müxtəlif təmsilçiliyin real rəqabət mühiti yaratmaq baxımından nə dərəcədə effektiv olduğu sualını ortaya çıxarır.
Beləliklə, əsas mübahisə bundan ibarətdir:
Qanunla nəzərdə tutulan model həqiqətən siyasi plüralizmi təmin edir, yoxsa bu mexanizm praktikada real müstəqilliyə çevrilmir?
Mərkəzi Seçki Komissiyası Azərbaycanda bütün seçki proseslərinin təşkili və idarə olunmasına cavabdeh olan əsas qurumdur. Prezident, parlament və bələdiyyə seçkiləri, eləcə də referendumların keçirilməsi məhz bu institutun fəaliyyət dairəsinə daxildir. Bu baxımdan MSK-nın performansı ölkədə seçki institutunun ümumi keyfiyyətini müəyyən edən əsas indikatorlardan biri hesab olunur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə çoxsaylı ümumrespublika seçkiləri keçirilib. 1991-ci ildən bu yana:
- 5 referendum (1991, 1995, 2002, 2009, 2016)
- 8 prezident seçkisi (1991, 1992, 1993, 1998, 2003, 2008, 2013, 2018, 2024)
- 6 parlament seçkisi (1995, 2000, 2005, 2010, 2015, 2020, 2024)
- 6 bələdiyyə seçkisi (1999, 2004, 2009, 2014, 2019, 2025)
keçirilib.
Bu seçkilərin böyük hissəsi 2000-ci ildən etibarən — Məzahir Pənahov-un rəhbərliyi dövründə baş verib və məhz bu mərhələ MSK-nın institusional fəaliyyətinin əsas qiymətləndirmə bazasını təşkil edir.

Azərbaycanda seçkilərlə bağlı ciddi saxtakarlıq halları ən çox hesabatlarda tənqid olunan məqamlardandır. Məsələn, seçki məntəqələrində “seçki karuselləri” təşkil olunur – yəni bəzi şəxslər bir neçə dəfə səs verirlər. Bundan başqa, dövlət büdcəsində çalışan müəllimlər, dövlət qulluqçuları və digər əməkdaşlar səsvermədə iştirak etməyə məcbur edilirlər. Seçki məntəqələrinin rəhbərləri isə adətən məktəb direktorları və dövlət büdcəsindən maliyyələşən digər şəxslər olur ki, bu da hakimiyyətin səsverməyə birbaşa nəzarətini təmin edir. Bu praktikalar seçki prosesində obyektiv və şəffaf nəzarəti demək olar ki, mümkün etmir.
Bu dövr ərzində seçki proseslərinin təşkili texniki baxımdan daha sistemli xarakter alsa da, onların keyfiyyəti və legitimliyi ilə bağlı mübahisələr davamlı olub. Seçkilərin idarə olunması sahəsində müəyyən inzibati və texnoloji təkmilləşdirmələr həyata keçirilsə də, əsas müzakirə predmeti seçkilərin rəqabətlilik səviyyəsi və nəticələrin ictimai qəbuludur.
MSK-nın fəaliyyətinin qiymətləndirilməsi əsasən üç istiqamət üzrə aparılır: seçki prosesinin şəffaflığı, şikayət və pozuntu iddialarına baxılma mexanizmləri, eləcə də nəticələrin ictimai qəbul səviyyəsi. Rəsmi mövqeyə görə, komissiya seçkilərin qanunvericiliyə uyğun keçirilməsini təmin edir və daxil olan şikayətlər araşdırılır. Lakin müxalif siyasi qüvvələr və müstəqil müşahidəçilər bu mexanizmlərin effektivliyini tez-tez sual altına alırlar.
Beynəlxalq müşahidə missiyalarının uzun illəri əhatə edən rəyləri də bu qiymətləndirmələrə paralel şəkildə formalaşıb. Xüsusilə ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) hesabatlarında Azərbaycanda seçkilərlə bağlı oxşar tənqidlər ardıcıl şəkildə təkrarlanır.
Məsələn:
- 2005-ci il parlament seçkiləri ilə bağlı qeyd olunurdu ki, seçkilər “beynəlxalq standartlara tam cavab verməyib” və səsvermə və sayım mərhələsində ciddi pozuntular müşahidə olunub.
- 2020-ci il parlament seçkilərində “real siyasi rəqabətin və seçicilər üçün mənalı seçimin olmadığı” vurğulanıb.
- 2024-cü il parlament seçkiləri ilə bağlı isə seçkilərin “real siyasi alternativlər təqdim etmədiyi və fundamental azadlıqların məhdud olduğu mühitdə keçirildiyi” qeyd olunub
- 2024-cü il prezident seçkiləri üzrə müşahidəçilər “plüralizmin zəif olduğunu və tənqidi səslərin sıxışdırıldığını”bildiriblər.
Daha ümumi qiymətləndirmədə isə vurğulanır ki, seçkilər “effektiv təşkil olunsa da, beynəlxalq demokratik standartlara uyğunlaşdırılması üçün siyasi iradə çatışmır”.

Nəticə etibarilə, MSK-nın fəaliyyəti yalnız seçkilərin keçirilməsi ilə deyil, bu prosesin nə dərəcədə rəqabətli, şəffaf və etibarlı olması ilə ölçülür və məhz bu məqamlar ətrafında əsas mübahisələr formalaşır.
Azərbaycanda seçki institutunun vəziyyəti ilə bağlı ən geniş və sistemli qiymətləndirmələr beynəlxalq müşahidə missiyalarının hesabatlarında əksini tapır. Bu baxımdan xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyalarının rəyləri əsas istinad mənbələrindən biri hesab olunur. Son illərdə keçirilmiş seçkilərlə bağlı hesabatlarda oxşar tənqidlər mütəmadi şəkildə təkrarlanır. Bu tənqidlərə seçkiöncəsi dövrdə bərabər rəqabət mühitinin məhdudluğu, inzibati resurslardan istifadə ilə bağlı iddialar, media mühitində balansın pozulması və müxalif qüvvələrin fəaliyyət imkanlarının dar olması kimi məsələlər daxildir. Eyni zamanda seçki günü ilə bağlı müşahidələrdə prosedur pozuntuları, səsvermə və səslərin sayılması prosesində qeyri-şəffaflıq hallarının qeydə alındığı vurğulanır. 2024-cü ildə keçirilmiş parlament seçkiləri ilə bağlı ilkin müşahidələrdə də bu problemlərin bir qisminin davam etdiyi qeyd olunub. Beynəlxalq müşahidəçilər seçki qanunvericiliyində müəyyən texniki irəliləyişləri etiraf etsələr də, ümumi seçki mühitinin rəqabətlilik və inklüzivlik baxımından məhdud qaldığını bildirirlər.
Bu hesabatların diqqətçəkən tərəfi ondan ibarətdir ki, qeyd olunan problemlər ayrı‑ayrı seçki dövrlərinə xas epizodik hallar kimi deyil, daha çox sistemli və davamlı çatışmazlıqlar kimi təqdim olunur. Bu da seçki institutunun islahatı məsələsini yalnız texniki təkmilləşdirmə deyil, daha geniş institusional və siyasi transformasiya kontekstində gündəmə gətirir.
Beynəlxalq tənqidlərə qarşı hakimiyyətin reaksiyası qəti və birmənalıdır: rəsmi dairələr müşahidə missiyalarının iradlarını qəbul etmir, onları “qərəzli” və “xarici təsir motivli” kimi qiymətləndirirlər. Məsələn, 2024-cü ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərində Avropa Parlamentinin bəzi deputatları seçkiləri müşahidə etməyəcəyini açıqlamış, Avropa Parlamentindən rəsmi müşahidə missiyası dəvət olunmamışdır. Bu, həm beynəlxalq tənqidlərin qəbul olunmamasını, həm də rəsmi missiya göndərilməməsi yolu ilə kəskin reaksiyanın nümunəsi kimi qiymətləndirilir.
Digər tərəfdən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyasının müşahidə missiyası seçkilərə dəvət alaraq iştirak etsə də, hakimiyyət rəsmi bəyanatlarında onların tənqidlərini qərəzli və xarici təsir altında verilmiş kimi qiymətləndirərək qəbul etməmişdir . Bu yanaşma göstərir ki, beynəlxalq müşahidə və tənqidlər yalnız rəylər kimi qalmır, həm də rəsmi mövqedə qəbul edilməmə və bəzi hallarda qarşılıqlı kəskin reaksiyalarla müşayiət olunur.
Müstəqil müşahidəçiliyin aqibəti
Azərbaycanda müstəqil seçki müşahidəçiləri tərəfindən də seçki institutuna dair tənqid səsləri uzun illərdən bəri mövcuddur. Lakin son illərdə bu tənqidçilərə qarşı aparılan hüquqi təzyiqlər və məhkəmə prosesləri nəticəsində hazırda ölkədə müstəqil seçki müşahidəçiliyi aparan təşkilatların sədrləri və müstəqil seçki ekspertlərinin hamısı həbsdədir və ya məhkəmə qarşısındadır. Bu, seçki institutuna dair ictimai nəzarətin faktiki olaraq məhv edildiyini göstərir.
- Anar Məmmədli — Seçki Monitorinqi və Demokratiya Təhsil Mərkəzinin sədri. 2024-cü ilin aprelində həbs olunub, barəsində məhkəmə prosesi davam edir.
- Bəşir Süleymanlı — Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, 2025-ci ilin martında həbs olunub, barəsində məhkəmə prosesi davam edir.
- Məmməd Alpay (Məmmədzadə) — Seçki Müşahidə Alyansının direktoru, 2025-ci ilin martında həbs olunub, məhkəmə prosesi davam edir.
- Hafiz Həsənov — Hüquq və İnkişaf İctimai Birliyinin sədri, müvəqqəti azadlıqdadır, amma məhkəmə prosesi davam edir.
- Akif Qurbanov — Demokratik Təşəbbüslər İnstitutu, həbsdə və məhkəmə qarşısındadır.
- Ələsgər Məmmədli – müstəqil hüquqşünas, həbsdə və məhkəmə qarşısındadır.

Bu durum nəticəsində Azərbaycanda müstəqil seçki müşahidəsi və ekspertlərin fəaliyyət göstərməsi praktik olaraq mümkün deyil. Seçki prosesinə dair alternativ və obyektiv məlumat mənbələri məhdudlaşır, ictimai nəzarət zəifləyir və seçki institutunun fəaliyyətinin şəffaflığı ciddi şəkildə təhlükə altına düşür.
Beləliklə, hazırkı vəziyyət göstərir ki, seçki institutuna dair tənqid səsləri yalnız “fikri ifadə” kimi deyil, eyni zamanda hüquqi təzyiqlərlə qarşılanır, nəticədə ölkədə müstəqil monitorinq mexanizmləri faktiki olaraq dayandırılıb.
Azərbaycanda müxalifət partiyaları, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası, ölkədəki seçki institutunun fəaliyyətini tanımır və son seçkilərin nəticələrini legitim hesab etmirlər. Onların əsas mövqeləri seçkilərin tanınmaması, boykot və seçki komissiyalarının siyasi paritet prinsipi əsasında formalaşdırılması tələbidir. Müxalifət hesab edir ki, hazırkı komissiyalar yalnız hakimiyyət maraqlarına xidmət edir və ictimaiyyət üçün real nəzarət mexanizmi yaratmır. Bu yanaşma həm seçki institutunun legitimliyi, həm də ictimai etimad məsələsini gündəmə gətirir.
Yeni MSK-nın perspektivi
Azərbaycanda Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı ekspertlər düşünürlər ki, dəyişiklik ehtimalı struktur baxımından çox məhduddur. MSK-nın üzvləri parlamentdəki siyasi bölgüyə uyğun seçildiyindən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üstün mövqeyi komissiyanın tərkibinə də təsir edir. Beləliklə, MSK-nın forması köklü dəyişməzsə, seçki institutunun qərar vermə mexanizmləri və təsir imkanları da çox dəyişməyəcək.
Real islahatın təmin olunması üçün bir neçə sahədə dəyişiklik vacibdir. Əvvəla, institusional islahatlar olmalıdır: komissiyalar paritet prinsipi əsasında formalaşdırılmalı, orada əsl müstəqil üzvlər təmsil olunmalıdır. Hüquqi mexanizmlər də təkmilləşdirilməlidir: vətəndaşların şikayətləri effektiv şəkildə araşdırılmalı, pozuntulara qarşı real sanksiyalar tətbiq edilməlidir. Eyni zamanda siyasi mühitin liberallaşdırılması zəruridir – azad media, sərbəst toplaşma və real siyasi rəqabət seçki prosesinin şəffaflığını təmin edə bilər. Vətəndaş cəmiyyətinin rolu da vacibdir: müstəqil müşahidəçilərin azad fəaliyyəti və seçki ekspertlərinin qorunması təmin edilməlidir ki, ictimai nəzarət faktiki olaraq işləyə bilsin.
Yerli və beynəlxalq ekspertlərin ümumi qənaəti belədir: Azərbaycanda seçki institutunun legitimliyi ciddi problemli vəziyyətdədir və bu problemi yalnız struktur xarakterli islahatlarla həll etmək olar. Bir çox ekspertlər hesab edir ki, texniki dəyişikliklər deyil, siyasi və institusional transformasiya vacibdir. Bu, yalnız MSK-nın tərkibinin rəsmi olaraq yenilənməsi ilə yox, həm də institut üzərində real ictimai nəzarətin mümkünlüyü ilə ölçülür.
Nəticə olaraq, MSK-nın yenidən formalaşdırılması avtomatik olaraq islahat anlamına gəlmir. Əsas məsələ siyasi iradədir – müstəqil institutların mövcudluğu, ictimai nəzarətin təmin olunması və şəffaf seçki mühitinin yaradılmasıdır. Seçki institutunun legitimliyi yalnız onun necə formalaşdırıldığı ilə deyil, onun üzərində real nəzarətin mümkün olub-olmaması ilə müəyyən olunur.