Ayxan İsrafilov: “Barakda diktatura formalaşıb”

Ayxan İsrafilov. Foto: Ayxan İsrafilovun şəxsi arxivindən

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Ayxan İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəndə son aylar sosial izolyasiyaya məruz qaldığını deyir. Bu haqda Meydan TV “İşçi Masa”sından məlumat veriblər.

10 saylı cəza müəssisəsində saxlanılan məhkum Ayxan İsrafilov barakda ona qarşı sosial izolyasiya yaradıldığını bildirir.

“Mənimlə danışmağı qadağan ediblər”

Onun sözlərinə görə, barakda qeyri-rəsmi “başçı” kimi tanınan şəxs digər məhkumlara onunla ünsiyyəti kəsməyi tapşırır: “Barakdakı dustaqlara bir-bir yaxınlaşıb mənimlə ünsiyyəti kəsməyi əmr edir. Sosial izolyasiya yaratmaq istəyir”.

İsrafilov deyir ki, bu münasibət barakda işıqların bərpası üçün etdiyi şikayətdən sonra yaranıb və ona qarşı aqressiya artıb.

“Barakda diktatura formalaşıb”

Məhkumun sözlərinə görə, 10 saylı müəssisənin 6-cı dəstəsinin yataqxanasında son 1-2 ayda vəziyyət xeyli ağırlaşıb:

“Qol gücünə, təhdidlər altında insanların iradəsi sındırılır. Burada əsl diktatura formalaşıb”.

O iddia edir ki, müəssisədə nəzarət etməli olan şəxslər bu prosesə göz yumur və ya məlumatlar təhrif olunur: 

“İnformator özü ‘qoçu’ ilə birləşib, bu şəraiti yaradıblar. ‘Ağa’nın etdiyi özbaşınalıq ya ört-basdır olunur, ya da yuxarıya təhrif olunmuş formada çatdırılır”.

İsrafilov bildirir ki, mövcud şəraitdə şikayət etmək də faktiki mümkün deyil: 

“Gedib heç yerə şikayət etmək mümkün deyil. Nəticədə yenə informatoru çağırıb ondan soruşacaqlar”.

Məhkum əlavə edir ki, barakda saxlanma şəraiti də qənaətbəxş deyil:

“Səhər 10:00-dan sonra barakda işıqlar sönür, jalüzlər bağlanır. Bu qaranlıqda nə bir kitab oxumaq olar, nə də bir krossvord yazmaq”.

Onun sözlərinə görə, ümumi psixoloji mühit də ağırdır:

 “Burda özümü 30-cu illərin SSRİ-sindəki kimi hiss edirəm. Heç kəsin dilinə gətirmədiyi, amma gözlərində sezilən bir qorxu var”.

İsrafilov deyir ki, azı 3 nəfər psixoloji təzyiqə dözməyərək başqa yerə köçüb, digərləri isə yer çatışmazlığı səbəbindən qalmağa məcburdur.

“Bu, şikayət yox, xəbərdarlıqdır”

Məhkum hesab edir ki, vəziyyət gərgin olaraq qalır və fiziki qarşıdurma riski var:

“Mən heç bir diktatura ilə barışmaq niyyətində deyiləm. Əminəm ki, bu barışmazlıq fiziki konfliktə səbəb olacaq. Bu qaçılmazdır”.

Ayxan İsrafilov müraciətinin xəbərdarlıq xarakteri daşıdığını bildirir və Penitensiar Xidmət rəhbərliyini tədbir görməyə çağırır:

“Qoy rəhbərlik bilsin və lazımi addımları atsın. Məhkumların həm fiziki, həm də psixoloji təhlükəsizliyi təmin edilsin”.

Ayxan İsrafilovun dedikləri ilə bağlı aidiyyatı qurumlardan açıqlam almaq mümkün olmayıb. 

Ayxan İsrafilov 2023-cü il avqustun 11-də həbs olunub.

O, narkotik maddələrin əldə etmə, daşıma maddəsi ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Lakin o, özünü təqsirli bilmir, narkotiklə şərlənərək həbs olunduğunu deyir.  

Ayxan İsrafilov bildirib ki, işçilərin hüquqlarını müdafiə etdiyinə, tənqidi fikirlərinə və siyasi baxışlarına görə sifarişlə cəzalandırılıb.

Ana səhifəSiyasətAyxan İsrafilov: “Barakda diktatura formalaşıb”