Aydın Mirzəzadə: “Mingəçevirdə tam sakitlikdir”

“Məsələ ilə artıq Baş Prokurorluq məşğul olur”

Source:

“Məsələ ilə artıq Baş Prokurorluq məşğul olur”

Mingəçevirdən deputat seçilən Aydın Mirzəzadə polis şöbəsində intihar etdiyi deyilən Bəhruz Hacıyevlə bağlı şəhərdə baş verən etiraz aksiyasına ilk dəfə münasibət bildirib.

Millət vəkili “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, şəhərdə baş verən bütün hadisələrdən hər gün xəbər tutur və şəhər nümayəndələri ilə danışır:

“Mərhum Bəhruz Hacıyevin ölümündən sonra mən dünən dörd dəfə Mingəçevir Şəhər Polis Bölməsinin rəisi, o cümlədən Bakıdan gedən nümayəndələrlə danışmışam. Hadisənin təfsilatı, vəziyyətlə bağlı tam məlumat almışam. Eyni zamanda dünən iki dəfə mərhumun atası ilə telefon danışığım olub. Ona başsağlığı vermişəm, yas yerinə öz köməyimi göndərmişəm və onu dinləmişəm. Hacıyevin atasının qaldırdığı bir neçə məsələni Mingəçevir polisi ilə danışaraq obyektiv baxılmasını xahiş etmişəm. Dünən qərara alındı ki, hadisənin gedişatı Mingəçevir Prokurorluğundan alınaraq birbaşa Baş Prokurorluğa verilsin. Məsələ ilə artıq Baş Prokurorluq məşğul olur. Mərhumun valideynlərinin məsələnin obyektivliyinə tam şübhəsi olmasın deyə təkrar ekpertizanın keçirilməsi və  Bakıdan müstəqil ekspertin gətirilməsi ilə bağlı xahişim nəzərə alınıb”.


Şəhərdə baş tutan etiraz aksiyasına da münasibət bildirən deputat əlavə edib ki, vəziyyətlə bağlı daim məlumatlıdır:

“Bütün məsələlərə obyektiv, düzgün, şəhər əhalisinə hər hansı bir zərər toxunmadan baxılmasını yoldaşların diqqətinə çatdırmışam. Bildirmişəm ki, əsassız şəkildə şəhər əhalisindən kiminsə tutulmasının əleyhinəyəm. Öz vətəndaşlarımı axıracan qoruyacam. Bu gün şəhərdə mərhumun dəfni oldu. Dəfndən sonra bir qrup gənc şəhər polis idarəsinə qarşı irəliləyib. Onlarla söhbət ediləndən sonra qrup dağıdılıb. Şəhərdə hazırda sakitçilikdir”.


Aksiyada saxlanılanlar məsələsinə gəlincə isə…

“Hazırda Polis Şöbəsiylə bu məsələ barədə danışırdım. Sadəcə olaraq aksiyaçıların dağılması barədə onlara müraciət olunub. Dəfndən sonra yaşlılar yas mağarına gediblər. Cavanlardan bir qrup isə küçəylə şöbəyə qədər irəliləmək istəyib. Polislər sakinlərin dağılışmasını xahiş edib. Dinc nümayişə görə kiməsə inzibati cəza tətbiq edilə bilməz. İnsanlar bu hadisədən sonra böyük həyəcan içindədirlər. Mən bu məsələdə Mingəçevir əhalisinin hüquqlarının qorunmasının tərəfdarıyam. Şəhər rəhbərliyinə də bunları bildirirəm. Onlar da mənim fikrimlə razıdırlar. Hərbi birləşmələrin vəzifəsi şəhərdə sabitliyi, eyni zamanda strateji əhəmiyyətli dövlət binalarını qorumaqdır. Söhbət əhaliyə qarşı güc tətbiqindən deyil, strateji obyektlərin qorunmasından və stabilliyin təmin edilməsindən gedir. Çünki ölüm hadisəsinin araşdırılması ciddi nəzarətdədir. Dinc nümayişin içərisində provakatorlar, hadisələri başqa səmtə yönəltmək istəyənlər ola bilərdi. Ona görə də etirazçıların dağıdılması məsələhət bilindi”.


A. Mirzəzadə mərhumun döyülərək öldürülməsi ilə bağlı yayılanlara da münasibət bildirib. Qeyd edib ki, bu məsələnin hüquq-mühafizə orqanları təərfindən araşdırılmasının tərəfdarıdır:

“Çünki istənilən şərh diletant ola bilər. Çünki bu hərtərəfli araşdırma tələb edən bir məsələdir. Burada bütün hallar çox ciddi şəkildə araşdırılır. Bazar ertəsi məsələ ilə bağlı Baş Prokuror Zakir Qaralovla görüşmək, ya da telefonla danışmaq fikrindəyəm”.

Ana səhifəXəbərlərAydın Mirzəzadə: “Mingəçevirdə tam sakitlikdir”